“Akkuyu” AES-in beynəlxalq standartlara uyğunluğu təsdiqlənib
Türk dünyası

“Akkuyu” AES-in beynəlxalq standartlara uyğunluğu təsdiqlənib

Son illər iqtisadi, siyasi və hərbi sahədə ciddi uğurlara imza atan Türkiyə bu gün dünyada söz sahibi olan dövlətlər sırasında yer tutur. 17 il əvvəlki ilə bugünkü Türkiyə hərbi, iqtisadi və siyasi baxımdan ciddi şəkildə fərqlənir. Türkiyə öz maraqlarından çıxış edərək istənilən dövlətlə, təşkilatla münasibətlər qurur, irimiqyaslı layihələrə imza atır. Belə layihələrdən biri də Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayın 12-də imzalanmış əməkdaşlıq haqqında hökumətlərarası sazişə əsasən icra edilən ilk "Akkuyu" Atom Elektrik Stansiyası layihəsidir.

Stansiya Türkiyənin Mersin vilayətinin Büyükeceli bölgəsində tikilib. Tikinti işləri başa çatdıqdan sonra 27 aprel 2023-cü il tarixində yanacaq çubuqlarının elektrik stansiyasına daxil edilməsi ilə obyekt nüvə stansiyasına çevrilib. ''Akkuyu'' AES Rusiya istehsalı olan "3+" nəsil VVER reaktorları olan dörd enerji blokundan ibarətdir. Hər bir enerji blokunun gücü 1,2 min MVt-dır. 2018-ci ilin aprel ayında birinci, 2020-ci ilin iyun ayında ikinci, 2021-ci ilin mart ayında üçüncü, 2022-ci ilin iyun ayında isə sonuncu reaktorun təməli qoyulub. AES istismara verildikdən və tam gücünə çatdıqdan sonra burada ildə təxminən 35 milyard kilovatt-saata yaxın elektrik enerjisi istehsal ediləcək. ''Akkuyu'' Atom Elektrik Stansiyası Türkiyənin enerji istehlakının 10 faizini ödəyəcək. Stansiyasının 2026-cı ildə tam şəkildə fəaliyyətə başlaması nəzərdə tutulur.

Beləliklə, mühüm Türkiyə nüvə texnologiyasına malik ölkələrdən biri olmaq üçün addımlar atdı. ''Akkuyu'' Atom Elektrik Stansiyasının ilk reaktorunun bu ilin oktyabr ayında istifadəyə veriləcəyi bildirilir.

Ancaq "Akkuyu" Atom Elektrik Stansiyası Türkiyə üçün ilk olsa da, yeganə nüvə obyekti olmayacaq. Qısa müddətdə biri Sinopda, digəri isə Trakyada iki yeni nüvə obyektinin təməlinin qoyulması gündəlikdə dayanır.

Qeyd edək ki, Atom Elektrik Stansiyaları istixana qazı buraxmır. Bu səbəbdən qlobal miqyasda nüvə reaktorlarının sayının artırılması ilə istixana qazı emissiyalarının hər il cəmi 17 faiz azaldılması mümkün olacaq.

Bu günlərdə ''Akkuyu'' Atom Elektrik Stansiyasına Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) sertifikatları təqdim olunub. İSO sertifikatları Türkiyə Respublikasının Nüvə Tənzimləmə Təşkilatı və ROSATOM tərəfindən məcburi sayılır. Sertifikatlaşdırma auditi zamanı şirkətin fəaliyyəti və "Akkuyu" AES-in layihələndirilməsi, tikintisi, quraşdırılması və istismara verilməsi mərhələlərində inteqrasiya olunmuş idarəetmə sisteminin bütün prosesləri sınaqdan keçirilib. Auditorlar 250-yə yaxın sənədi araşdırıb və ''Akkuyu'' NÜKLEER A.Ş.-nin 70 menecer və əməkdaşı ilə müsahibə aparıblar. Sertifikatlaşdırma orqanının nümayəndələri yoxlama nəticəsində hər hansı uyğunsuzluq və ya çatışmazlıq aşkar etməyiblər.

İSO beynəlxalq standartlarının tələblərinə uyğunluq sertifikatlarının verilməsi ilə bağlı keçirilən mərasimdə çıxış edən "Akkuyu" NÜKLEER A.Ş-nin Baş direktorunun birinci müavini və Nüvə Elektrik Stansiyasının (NGS) tikinti işləri üzrə direktoru Sergey Butçik bildirib ki, illik yoxlamaların müsbət nəticələrindən asılı olaraq şirkətə 2026-cı ilə qədər etibarlılıq müddətilə uyğunluq sertifikatları verilib. Bu, o deməkdir ki, biz işimizi inkişaf etdirməyə davam edəcəyik və davamlı təkmilləşməyə çalışacağıq. O, həmçinin əlavə edib: "Şirkətimiz 2020-ci ildə sertifikatlaşdırma prosedurundan keçib. İnteqrasiya edilmiş idarəetmə sistemimizin İSO beynəlxalq standartlarının tələblərinə uyğunluğu təsdiqlənib. Sertifikatlaşdırma ROSATOM-un "Türkiyə Respublikasının nüvə infrastrukturunun "Akkuyu" AES-in tikintisi layihəsinin maraqlarına uyğun təkmilləşdirilməsi planı" çərçivəsində 2023-cü il üçün strateji əhəmiyyət kəsb edən bir öhdəlik idi və biz bunu uğurla yerinə yetirdik''.

Audit qrupunun sədri Leonid Dvorkin də auditin bir neçə mərhələdə aparıldığını qeyd edərək deyib: "Birinci mərhələdə biz şirkətin müxtəlif sahələr üzrə fəaliyyətinin ümumi qiymətləndirilməsini apardıq. İkinci, daha əhatəli mərhələyə işçilərlə müsahibənin keçirilməsi, beynəlxalq standartların tələblərinə uyğunluğunu təsdiq edən sənədlərin yoxlanılması və əməkdaşların işinin monitorinqi daxildir. Yəni biz faktiki olaraq əməkdaşların praktiki işi ilə beynəlxalq standartlarda və şirkət sənədlərində göstərilən tələblərə uyğunluğunu yoxladıq. Oxşar auditlər hər il həyata keçiriləcək və şirkət daxilində proseslərin davamlı olaraq təkmilləşdirilməsinə imkan verəcək".

Onu da qeyd edək ki, Türkiyədə tikilməkdə olan "Akkuyu" Atom Elektrik Stansiyasının ilk reaktorunun 2024-cü ilin sonunadək işə salınması gözlənilir.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.