Ecazkar və füsunkar: TƏBİİ SƏRVƏTLƏRİMİZ
Ekologiya

Ecazkar və füsunkar: TƏBİİ SƏRVƏTLƏRİMİZ

Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur və davamlı tədbirlər həyata keçirilir. Park və qoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla park və qoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.

Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Dövlət təbiət qoruğu mövcud təbiət kompleksləri qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir.

Dövlət təbiət yasaqlığı təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün əhəmiyyət daşıyan sahəsidir.

Milli Parkın yaradılmasında məqsəd ərazidə müxtəlif növ heyvanların qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora və faunasına görə fərqlənir və maraq doğurur.

Qəzetimizin bu sayında Təbiət yasaqlıqları seriyasından “Arpaçay” Dövlət Təbiət Yasaqlığı haqqında yazını dərc edirik.

"Respublika".

 

"Arpaçay" Dövlət Təbiət Yasaqlığı

Azərbaycanın ümumi ərazisinin 27 faizini xüsusi mühafizə olunan təbiət əraziləri təşkil edir. Halbuki inkişaf etmiş ölkələrdə bu göstərici 10-12 faizdir. Naxçıvan Muxtar Respublikasında xüsusi mühafizə olunan təbiət ərazilərinin geniş şəbəkəsi var. Onlardan biri də "Arpaçay" Dövlət Təbiət Yasaqlığıdır.

Şərur, Kəngərli, Babək və Şahbuz rayonlarının ərazilərində "Arpaçay" Dövlət Təbiət Yasaqlığının yaradılması ekologiya sahəsində müəyyən olunmuş strateji xəttin ardıcıl şəkildə davamının məntiqi nəticəsidir. Ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nadir və nəsli kəsilmək təhlükəsində olan bitki və heyvan növlərinin, mədəniyyət və tarixi-memarlıq abidələrinin qorunub saxlanılması məqsədini daşıyır. Yasaqlığın "Arpaçay" adlandırılması heç də təsadüfi deyil. Bu ad Naxçıvanın qədim çaylarından biri, Arazın sol qolu olan Arpaçayın adı ilə bağlıdır. Uzunluğu 126 kilometr olan bu çayın mənbəyi Sarıbulaq silsiləsinin yamaclarından başlanır və yeraltı sular, qar və qismən yağış suları ilə qidalanır.

Qeyd edək ki, Şərur, Kəngərli, Babək, Şahbuz əraziləri bütövlükdə, çox zəngin bitki örtüyünə, faunaya malikdir. Burada 5 iqlim tipi, 2 min 835 ali bitki növü yayılıb. Bu da Azərbaycan ərazisində yayılan ali bitki növlərinin 63 faizi qədərdir. Onların arasında nadir ağac və kollar da çoxluq təşkil edir. "Arpaçay" Dövlət Təbiət Yasaqlığının ərazisində əsrlərdən bəri xalq tərəfindən qorunub saxlanılan, nəsildən-nəslə yadigar qalan çoxlu nəhəng Şərq çinarları, narbənd, püstə, innab, çəkil, yunan qozu, müxtəlif şaftalı növləri vardır. Onu da qeyd edək ki, ulu babalarımızın yadigarı olan isti və quraq iqlimi, şoran torpaqları sevən, xüsusi dekorativ görünüşə malik Naxçıvanın nadir narbənd ağacının quruyub tələf olmasının və nəslinin kəsilməsinin qarşısını almaq üçün həmin ağac respublikamızın "Qırmızı kitab"ına daxil edilib.

Naxçıvan heyvanat aləminə görə, Azərbaycanın bir çox regionlarından kəskin surətdə fərqlənir və heyvanların miqdarı bütün qruplar üzrə Azərbaycan faunasının 60-70 faizini təşkil edir. Belə nadir fauna nümunələri Arpaçay ərazisində də məskən salıb. Dövlətimizin məqsədyönlü şəkildə atdığı bu addım, yəni "Arpaçay" Dövlət Təbiət Yasaqlığının yaradılması bu heyvanat aləminin qorunmasına və daha da zənginləşməsinə şərait yaradıb. Bütövlükdə, Naxçıvanı, o cümlədən "Arpaçay" Yasaqlığını endemik və yeni növlər məskəni adlandırmaq olar. "Arpaçay" Dövlət Təbiət Yasaqlığı yarandığı vaxtdan bəri ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın, nadir, endemik və nəsli kəsilmək təhlükəsi olan gözəl dazıotu, qurdqulağı, süsən, ağıpiyli ardıc, akaka soğanı, təkdənli buğda, gövdəsiz yumaqotu, çılpaq dorema, zümrüdçiçəyi, ələyəz, Cənubi Qafqaz canavargiləsi kimi flora növlərinin, bəbir, safsar, bezoar keçisi, Cənubi Qafqaz muflonu, daşlıq dələsi, oxlu kirpi, Aralıq dənizi tısbağası, saqqallı qartal, Alp torağayı, qonur ayı, vaşaq kimi fauna növlərinin, həmçinin Oğlanqala, Qazma mağarası, Havuş piri, Axura nekropolu, Qaradaş ocağı, Qarasu qalası və sair kimi tarixi mədəniyyət, arxeoloji və memarlıq abidələrinin qorunub saxlanılması məqsədilə çox işlər görülüb.

Ümumiyyətlə, "Arpaçay" Dövlət Təbiət Yasaqlığının yaradılması ekoloji tarazlığın, təbiətin qorunmasına xüsusi önəm verildiyini bir daha təsdiqləyir. Bu gün yasaqlıqda ən vacib vəzifələrdən biri də bu ərazidəki heyvanat aləminin həyatının təmin edilməsidir. Heyvanat aləminin kompleks məskunlaşdığı ərazilərdə, yeni salınmış yaşıllıq zolaqlarında və digər ehtiyac duyulan təbiət ərazilərində biotexniki tədbirlər həyata keçirilir.

Əli SADIQOV,

"Respublika".