“Ağ qızıl” istehsalına maraq ildən-ilə artır
Region

“Ağ qızıl” istehsalına maraq ildən-ilə artır

Saatlı rayonundakı “Agro-Az” MMC pambıq yığımını mütəşəkkil təşkil edib

Saatlı rayonundakı “Agro-Az” MMC adlanan pambıq emalı zavodu  “ağ qızıl” istehsalında davamlı müvəffəqiyyətlər əldə edir. Bu il də tarlalarda bol məhsul yetişdirilmişdir. Pandemiyanın hökm sürdüyü, su qıtlığının yarandığı nisbətən çətin dövrdə “ağ qızıl” ustaları ruhdan düşməyib aqrotexniki qaydada becərmə aparmışlar. Artıq bir neçə gündür ki, fermerlər mütəşəkkil şəkildə yığıma başlamışlar. Zavodun direktoru Yaşar Hüseynov kollektivin bol məhsulu vaxtında, itkisiz toplamaq əzmində olduğunu bildirdi:

-Pambıqçılıq bu yerlərdə dədə-baba peşəsi hesab olunur. Dövlət başçımız cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə ölkədə aqrar sahənin, onun vacib qolu olan pambıqçılığın inkişafı son illərdə sözün əsl mənasında prioritet məsələyə çevrilib. Ölkə rəhbərinin qərar və göstərişlərindən ruhlanan “Agro-Az” MMC kollektivi fəaliyyət dairəsini genişləndirir,  öz zəngin təcrübəsi sayəsində qiymətli məhsulun istehsalını ilbəil artırır. Hazırda “Agro-Az” MMC fermerlər arasında nüfuz sahibidir, nəinki Saatlıda, hətta ətraf rayonlarda əsl təcrübə məktəbinə çevrilib. “Agro-Az” MMC yeni yığım mövsümünü tarlaların bol məhsulu ilə qarşılayıb. Əvvəlcə onu deyim ki, istehsal edib dünya bazarlarına çıxardığımız məhsulun satışından dövlətimizin büdcəsinə hər il xeyli  vəsait daxil olur. Bu fakt ölkə Prezidenti cənab İlham Əliyevin iqtisadiyyatımızın inkişafına göstərdiyi düzgün istiqamətin bariz nümunəsidir. Əlbəttə, getdiyin yol işıqlı, uğrunda çalışdığın məqsəd aydın olanda, sonsuz həvəslə, deyərdim ki, iki-üç qat ruh yüksəkliyi ilə işləyirsən. Bu il 5000 hektar sahədə pambıq əkmişik. Əkin sahələrinin 4500 hektarı  Saatlı, 500 hektarı Sabirabad rayonu ərazisindədir. 1350 nəfər fermerlə müqavilə bağlamışıq.  Məhsulun becərilməsi, bütün aqrotexniki tələblərə əməl olunması daima  MMC-nin diqqət mərkəzindədir. Bu məqsədlə  fermerlərə avans olaraq bugünkü günə kimi 3 milyon 222 min manat nağd pul vermişik. Sahələrdə bol məhsul var. Yığıma mütəşəkkil başlamışıq. Zavod və məntəqələr məhsulun qəbuluna tam hazır vəziyyətdədir. Pambığın sahələrdən daşınması, işçilərə nəqliyyat xidməti göstərilməsi üçün 35 ədəd nəqliyyat traktoru, 50 ədəd qoşqu, 2 ədəd pambıqyükləyicisi, 2 ədəd  “Kam-az” yük maşını fermerlərin ixtiyarındadır. Məhsulun yarısını Amerika istehsalı olan 17 ədəd pambıqyığan maşınla toplamağı nəzərdə tutmuşuq. Ayrı-ayrı briqadalar əllə məhsul yığan işçiləri yığıma cəlb edib. Bu günə kimi tarlalardan 3 min ton məhsul yığılıb.

Bu ildən pambığın alış qiymətinin hər tona 50 manat artırılması “ağ qızıl” istehsalına olan marağı daha da artırmışdır. Pambıqçılığın inkişafına göstərilən qayğı və diqqət keçmişdən bu qiymətli bitkinin əkilib-becərilməsi ilə məşğul olan insanlara iş yeri tapmaqda yeni meydan açdı. Təkcə bizim zavodda  hazırda 220 nəfər Saatlı sakini daimi işlə təmin olunub. Yığım dövründə isə daha 100 nəfər mövsümi işə cəlb ediləcək.

“Ağ qızıl” toplanışı davam edir. Məhsulu tez, itkisiz yığmaq üçün bütün imkanlardan istifadə edirik.

                              Tofiq HÜSEYN,

                             “Respublika”.