Milli Qəhrəman
Digər xəbərlər

Milli Qəhrəman

Eldar Həsənov doğma Vətənini canından, qanından artıq sevirdi. Birinci Qarabağ müharibəsində onun yolunda özünü fəda etməklə, 29 yaşında ölümsüzlüyə qovuşub. Bu Vətən sevdalısı özü qısa ömür yaşasa da, göstərdiyi qəhrəmanlığı ilə Azərbaycan gəncliyinə örnək olan, şöhrət gətirən bir ad qoyub. Yaşasaydı, 58 yaşı tamam olacaqdı.

Eldar İsfəndiyar oğlu Həsənov 1965-ci ildə Cəlilabad rayonu, Lallar kəndində dünyaya göz açıb. 1983-cü ildə Xanəgah kənd orta məktəbini bitirib, bir ildən sonra sovet ordu sıralarına çağırılıb. Xidmət zamanı mənəvi cəhətdən yetkinliyi, yaşına uyuşmayan təmkini, sanballı davranışı ona başqa millətlər arasında dərin hörmət qazandırır. 1986-cı ildə hərbi xidmətini başa vurub, doğma kəndinə qayıdıb, bir müddət sürücü işləyib.

1988-ci ildən erməni faşistlərinin Qarabağa təcavüzü Eldarı narahat edib. 1990-cı ildə Eldar Xüsusi Təyinatlı Polis Dəstəsinə üzv yazılmaqla əlinə silah alıb Vətənin müdafiəsinə qalxıb. Dəfələrlə getdiyi kəşfiyyatdan iki-üç əsirlə geri dönüb. Vətənin azadlığı naminə hər an qurban getməyə  hazır olan igid düşmənə sarsıdıcı zərbələr vurmaqla onun kabusuna çevrilib. Məhz buna görə də E.Həsənovun başına ermənilər 50 min mükafat qoyublar. Eldar 1991-ci ildə Polis Akademiyasına daxil olub. Təhsilini başa vurub, 1994-cü ildə yenidən erməni dığalarına qarşı döyüşə yollanıb. Füzuli bölgəsində polis starşinası yüksək şəxsi rəşadət və şücaət göstərərək düşmənin xeyli canlı qüvvəsini, texnikasını məhv edib. Qəhrəmanlığı dillərdə dastana dönüb. Ermənilər igid döyüşçünü daim izləyib, məqam düşəndə öldürməyə çalışıblar. 1994-cü ilin may ayının 12-də Horadiz qəsəbəsi uğrunda ağır döyüşlər zamanı Eldar özünə xas olan igidliklə yenə də ön cərgədə vuruşub, qəfil atılan mərmi onun Vətən eşqli qəlbini əbədi olaraq susdurub. Doğma kənd qəbiristanlığında torpağa tapşırılıb.

Böyük bir millətin qürur yeri olan Eldar Həsənova Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Həmçinin qəhrəman Vətən oğlunun Cəlilabad Rayon Polis Şöbəsinin həyətində büstü qoyulub.

Zəfər ORUCOĞLU.