Azərbaycan-Qırğızıstan: İkitərəfli münasibətlərin inkişafına mühüm töhfə 
MÜSAHİBƏLƏR

Azərbaycan-Qırğızıstan: İkitərəfli münasibətlərin inkişafına mühüm töhfə 

"Azərbaycan ilə Qırğızıstan münasibətləri qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və qırğızlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa, bu xalqları dil və din eyniliyi də birləşdirir. Hazırda Qırğızıstanda 20 minə qədər azərbaycanlı yaşayır. Onlar Qırğızıstanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər".

Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə mətbuata verdiyi bəyanatda iki ölkə arasındakı nəticələrə hədəflənmiş əməkdaşlıq nəzərdə tutulandan daha tez həyata keçdiyini, Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərarın mühüm əhəmiyyət daşıdığını, yarım il öncə imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxardığını xatırlamış, effektiv əməkdaşlığın konkret nümunələrini yada salmışdır. Azərbaycanın iki peyki - "Azersky" və "Azerspace-1" Qırğız tərəfdaşlarımıza xidmətlər göstərir. Ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq səmimidir və qarşılıqlı dəstəyə əsaslanıb. Bakı və Bişkek qardaşlaşmış şəhərlərə çevriliblər. Bişkekdə ən böyük məktəblərdən biri Azərbaycan dövlətinin banisi Heydər Əliyevin adını, digər məktəb isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyacaq. Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması münasibətlərimizin perspektivliyini təmin edəcək. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa da Qırğızıstan şəhərləri ilə qardaşlaşacaq.

Qeyd olundu ki, gələn ay keçiriləcək Zirvə Görüşü bizim həmrəyliyimizin möhkəmlənməsi işində daha bir addım olacaq. Biz daim müstəqillik və milli ləyaqət yolu ilə getməkdən ötrü öz köklərimizə yaxın olmalı, öz ənənələrimizə, əcdadlarımızın vəsiyyətlərinə söykənməli və xalqlarımızın nadir mədəniyyətini qoruyub saxlamalıyıq. Artıq Azərbaycan və Qırğızıstan strateji tərəfdaşlardır. Bəyannamə uğurla həyata keçir. Birgə İnvestisiya Fondunun yaradılması barədə qərar belə amillərdən biridir. Biz münasibətlərimizi Dövlətlərarası Şuranın hamiliyi altında strukturlaşdırırıq ki, qərarların qəbul edilməsinə, o cümlədən ticari-iqtisadi fəaliyyət çərçivəsində nəzarət üçün daha çox imkanlara və daha çox dinamizmə malik olaq. Artıq hökumətlərarası komissiyanın iclası Bakıda təşkil olunub və gələn il Bişkekdə keçiriləcək. Azərbaycanda Qırğızıstanın mədəniyyət günlərinin, Qırğızıstanda Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi ölkələrimizin zəngin mədəniyyəti ilə tanış olmağa, müxtəlif səviyyələrdə daha çox, daha sıx təmaslar qurmağa imkan verəcək.

İki ölkə arasında nəqliyyat-tranzit sahəsində planlaşdırılan yeni yollar kommunikasiyalarımızı daha sıx birləşdirməyə imkan verəcək. Xəzərin bizim tərəfdə tam olaraq Avropa istehlakçılarına qədər - həm dəmir yolu, həm avtomobil yolu, həm hava yolu və bizim yük hava nəqliyyatının potensialı nəzərə alınmaqla geniş nəqliyyat infrastrukturu var. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta Dəhlizin bir hissəsi olacaq. Ələt ticarət limanının potensialı 15 milyon tondan 25 milyon tona qədər artacaqdır. Bir sözlə,  iki ölkə arasında imzalanan çoxsaylı sazişlər ikitərəfli məsələlərin səmərəli həllində, ölkələrarası münasibətlərin yaxşı məcrada gələcək inkişafında çox müsbət rol oynayacaqdır.

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı.