Azərbaycanın Qarabağ Zəfərinin ikinci ildönümü Qırğızıstanda da qeyd edilib
Diaspora

Azərbaycanın Qarabağ Zəfərinin ikinci ildönümü Qırğızıstanda da qeyd edilib

Azərbaycanın Qırğızıstandakı səfirliyinin təşkilatçılığı ilə Bişkekdə 8 Noyabr - Zəfər Gününün ikinci ildönümü qeyd edilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə diplomatik korpusun, yerli ictimaiyyətin tanınmış nümayəndələri, o cümlədən Türkiyənin, Macarıstanın, Qazaxıstanın, Türkmənistanın səfirləri, Özbəkistanın müvəqqəti işlər vəkili, Qırğızıstanın Xarici İşlər Nazirliyinin nümayəndələri, Manas Universitetinin rektoru və müəllim heyəti, Qırğızıstan Diplomatları İctimai Birliyinin rəhbəri və nümayəndələri, Müstəqil Jurnalistlər Birliyinin sədri, "Azərbaycanın qırğız dostları klubu"nun prezidenti Assol Moldokmatova, Çingiz Aytmatov adına "İssık-Kul Forumu" Beynəlxalq İctimai Birliyinin prezidenti Askar Aytmatov, Azərbaycan diasporunun nümayəndələri, yerli mətbuatın təmsilçiləri və digər şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfir Lətif Qəndilov bildirib ki, uzun müddət işğal altında qalan torpaqlarımız Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən 44 günlük müharibə nəticəsində azad edilib. Qeyd olunub ki, xalqımızın təkidi və tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev 1994-cü ildə Bişkek protokolunu imzaladıqdan sonra ölkəmizdə dövlət quruculuğuna start verilib. Ulu Öndərin xidmətləri sayəsində dünyanın aparıcı şirkətləri ilə "Əsrin müqaviləsi" imzalanıb, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin əsası qoyulub. Qədim İpək Yolunun bərpası ilə əlaqədar 1998-ci ildə dünya əhəmiyyətli TRACEKA konfransı təşkil edilib.

Vurğulanıb ki, Ulu Öndərin gələcəyə hesablanmış planlarını Prezident İlham Əliyev uğurla həyata keçirib, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Trans-Adriatik, Trans-Anadolu neft və qaz boru kəmərləri kimi böyük enerji layihələri reallaşdırılıb, Bakı-Tbilisi-Qars dəmir yolu tikilib və ölkəmizin iqtisadiyyatına böyük həcmdə investisiya cəlb edilib. Dövlətimizin başçısı İlham Əliyev tərəfindən ölkəmizdə güclü iqtisadiyyatın inkişafı təmin olunub, müasir ordu qurulub, haqlı mövqeyimiz dünyaya çatdırılıb. Qarabağın Azərbaycanın tərkib hissəsi olmasının dünya ölkələri tərəfindən tanınması təmin edilib. Məhz görülən titanik işlər nəticəsində Azərbaycan 44 günlük müharibədə öz torpaqlarını azad etməyə müvəffəq olub.

Səfir, həmçinin Xocalı soyqırımından, 30 ildə ermənilər tərəfindən ölkəmizə qarşı törədilmiş terrordan, ərazilərimizin minalanmasından danışıb, Ermənistanın 2020-ci ilin noyabr ayında imzalanmış sənədin müddəalarını yerinə yetirmədiyinə, revanşist iddialar səsləndirdiyini iştirakçıların diqqətinə çatdırıb. Qeyd edilib ki, Qarabağ məsələsi birdəfəlik həll edilmiş, orada yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul edib yaşaya bilərlər. Azərbaycan bu məsələnin birdəfəlik həllinin tərəfdarıdır, ona görə də sülh müqaviləsini imzalamağa hazırdır.

Türkiyənin Qırğızıstandakı səfiri çıxışında ölkəsinin hər zaman müstəqilliklərini qazanmış türk dövlətlərinin yanında olduğunu, Azərbaycanın haqq işini həmişə dəstəklədiyini və bu dəstəyi daim davam etdirəcəyini diqqətə çatdırıb. Türkiyənin bölgədə davamlı sülhün tərəfdarı olduğunu vurğulayan səfir 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Sonra "Azərbaycanın qırğız dostları klubu"nun prezidenti Assol Moldokmatova klubun nümayəndələri adından Azərbaycan Prezidentinə ünvanlanmış təbrik məktubunu oxuyub.

Sonda Lətif Qəndilov Azərbaycana haqq işində dəstək verən bütün ölkələrə, xalqlara, o cümlədən qırğız xalqına təşəkkürünü bildirib və Qələbənin ikinci ildönümü ilə bağlı Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunu oxuyub.

Tədbirin keçirildiyi zalda 44 günlük müharibəyə dair fotosərgi təşkil olunub və film nümayiş etdirilib. Qonaqlara "Zəfər salnaməsi" kitabı hədiyyə olunub.

AZƏRTAC