Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Xoşbəxtlik ömrü qısaldır, yoxsa uzadır?

Deyirlər  xoşbəxt insanlar daha çox, bədbəxtlər isə daha az yaşayırlar. Lakin amerikalı alimlər 10 il ərzində 1 milyona yaxın insan  üzərində apardıqları araşdırmada, məşhur inancın əksinə olaraq bədbəxtliyin və stressin ölüm riskini artırmadığını ortaya çıxarıblar. Amma ingiltərəli elm adamları isə xoşbəxtliyin zərərli  tərəflərinin olduğunu söyləyirlər...

Əvvəlki araşdırmalara görə, bədbəxtliyin insan sağlamlığına, xüsusən də ürəyə mənfi təsir etdiyi və ya xərçəngə səbəb olduğu düşünülürdü.

"Xəstəlik insanı bədbəxt edir, lakin bədbəxtlik insanı xəstə etmir. Son 10 ildə biz bədbəxtliklə stress və ölüm arasında birbaşa əlaqə tapmamışıq", -  deyə tədqiqatçı doktor Bette Liu qeyd edib.

Oksford Universitetindən professor Richard Peto isə  araşdırma zamanı az siqaret çəkənlərin vaxtından əvvəl ölmə ehtimalının iki dəfə, çox çəkənlərin isə üç dəfə daha çox olduğunu aşkar etdiklərini deyir. Lakin onun sözlərinə görə bu bədbəxtliyin ölüm riski ilə birbaşa əlaqəli olduğu anlamına gəlmir. Digər tərəfdən isə professor qəmgin insanların  həddindən artıq spirt istehlak etməsi və ya çox yemək yeməsi səbəbindən bədbəxtliyin dolayısı ilə ölüm riskinə təsir edə biləcəyini də deyir.

İngiltərəli alimlər isə xoşbəxtliyin, həmçinin ona nail olmaq cəhdlərinin insan psixikasına mənfi təsir göstərə, hətta ömrü qısalda biləcəyini söyləyir.

Elm adamlarının araşdırmaları göstərir ki, uşaqlıqda xoşbəxt və qayğısız yaşamış şəxslərin ömrü daha qısa olur.

"Özünü çox xoşbəxt hiss edən şəxs sanki bihuş olur, onlar hər şeyə daha laqeyd yanaşır və risk etməyə meyil edirlər. Məhz bu risklər sonda xoşagəlməzliklərə yol açır", - deyə araşdırma rəhbəri professor Manuel Tomas qeyd edib.

Sizcə necə, xoşbəxtlik ömrü qısaldır, yoxsa uzadır?

 

Göy cisimlərinin sahibi kimdir?

Artıq elə bir dövrdə yaşayırıq ki, vaxtilə elmi fantastik filmlərdə kosmosla bağlı gördüyümüz səhnələr reallığa çevrilir. Bu gün Ayı, Marsı  koloniyalaşdırmağa həmişəkindən daha yaxınıq. Heç düşünmüsünüzmü əgər belə bir şey  baş verərsə, Ay, Mars kimi göy cisimlərinin  sahibi kim olacaq? 

Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) və Avropa Kosmik Agentliyi (ESA) 2030-cu ilin sonuna kimi  Artemis proqramı çərçivəsində Ayda baza düşərgəsi və  bir çox tədqiqat mərkəzi  qurmağı hədəfləyir. Çinin Milli Kosmik İdarəsi və Rusiyanın Federal Kosmik Agentliyi Roskosmosda sözügedən tarixə qədər öz Ay bazalarını qurmağı planlaşdırır.

Bildiyiniz kimi, hazırda Ayda iki ölkənin bayraqları dalğalanır. Biri ABŞ, digəri isə Çinə məxsus  olan bu bayraqlar planetimizin peykinə sancılmış olsa da, əslində bu, onların Aya sahib olduqları anlamına gəlmir. Çünki kosmosun da öz qanunları var. Belə ki, həmin qanunlara görə, heç bir dövlət səma cisimlərinin mülkiyyət hüququna sahib ola bilməz. Amma bununla belə,  bütün insanlar həmin məkanlardan  pulsuz istifadə edə bilər. Lakin qanunda bəzi boşluqlar var ki,  müəyyən şərtlər altında  mülkiyyət hüquqlarına və mədənçilik kimi fəaliyyətlərə imkan verir.

ESA-nın beynəlxalq ictimai hüquq şöbəsinin müdiri Alexander Soucekə görə, millətlərin və ya şirkətlərin Ay, Mars və ya digər göy cisimlərinə  sahib olması mümkün deyil.

"Hər  bir millət Aya bayraq sanca bilər, lakin bu həmin dövlətə heç bir mülkiyyət hüququ vermir. Kosmos Müqaviləsinə görə, heç bir ölkə Ayı öz ərazisi  hesab edib orada hökmranlıq edə bilməz. Həmçinin  bu qanun SpaceX kimi özəl şirkətlərə də aiddir.  Lakin mövcud kosmik qanunda tənzimlənməli olan bir  çox məsələlər də var. Belə ki, dövlətlər göy cisminə sahib ola bilməsələr də,  texniki cəhətdən həmin məkanların resurslarından istifadə edə bilərlər.  Bununla belə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qeyd edilir ki,  hər kəs Ayda ev tikə bilmə hüququna  sahibdir", - deyə Soucek əlavə edib.

İnformasiya donanimhaber.com veb saytında yayımlanıb.

 

Sən demə, pişiklər qədimdən əhliləşdirilibmiş

Elm adamları sevimli ev heyvanlarından olan pişiklərlə bağlı daha bir kəşfə imza atıblar.  Araşdırma nəticəsində  bu heyvanların 12 min il bundan  əvvəl Dəclə və Fərat çayları yaxınlığındakı Bərəkətli Hilal bölgəsində əhliləşdirildiyi məlum olub.

ABŞ-ın Missuri Universitetinin tədqiqatçıları pişiklərin 12 min il əvvəl cəmiyyətin ilk sivilizasiyaları tərəfindən ovçuluqdan əkinçiliyə keçid dövründə əhliləşdirildiyini ortaya çıxarıblar.  "Daily Mail"in yaydığı xəbərə görə, pişiklər at və mal-qaradan fərqli olaraq, əhliləşdirilən yeganə heyvanlardır. Alimlərin gəldiyi qənaətə görə, onlar zaman keçdikcə  ticarətçilərlə gəmilər vasitəsilə müxtəlif ölkələrə getməyə başlayıblar.

Alimlərin fikrincə, qədim insanların yaşadığı evlərdə vəhşi pişiklərin diqqətini buğda anbarlarında dolaşan siçanlar cəlb edib və bu da insanlarla vəhşi pişiklər arasında münasibətin təməlini qoyub.

"Əhliləşdirmə prosesi iki dəfə baş verib. Əvvəlcə Yaxın Şərqdə, daha sonralar isə Misirdə. Bundan sonra gəmilərdə səyahət edən pişiklər dünyanın hər tərəfində  məskunlaşmağa başlayıblar. Müasir pişiklərdə hər iki genetik xüsusiyyət  özünü göstərir", - Missuri Universitetinin tədqiqatçısı professor Eva Maria Gaigle qeyd edib.

Tədqiqat zamanı alimlər vikinqlərin məzarlığında, daş dövründəki parklarda və fironların qəbiristanlığında aşkar edilən 200-dən çox qədim pişiklərin qalıqlarından mitoxondrial DNT  (hansı ki ana vasitəsilə keçir) götürüblər. DNT analizi göstərib ki, pişiklərin əhliləşdirilməsi prossesi 12 min il əvvəl Şərqdə başlayıb. Məhz fermerlerin ilk olaraq pişikləri əhliləşdirməsi ehtimal olunur.

Pişiklərin ikinci dəfə əhliləşdirilməsi prosesi isə artıq Qədim Misirdə baş verib. Roma İmperiyası zamanında pişiklər bütün Avropaya yayılmağa başlayıb. Vikinqlərin qədim limanında aşkar edilən Misir pişiklərinin DNT testlərinin analizi onların Şimali Avropaya dəniz yolu ilə gəldikləri ehtimalını yaradır.

 

Süd dişi və cift qan bankı nədir?

Son zamanlar gündəmdə olan mövzulardan biri də süd dişi və cift qan banklarıdır. Bəs bu banklar nə üçün yaradılıb? Onların missiyaları nədən ibarətdir?

Əvvəla bu banklar  kök hüceyrələrinin qorunması üçün yaradılıb. Kök hüceyrə, bədəndə mövcud olan yetişməmiş (yetkinləşməmiş) hüceyrənin inkişaf edərək digər hüceyrə növlərinə (məsələn, əzələ, sümük iliyi, qan, göz, dəri, sinir və s.) çevrilə bilən növüdür. Bu hüceyrələrin ən böyük əhəmiyyəti isə Parkinson, Alzheimer, osteoartrit, insult, onurğa beyin, ürək-damar, xərçəng kimi sual altında olan bir sıra xəstəlikləri müalicə etmək mümkünlüyüdür.

Alimlərin araşdırmalarına görə, kök hüceyrələr ən çox körpənin cift və göbək ciyəsi qanında toplanır. Müəyyən müddətə qədər kök hüceyrələrin yalnız qanda olduğu düşünülürdü. Lakin 2003-cü ildə uşaq stomatoloqu Dr. Songtao Shi təsadüfi bir şəkildə kök hüceyrənin uşaqların süd dişlərində də olduğunu aşkar etdi. Bundan sonra, dental kök hüceyrəsi anlayışı yarandı. Baxmayaraq ki, cift qanı ilə müqayisədə süd dişində kök hüceyrələrin sayı cüzidir, lakin  hüceyrə terapiyası üçün lazım olan minimum kəmiyyət - 1 milyon hüceyrəni həmin süd dişi kök hüceyrələrinin çoxaldılması yolu ilə almaq mümkündür. Qeyd edək ki, cift qanında kök hüceyrələri milyonlarla olduğu halda, süd dişində onların sayı təxminən yüzdür.

Kök hüceyrələrin bu qədər faydasından yararlanmaq üçün müəyyən tibbi sistemə ehtiyac var. Bu hüceyrələr canlı olduğundan orqanizmi tərk edəndən qısa müddət sonra düzgün mühitdə və temperaturda saxlanılmalıdır. Alimlər qeyd edir ki, diş kök hüceyrələrini bankda 20 ilə qədər saxlamaq olar və müəyyən xəstəliklərin müalicəsində istifadə etmək mümkündür. Kök hüceyrələrinin digər üstünlüklərindən biri də ondadır ki, bu hüceyrə təkcə öz yiyəsinin deyil, bütün yaxın qan qohumların (xüsusilə valideyn, qardaş-bacı)  müalicəsi zamanı istifadə edilə bilər.

Hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən bir neçə cift və dental kök hüceyrələri bankları mövcuddur. Bu banklarda qeydiyyatdan keçmək istəyən ailə müəyyən məbləği ödədikdən sonra illik saxlanma haqqı ödəməli olur. Ümid edirik ki, milyonlarla insanın həyatını xilas etməyə səbəb olan bu banklar yaxın gələcəkdə vətənimizdə də sosial təbəqəsindən asılı olmayaraq bütün insanların ixtiyarında olacaqdır.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".