Bir qrup imtiyazlı şəxs sanatoriya-kurort, müalicə mərkəzlərinə yola salınıb
Sosial həyat

Bir qrup imtiyazlı şəxs sanatoriya-kurort, müalicə mərkəzlərinə yola salınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən müharibə əlilləri də daxil olmaqla daha 49 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Naxçıvan Muxtar Respublikasındakı sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb. Sağlamlıq imkanları məhdud uşaqlar valideynlərindən birinin müşayiəti ilə göndəriliblər.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumatda qeyd olunur ki, agentlik tərəfindən verilmiş yollayışlar əsasında yola salınan şəxslərdən bir hissəsi xəstəliklərinə uyğun olaraq “Duzdağ” Fizioterapiya Mərkəzi və “Darıdağ” Arsenli Su Müalicəxanasında, digər hissəsi Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində bərpa-müalicəsi prosedurları keçəcəklər.

Agentlik tərəfindən 2021-ci ilin ötən dövründə ümumilikdə 863 imtiyazlı şəxs yollayışla təmin olunaraq bərpa-müalicə prosedurlarına cəlb olunublar.

Mustafa KAMAL,

“Respublika”.