Azərbaycan alternativ su mənbələrindən istifadə edərək öz ehtiyaclarını ödəməyə tam hazırdır
İQTİSADİYYAT

Azərbaycan alternativ su mənbələrindən istifadə edərək öz ehtiyaclarını ödəməyə tam hazırdır

Dünyada baş verən ekoloji proseslər, iqlim dəyişmələri içməli su qıtlığının yaranmasına gətirib çıxarıb. Son illər ölkəmizdə su ehtiyatlarının yaxşılaşdırılması, alternativ mənbələrin üzə çıxarılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2012-ci ildə Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunun içməli su səviyyəsinə qədər təmizləməyə imkan verən, tərs omos membranları ilə təchiz olunmuş və yüksək texnologiyaya əsaslanan zavod inşa edilib.

İlk mərhələdə ehtiyaclar nəzərə alınaraq Salyan rayonunda yerləşən Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksində dəniz suyundan gün ərzində 1000 kubmetr şirin su istehsal etmək üçün avadanlıq quraşdırılmışdır. 2016-cı ildə zavodun gücü əlavə tikinti-quraşdırma işləri aparılmadan 2 dəfə artırılaraq 2 min kubmetrə çatdırılmışdır. Aparılan tikinti və yenidənqurma işləri nəticəsində dənizdən suyun götürülməsi üçün uzunluğu 200 metr olan damba inşa edilib. Dəniz suyu 12 kilometr məsafədən götürülür və ilkin çökməyə məruz qalmış su sonradan nasoslar vasitəsilə anbarlara vurulur. Həcmləri 500 və 200 kubmetr olan xüsusi örtüklə izolyasiya olunmuş 3 ədəd metal su çəni quraşdırılmış, həcmi 500 kubmetr olan yeraltı dəmir-beton su anbarı, həcmi 150, 500, 2 min, 20 min və 25 min kubmetr olan geotekstli membran örtüyü olan izolyasiya olunmuş su anbarı, avadanlıqların quraşdırıldığı 750 kvadratmetr bina və 120 kvadratmetr ofis binası və s. inşa edilmişdir.

Qeyd edək ki, müəssisədə istehsal olunan su içməli su göstəricilərinə tam uyğundur. Hazırda istehsal olunan suyun böyük əksəriyyəti, təqribən 90 faizi ətraf ərazilərdə salınan 700 hektara yaxın yaşıllıqların suvarılmasında, qalan hissəsi isə məişətdə istifadə edilir. Bu pilot layihə yalnız dəniz suyunun duzsuzlaşdırılması ilə kifayətlənməyib, eyni zamanda, Şirvan kollektorunun suyunun duzdan təmizlənməsini həyata keçirir. Bu çərçivədə kollektorda 2013-cü ildə birinci, 2016-cı ildə isə gün ərzində 2 min 500 kubmetr suyu duzsuzlaşdıran ikinci xətt istismara verilib. Ümumiyyətlə, Şirvan kollektoru üzərində quraşdırılan qurğular gündə 5 min kubmetr suyu içməli su həddinə kimi duzsuzlaşdırır. Gün ərzində duzsuzlaşdırılan 7 min kubmetr su 1700 hektar ərazidə yaşıllıqların suvarılmasına kifayət edir.

Onu da qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti kompleksin ərazisində qapalı şəraitdə tinglər yetişdirir. Buradakı 1 milyon 600 minə yaxın tingin suvarılmasında duzsuzlaşdırılmış sudan istifadə olunur. Dövlətimizin başçısının meşə massivlərinin yaradılması ilə bağlı tapşırıq və tövsiyələrinin icrasına mühüm töhfə olan bu layihə çərçivəsində əsasən zeytun, tut, badam, innab, nar, həmçinin müxtəlif həmişəyaşıl ağac növlərinin yetişdirilməsi həyata keçirilir. Hazırda sahələrdə 350 min ədəd zeytun, 110 min nar, 1 milyondan çox tut, 100 minə yaxın badam və başqa ting növləri yetişdirilir. Bu tinglər təhkim olunmuş ərazilərdə yeni aqrobağların və yaşıllıqların salınmasında istifadə edilir. Ehtiyac olduğu təqdirdə onlardan müəyyən edilmiş qaydalar çərçivəsində aidiyyəti üzrə istifadəçilərə əvəzsiz olaraq verilir.

Prezident İlham Əliyev 24 sentyabr 2017-ci ildə Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunun duzsuzlaşdırılması kompleksinin fəaliyyəti ilə tanış olub, ting sahələrinə baxıb. Kompleksin fəaliyyəti ilə tanış olan dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.

Hazırda salınan aqromeşə massivlərinin bir hissəsi Salyan və Qarabağ kimi arid ərazilərə düşür, burada suvarma ilə bağlı məsələlər öz həllini tapmışdır. Salyan rayonunun ərazisində istehsal olunan bu sudan 50-70 min əhalisi olan bir şəhəri içməli su ilə təmin etmək mümkündür. Bu o deməkdir ki, ehtiyac olarsa, Azərbaycan sınaqdan çıxmış texnologiyalar əsasında Xəzər dənizinin sularından və digər alternativ mənbələrdən istifadə edərək öz ehtiyaclarını ödəməyə tam hazırdır.

Kamil İSMAYILOV,

“Respublika”.