İstanbulda Türk Dövlətləri Təşkilatının İqtisadi Əməkdaşlıq İşçi Qrupunun 14-cü Toplantısı keçirilib
Türk dünyası

İstanbulda Türk Dövlətləri Təşkilatının İqtisadi Əməkdaşlıq İşçi Qrupunun 14-cü Toplantısı keçirilib

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin və müşahidəçi ölkə rəsmilərinin iştirakı ilə  keçirilən  forumda  ölkəmizi iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev təmsil edib. Tədbirdə  TDT-yə üzv və müşahidəçi dövlətlərin azad ticarət  və iqtisadiyyat məsələləri müzakirə olunub.

Forumda çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Zəngəzur dəhlizindən bəhs edib. Nazir müavini  dəhlizin türk dövlətlərinin əməkdaşlığı və  birgə investisiyalarda iqtisadi baxımdan səmərəli olacağını diqqətə çatdırıb. O, TDT-yə üzv ölkələrin ticarət və investisiyalar, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, turizm, alternativ enerji kimi sahələrdə tərəfdaşlığı dərinləşdirməsi üçün böyük potensialın mövcud olduğunu bildirib. Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrlə Azərbaycanın son dövrlərdə nəqliyyat-tranzit, investisiya, rəqəmsallaşma və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi təşəbbüslərinin  artdığını vurğulayıb: "Bu baxımdan, Türk İnvestisiya Fondunun, Türk Ticarət Evinin yaradılması, ticarət prosedurlarının asanlaşdırılması, rəqəmsal ticarət, ölkələrimizin azad iqtisadi və sənaye zonaları arasında əməkdaşlıq platformasının formalaşdırılması iqtisadi əlaqələrin genişləndirilməsində önəmli təşəbbüsdür". 

Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Azərbaycan,  Türkiyə İş Fondunun aktiv fəaliyyəti üçün vahid inkişaf bankının yaradılmasını təklif edib. Vurğulayıb ki, bu məsələdə Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı, Qaradəniz Ticarət və İnkişaf Bankından nümunə götürərək, onların təcrübəsindən yararlana bilərik.  O, türk dövlətləri arasında ticarət dövriyyəsinin artırılmasında Azərbaycanın rolundan da bəhs edib.

"Qarşıdakı dövrdə Türk Dövlətləri Təşkilatı daxilində ticarət əlaqələrinin inkişafı əsas prioritetimizdir". Bu fikri Türkiyənin ticarət naziri Ömer Bolat çıxışı zamanı deyib. O bildirib ki, bunun üçün daha yaxşı imkanlar yaranıb. Nazir, həmçinin TDT daxilində ticarət əlaqələrinin inkişafında Orta Dəhlizin rolunu xüsusi qeyd edib.

Forumda, həmçinin TDT-nin Ticarətin Asanlaşdırılması Komitəsinin 2023-2024-cü illər üçün Fəaliyyət Planının yekunlaşdırılması, təşkilata üzv ölkələr arasında "Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi" layihəsinin qəbulu, "Türk Ticarət Evləri" layihəsinin həyata keçirilməsi, Qazaxıstanın Türküstan vilayətində Turan Xüsusi İqtisadi Zonasının - ''TURANSEZ''in yaradılmasına dair konseptual sənədin təsdiqi və gələcək birgə fəaliyyətə dair digər məsələlər də müzakirə olunub. Sonra  İİTKM-in TDT ilə birgə hazırladığı "Türk Dövlətləri İqtisadiyyatı" kitabının ilkin təqdimatı keçirilib. Tədbirdən sonra birgə bəyanat imzalanıb. Bəyanatda TDT-yə üzv və müşahidəçi ölkələr arasında əməkdaşlığın inkişafına dair məsələlər yer alıb.

Onu da qeyd edək ki, forum çərçivəsində  ölkəmizin Türkiyə ilə iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi məqsədilə  İstanbulda  Azərbaycanın Ticarət Nümayəndəliyinin açılışı olub.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.