“Böhran vəziyyətlərində jurnalistika” mövzusunda beynəlxalq təlimlərə start verilib
Digər xəbərlər

“Böhran vəziyyətlərində jurnalistika” mövzusunda beynəlxalq təlimlərə start verilib

İyulun 12-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) tərəfdaşlığı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Anadolu Agentliyi Xəbər Akademiyası və Türkiyə Radio və Televiziya Qurumunun (TRT) təşkilatçılığı ilə “Böhran vəziyyətlərində jurnalistika” mövzusunda beynəlxalq təlim proqramı işə başlayıb. İştirakçılar distant təhsil layihəsi çərçivəsində keçirilən tədbirə onlayn qoşulublar. 

AZƏRTAC xəbər verir ki, “Zoom” platforması üzərindən videokonfrans formatında keçirilən təlimdə dünyanın bir çox ölkələrinin jurnalistləri ilə yanaşı, Azərbaycanın çap, onlayn və audiovizual media subyektlərini təmsil edən 20 jurnalist iştirak edir.

Üçgünlük təlim zamanı Türkiyə Radio və Televiziya Qurumunun (TRT) mütəxəssisləri tərəfindən media nümayəndələrinə “Böhran və münaqişə bölgələrində jurnalistika”, “Dezinformasiyaya qarşı mübarizə”, “Yalan məlumatların artmasında sosial şəbəkələrin rolu”, “Jurnalistika və etika”, “Münaqişə bölgələrində humanitar hüquq və prinsiplər”, “Beynəlxalq hüququn pozulması anlayışı”, “Axtarış və xilasetmə işləri barədə məlumatlandırma”, “Fəlakətdən xilas olan ailələrinin ehtiyac duyduğu məlumatlar”, “Münaqişə mühitində jurnalistin təhlükəsizliyi və psixologiyası”, “Böhran və münaqişəli bölgələrdən xəbər çatdırmağın yolları” və digər mövzularda mühazirələr oxunacaq.

İngilis dilində təşkil olunan beynəlxalq təlim rus, ərəb, fransız və türk dillərinə sinxron tərcümə edilir.

Layihə çərçivəsində iştirakçıların qiymətləndirilməsi (iştirak 50 faiz / sual vermək və fikir bildirmək 50 faiz) həyata keçiriləcək. Təlimlərdə fərqlənən jurnalistlərə müvafiq beynəlxalq sertifikatlar təqdim olunacaq.

Təlimlərə iyulun 14-də yekun vurulacaq.

AZƏRTAC