GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

MƏLİHƏ ƏZİZPUR

1979-cu ildə Əhər şəhərində doğulub. Sonralar ailəsi Təbrizdə məskunlaşdığından burada boya-başa çatıb. İbtidai və orta məktəbi də elə Təbrizdə bitirib. 2002-ci ildə Təbriz Universitetinin Psixologiya fakültəsindən məzun olub. Daha çox oxumaq və yeni-yeni sahələrdə özünü sınamaq, xalqına daha çox faydalı olmaq amacıyla qəzetçilik - jurnalistika məktəbində də dərs almağa başlayıb. Bundan sonra, Təbrizdə ayrı-ayrı qəzet və dərgilərlə əməkdaşlıq edib, bir sıra maraqlı mövzularda yazdığı dərin məzmunlu məqalələrlə oxucuların diqqətini çəkib və rəğbətini qazanıb.

"Yağmur", "Dəmir sevgi", "Ağ gecə", "14 qələm bəzənmiş Ay", "Su pıçıltısı", "Yasaq duyğular", "Göy gözlü Tanrı" və "Mənə bir küçə bağışla" kimi Təbriz və Bakıda çap olmuş türkcə şeir kitablarının müəllifidir.

 

Əlbəttə ki, zaman, tərsə geyib başmağını.

Yoxsa, duyardınız

Qurdumuzun səsi necə uzanır

Altaylardan Balkanlara...

Görərdiniz, qartallarımız necə aslan avlayır!

Göllərimiz, necə nəhəng yaşadır bağrında...

Görərdiniz,

Atlarımız, hələ də dənizdən çıxır

Bizim, ulu Tüküstan çölündə - at belində

Qızıl səhifələrimiz artırmağımız üçün

Qoca tarix kitabına...

Başa düşürük

Bic fəlsəfəniz, ölümdən süd əmir...

Bu bizik!

TÜRK oğlu TÜRK!

Oğuz xaqan, Alp ər tunqa, Tomris,

Atila, Babək, Atatürk!..

 

ALIŞIQ MƏHƏMMƏDİBADİ-QARAXANLI

1979-cu ildə Təbrizdə dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra əsgəri xidmətdə olub. Kiçik yaşlarından Aşıq Əli İbadinin tövsiyəsi ilə ana dilini öyrənməyə, doğma türkcədə şeirlər yazmağa başlayıb. Alışığın ilk şeiri 1994-cü ildə çap olunub. Şair deyir ki, mən o zamanlar dilimizi, ədəbiyyatımızı öyrənərkən ədəbiyyatımızın parlaq ulduzları Əli Daşqın, diktor Yəhya Şeyda kimi ustadlarla tanış oldum və bundan son dərəcə təsirləndim. Alışığın şeirləri bir çox mətbu orqanlarında çap olunmuş, oxucuların dərin rəğbətini qazanmışdır. Bu gün Alışığın heca vəznində, oxunaqlı, ahəngdar səslənən şeirləri el məclislərində, toy-düyündə aşıqların dilindən düşmür, xalqın məhəbbətini qazanır.

 

Oğlum

Sürüdən ayrılıb azan qoyunu,

Qurdlar parçalayıb, bil yeyər, oğlum.

Taleyinin quşun əldən uçurdan,

Döyər təpəsinə, dərd yeyər, oğlum.

***

Oğurluq mal dağda olsa talanar,

Pak insan pir olar, duz tək yalanar,

Namərd boyun bəslər, arsız dolanar,

Dərdin xınabasın mərd yeyər, oğlum.

***

Alışıq tək alış, sönsən qəmin yol!

Bilmədiyin işə qoymaginən qol!

Sən öz kölgəndən də ehtiyatlı ol!

Ağacı içindən qurd yeyər oğlum.

 

Urmu-Türkün ilk beşiyi - sevgi ocağı

Urmiyanın və Urmu gölü hadisələrinin Güney Azərbaycan ədəbiyyatında bədii təcəssümü...

 

(əvvəli 2, 3, 4, 5, 7, 8 və 9 fevral tarixli saylarımızda)

Onun təsvirində bu tarixi məkanın keçmiş günləri o qədər cazibədar, çəkici canlandırılıb ki!.. Bu insanın ruhunu yerindən oynadan təsvirdə "bir vaxtlar Filaminqo simgəli, sular şəhəri olan, sularında pəxlənlər-qızılqazlar oynaşan, dağlarında qaynarca qaynaşan, qağayılar fışqıran, çaylarında üzüşən balıqlarının tiringəsi balıqçılarını tutan Urmiyanın bulaqlarından su götürməyə gələrdi elin qız-gəlini... Sudan gələn sürməli qızlar "Dəryada dəryalıqlar" şərqisini oxuyar, başlarından ləçəkləri düşəndə isə dəliqanlı oğlanlar, bığıburma cavanlar yerdən götürüb salardı onların boynuna... Sürüləri mələşər, kəlləri güləşər, naxır-naxır inəklərinin yelinləri yerə dəyərdi bu qutsal məkanın... Qiyaslamadan sonsuz kədər yaşayan həssas şairin Gölə ünvanladığı sualların çəkisi çox ağırdır:

Axırların niyə belə, balam, axı sənin balaların niyə belə?

Kimin toyuğuna daş atmışdın çalıb aldılar qapını...

Oğulların oğurlandılar necə

Gecəyəmi düşdü kimsə görmədi?

Necə görməz oldu piyalə gözlər?

Gözəllərinə nə göz dəydi?

Nə gəldi balıqqulaqlarına bulaqlarının ətəyindən?

Hanı çərşənbə surlarındakı geri sayım

Su çərşənbələrindəki buz tərli bardaqların

Bərəkət buğdası göyü düyünləyən nişanlı dırnaqlar

Gəlin barmaqları?

Nə toy tutuldu böyük toylarının başına və

Analıq qüruruyla dolu göbəklər nədən gizləndi?

Nədən nə zaman and içildi nənnidə ninniləri boğmağa

Boğmağı kim öyrətdi?

Kim ağıl çalma yerinə nağıl çalmaq öyrətdi?

"Göl şairi" olacaqdı İsmayıl Ülkər, canı qədər sevdiyi Urmu gölünə söy söyləyəcək, boy boylayacaqdı Dədəm Qorqud kimi, sahilində bir oğlanla bir qızın, bir Qırğız, bir Özbək və bir də Türkmən igidinin toyunu tutacaqdı. Yallı gedəcəkdi əl-ələ tutan qızlarla oğlanlar, özü isə şamanlıq edəcəkdi bu qocaman toyda… Göy gölü, Van gölünü Urmu gəlinciyi ilə dolandıracaqdı Xəzər dənizinin - dünyanın ən böyük gölünün başından… Amma heyhat!.. Şairin qutsal arzuları gerçəkləşmədən beşiyindəcə boğuldu, uşaqlarının nağılları çalındı, qarı nənəsinin çörək tikələrini qara qarğa yeyib aşırdı, doğma el-obasından qovuldu, yad ellərsə obasında bardaş qurdu, "Cırtdan"ını xortdan qorxutdu, kəkliklərini bayquş oxutdu... Keçmiş günlərdəki gözəlliklərin yerini duz dağı aldı, ümidlər, arzular pərən-pərən düşdü, quruyan Urmu ilə birlikdə göylərin sonsuzluğuna doğru yol aldı…

İsmayıl bəyin yana-yana yazdıqları yenə də tarixin yaddaşını vərəqləmək ehtiyacı doğurdu... Mənbələrin göstərdiyinə görə, 624-626-cı illərdə Bizans imperatoru İrakli tərəfindən zəbt edilərək qarət olunan Urmiya eramızın VIII əsrində Şərqin, eləcə də Azərbaycanın ən böyük və ən məşhur şəhərlərindən biri olub. Şəhəri məhz bu qarət və hücumlardan qorumaq, düşmən istilalarından müdafiə etmək məqsədilə qala divarlarının ətrafında yerli əhali, qədim Azərbaycan türkləri on min addım uzunluğunda dərin xəndək qazıblar. Təbii, hələ VII-VIII əsrlərdə 10 kilometr uzunluğa malik şəhərin böyüklüyünü və qədimliyini gözlərimiz önünə gətirən bu xəndəklərin izləri bu gün də qalmaqdadır.

Qəsbkarların zaman-zaman etdikləri hücumların və qarətlərin acı nəticəsidir ki, başıbəlalı qoca Təbrizdə olduğu kimi, Urmiya ərazisindən tapılan qiymətli maddi mədəniyyət nümunələrinin çoxu hazırda ABŞ, İngiltərə, Fransa və Almaniya, həmçinin İranın dövlət muzeylərində saxlanılır. 

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.