ANADOLU
Türk dünyası

ANADOLU

(6 fevral 2023-cü il saat 4:17 -də Türkiyədə baş verən zəlzələyə)

Anadolu! Anadolu!

Səndən keçir Ulu Türkün

Ata yolu! Ana yolu!

Ahılların dünya görmüş...

Cavanların dəli-dolu!

Anadolu!

***

Göymü basdı, yermi çökdü?!

Dənizlərin su yerinə

Od püskürdü, alov tökdü?

Bağrın bişdi, sinən yandı.

Necəsinin yuxusunda

Keçmiş yandı, dünən yandı.

O yanğıda ata-oğul, ana-bala,

yeddi arxa dönən yandı.

Durub sual edirəm mən:

- Axı, nədən? Axı, nədən?

Səhər hələ açılmamış

döndü dünyan?

Ulduz-ulduz söndü dünyan.

Qat-qat çökən binaların

Qəfil zərbə alan quştək

qanad çırpıb uçub düşdü.

Beşik kimi yırğalandı Yer kürəsi

İnsan daşı, daş insanı qucub düşdü.

***

Anadolu! Anadolu!

Hövlank qalxdı

yuxusundan Bolu ilə Kelibolu.

Tanrım özü hifz eləsin

Ankaranı, İstanbulu?

Anadolu! Anadolu!

***

Atan qolu boynundakı çələng kimi qırıldımı?

Anan qolu, bəyəm, səni saxlamaqdan yoruldumu?

Anadolu!

Yoxsa, sizi ahmı tutdu,

gözmü kəsdi?

Qaziantep, Malatyaya əsən külək

hardan əsdi?

Elbistanda, Adanada

daş üstündə toz-dumanlar...

Daş altında ahlar, ünlər...

Adıyaman bilsin bir gün

yaman günə qalacaqdır

yaman günlər!

Görənlərin gözü ağlar...

Duyanların qəlbi inlər...

Diyarbəkir, özünə gəl!

Samsun, Şırnaq di qalx, dikəl!

Xatay, Mardin, dağıntılar arasında

Şərə yumruq silkələyən

Bu Qəhrəmanmaraşdır, bax!

Öz adını yurd adına yaraşdır, bax!

***

Anadolu! Anadolu!

Seyr elə bir sağı-solu!

Göyalp oğlu, Kayı nəsli!

Şərəfləndir bizim əsri!

Sən Tanrıkut Türksən, axı

- haqq nəfəsli!

Mən Dənizalp-Yıva nəsli!

Dikəlməkdir sözün əsli.

Oğuz-Səlcuq, Qıpçaq-Qarlıq torunları!

Çözün, çözün sorunları!

Budur qüvvət, budur varlıq!

Birlikdədir bəxtiyarlıq!

Haqsevənə açıq olur

Haqqın yolu!

Anadolu! Anadolu!

15.02.2023

Vaqif Aslan,

AYB Şəki bölməsinin sədri.