İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Azərbaycan taekvondoçusu Avropa çempionu olub

Albaniyanın paytaxtı Tiranada 21 yaşadək taekvondoçular arasında Avropa çempionatı davam edir. Yarışın ikinci günü Azərbaycan millisi üçün uğurlu alınıb.

Komandanın heyətində Səyyad Dadaşov (54 kq) Avropa çempionu tituluna layiq görülüb. Yığmamızın aktivinə digər mükafatı Eltac Qafarov əlavə edib. 74 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz yarımfinal görüşündə serbiyalı Stefan Takovla üz-üzə gəlib. Rəqib 2:0 hesabı ilə qələbə qazandığından təmsilçimiz bürünc medala sahib olub.

Səyyad Dadaşovun fəxri kürsünün ən yüksək pilləsinə qalxması ilə U-21-lərin yarışında 9 ildən sonra Azərbaycan Himni səsləndirilib.

 

Boksçumuz UBO-nun dünya kəmərini qazanıb

Şağan Olimpiya İdman Kompleksində peşəkar boks gecəsi keçirilib. 14 boksçu müxtəlif çəki dərəcələrində öz güclərini sınayıb.

Gecənin əsas döyüşü Seymur İsayev və pakistanlı Muhammad Bilal arasında UBO-nun (Universal Boxing Organization) yüngül çəki üzrə dünya kəməri uğrunda keçirilib. Seymur İsayev qələbə qazanaraq UBO-nun dünya kəmərinə layiq görülən ilk azərbaycanlı olub.

Digər görüşlərdə isə Cabbar İsmayılov (79 kq), Taryel Cəfərov (91 kq), Rəhim Əliyev (79 kq), Eldar Babayev (79 kq), Sürət Qarayev (91 kq) və Nihat Abdullayev (57 kq) qələbə qazanıblar.

 

Sərbəst güləş üzrə turnirin qalibləri müəyyənləşib

Hövsan Olimpiya İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyinə həsr olunmuş 2008-2009-cu təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə açıq paytaxt turniri keçirilib. Turnirdə 150-dən artıq idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparıb.

Yekun nəticələrə görə, Müstəcəb Məmmədov (38 kq), Aslan Əmirov (41 kq), Rahib Quliyev (44 kq), Polad Əbilov (48 kq), Nurlan Məmmədov (52 kq), Röyal Mehtiyev (57 kq), Əli Hacıyev (62 kq), Sabir Manaflı (68 kq) və Cəlal Hüseynov (75 kq) birinci yeri tutublar.

Nərgiz İSMAYILOVA,

“Respublika”.