Sağlam həyat
Maraqlı

Sağlam həyat

Bu pəhriz növü görün nəyə səbəb olurmuş

İspaniya və Fransanın elm adamları son zamanlar populyarlıq qazanan pəhriz növlərindən olan fasiləli orucla bağlı araşdırma aparıblar. Mütəxəssislər müəyyən ediblər ki, bu pəhriz növü diabet riskini artırır.

Yüzdə 79 faizi qadın olmaqla 100 min nəfər insanın sağlamlıq məlumatlarını təhlil edən mütəxəssislər belə qənaətə gəliblər ki, səhər saat 09:00-dan sonra səhər yeməyi, axşam saat 22:00-dan sonra isə axşam yeməyi şəkər xəstəliyinə tutulma riskini artırır. Alimlər səhər yeməyini gec yeyənlərdə 2-ci tip diabet riskinin daha yüksək olduğunu və bu cür qida rejiminin onlarda sağlamlıqla bağlı digər problemlərə də yol aça biləcəyini söyləyirlər. Səhər yeməyini saat 08:00-dan əvvəl yeyənlərdə isə 2-ci tip diabetə tutulma riskinin digərlərinə nisbətən yüzdə 59 faiz az olduğu müəyyən edilib.

"Biz yemək vaxtlarının sirkadiyalı ritm ( bioloji ritm), qlükoza və lipidlərə nəzarət üçün vacib olduğunu bilirdik. Bununla belə, indiyə qədər qidalanma saatları ilə 2-ci tip diabet arasındakı əlaqəni aşkar etmək üçün heç bir araşdırma aparılmamışdır. Əslində, əldə etdiyimiz nəticələr bioloji baxımdan çox məntiqlidir. Çünki səhər yeməyini gecikdirmək qlükoza, lipid və insulin səviyyələrinə təsir edir",-deyə araşdırma qrupunun üzvü dr. Anna Palomar Cros bildirib.

 

Gecələr tez-tez ayılırsınız?

Elə insanlar var ki, bəzən hər hansı bir narahatçılıq səbəbindən gecələr yuxudan ayılır, sonra isə yata bilmirlər. Ancaq gecə oyanışları, yuxuya getmə ilə bağlı problemlər və yuxusuzluq çox uzun çəkərsə, bu, artıq həkimə müraciət etmək üçün bir işarədir.

 Əslində, insan normalda orta hesabla gecə beş dəfə oyana bilər. Bu yenidən yatmaq üçün heç bir problem yaratmır. Əgər oyandıqdan 30 dəqiqə sonra yuxuya getmək mümkün olmursa, bunun ertəsi gün orqanizmə mənfi təsir göstərmək ehtimalı yüksəkdir. Bu cür problemlərin səbəbi isə çox fərqli ola bilər. Məsələn, otaqda havasızlıq, yaxud otağın yüksək temperaturu və s.

Müntəzəm olaraq yuxudan oyanmaq kortizol səviyyəsini (stress hormonu) artırır. Ona görə də oyanan kimi mobil telefona baxmaq vəziyyəti daha da ağırlaşdırır. Məhz bu səbəbdən yatmazdan iki saat əvvəl telefondan istifadə etmək tövsiyə olunmur. Yuxuya getmək üçün ən yaxşı seçim yatmazdan bir saat əvvəl musiqi dinləmək və yaxud kitab oxumaqdır. Lakin müasir dövrdə bir çox insanlar telefonlarına baxaraq vaxt keçirməyə üstünlük verirlər. Bu isə yuxu hormonunun istehsalına mane olur. Sağlam bir insanın orta yuxu müddəti təxminən 8 saatdır. Yataqda bundan artıq uzanmaq olmaz. Çünki yuxu rejimi pozula və yuxuya getmə ilə bağlı problemlər yarana bilər.

 

Hansı meyvəni nə zaman yeməliyik?

Hazırda meyvələrin bol olduğu bir fəsildəyik. Çoxlarımız meyvəni günün hansı saatında olur-olsun, necə gəldi, qəbul edirik. Amma əslində sağlam qidalanma qaydalarına görə, hər bir meyvənin özünün qəbul zamanı var. Mütəxəssislər hesab edirlər ki, meyvələri nizamsız şəkildə yemək ən azı çəki artımına səbəb ola bilər. Bəs hansı meyvəni nə zaman yemək olar?

Tut, eləcə də ondan hazırlanan bəhməz, tut qurusu səhər yeməyində qəbul olunmalıdır. Tərkibində şəkər çox olduğu üçün artıq çəkili insanlar bu meyvəni az yesələr yaxşıdır. Şaftalını isə əksinə, axşam saatlarında yemək lazımdır. Yemiş həzmi çətin sayılan meyvə olduğundan axşamlar çox yemək tövsiyə olunmur. Onu axşam saatlarında az miqdarda şirniyyat yerinə yemək məsləhətdir. Alça isə turş olduğuna görə, çoxları elə hesab edir ki, onun tərkibində şəkər yoxdur. Amma yanılırlar. Mütəxəssislərə görə, artıq çəkili insanlar alçadan çox istifadə etməməlidir. Onu günorta yeməkdən sonra az miqdarda duz ilə qəbul etmək daha faydalı hesab edilir. Üzümün şəkər faizi yüksək olduğu üçün onu gün batana qədər, yəni aktiv dövrdə yemək lazımdır. Axşama yaxın isə qatıqla birgə yeyilərsə, daha faydalı olar.

Qarpız çox sulu olsa da, əslində çətin həzmə gedən giləmeyvədir. Gecə saatlarında yeyildikdə şişkinlik və yuxu pozğunluğuna səbəb ola bilər. Qarpızın ən ideal yemək vaxtı səhər saatlarıdır. Günortalar isə ağ pendirlə birgə yemək daha məqsədəuyğundur. Çiyələk, moruq, böyürtkənin də tərkibində yüksək miqdarda şəkər var. Artıq çəkili insanlar bu meyvələri günorta, hava qaralana kimi yeməlidirlər. Bu giləmeyvələr, həmçinin səhər yeməyində mürəbbə və bal yerinə də qəbul oluna bilər. Əriyi isə səhər və günorta saatlarında yemək, axşamlar isə qəbul etməmək tövsiyə olunur.

 

Sən demə, qaz sobaları...

Stenford Universitetinin alimləri müəyyən ediblər ki, qaz sobaları və plitələri xərçəng xəstəliyi riskini artırır. Bunun səbəbi isə qaz sobalarının elektrik sobalarından 10-25 dəfə çox benzol buraxması ilə əlaqələndirilir.

Mütəxəssislər bu cür avadanlıqların xərçəng də daxil olmaqla bir çox xəstəliyə səbəb olan yüksək miqdarda kanserogenləri havaya buraxdığını söyləyirlər. Elm adamları bir qaz sobasının ocağının, eləcə də təxminən 180 dərəcə Selsi temperaturu ilə işə salınmış qaz sobasının təsirini təhlil ediblər. Məlum olub ki, qaz, propan ocaqları və sobalar elektrik sobalarından 10-25 dəfə çox benzol buraxır. Benzol emissiyaları pəncərələri və qapıları bağlı olan qapalı yerlərdə ölçülüb. Benzolun səviyyəsinin mətbəxlərdən uzaqda yerləşən yataq otaqlarında daha çox olduğu məlum olub. Bundan əlavə, həmçinin müəyyən edilib ki, havalandırma qurğuları benzol və digər kanserogenlərin konsentrasiyasını azaltmaqda həmişə təsirli olmur.

Mütəxəssislər qapalı yerlərdə qaz sobalarının alovundan əmələ gələn benzolun konsentrasiyasının passiv siqaretdən gələn zərərli maddələrin orta göstəricisindən daha təhlükəli ola biləcəyini bildiriblər. Məlumdur ki, benzolun qısamüddətli təsiri qan hüceyrələrinin istehsalını pozur, uzun müddət ona məruz qalma isə müxtəlif növ limfoma və leykemiya da daxil olmaqla xərçənglə əlaqələndirilir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".