Azərbaycanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda işgüzar səfərdədir
Digər xəbərlər

Azərbaycanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda işgüzar səfərdədir

Türkiyə Respublikasının Baş prokuroru Bekir Şahinin dəvəti ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbul şəhərində işgüzar səfərdədir.

 Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti tərəfindən İstanbulda ulu öndər Heydər Əliyevin adına park ziyarət edilib, abidəsi önünə əklil qoyularaq ümummilli liderin xatirəsi ehtiramla yad edilib.

Səfər çərçivəsində İstanbul şəhər Baş prokuroru Şaban Yılmazla ikitərəfli görüş keçirilib.

Kamran Əliyev hər iki ölkənin dövlət başçısı İlham Əliyev və Rəcəb Tayyib Ədoğanın sarsılmaz səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb. Baş prokuror Türkiyənin Bartın vilayətindəki kömür mədənində çoxsaylı insan tələfatı ilə nəticələnən partlayışla bağlı həmkarına başsağlığını ifadə edib.

Ölkəmizin nümayəndə heyətini salamlayan İstanbul şəhər Baş prokuroru tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə olduğu kimi, qardaş ölkələrimizin prokurorluq orqanları arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.

 Baş prokuror Kamran Əliyev yüksək qonaqpərvərliyə və səmimi görüşə görə minnətdarlığını ifadə edərək, Şaban Yılmazın rəhbərliyi ilə nümayəndə heyətinin 2021-ci ilin noyabrında ölkəmizə səfərinin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq, ikitərəfli qarşılıqlı fəaliyyətin səmərəliliyindən danışılıb, Türk Dövlətləri Təşkilatının Baş Prokurorluları Şurası çərçivəsində əməkdaşlığın uğurla aparıldığı vurğulanıb. İki ölkənin prokurorluq orqanları arasında ənənəvi münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

AZƏRTAC