Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Antuan Loran Lavuazye

Fransız kimyaçısı Antuan Loran  Lavuazye XVIII əsrin böyük kimyaçısı və  kimya və biologiyanın tarixində dərin iz qoymuş görkəmli şəxsiyyətlərdəndir.  "Müasir kimyanın atası" sayılan bu dahi şəxsiyyət hidrogen və oksigeni ilk dəfə element kimi tanıyaraq atom nəzəriyyəsinin başlanmasında da rol oynayıb.

Fəaliyyəti dövründə kimya elminə  bir çox yeniliklər bəxş edən Lavuazye başlıca tərcübələrini yanma prosesini öyrənməyə sərf etmişdir. Oksidləşməni tədqiq etmək üçün havanın tərkib hissəsini öyrənən alim  qabda civəni yandırmaqla  havanın kimyəvi element deyil, birləşmələrdən ibarət olduğunu sübuta yetirmişdir. Antuan Lavuazye həmçinin kütlənin saxlanması qanununu da isbat etmişdir; heç nə itmir, heç nə yaranmır, yalnız  bir haldan başqa bir hala çevrilir. Başqa cür desək, reaksiyaya daxil olan maddələrin miqdarı reaksiyadan sonra alınan maddələrə (reagentlərə) bərabərdir. Bu, hazırda müasir kimyanın əsas prinsipidir.

Lavuazye kimyada tədqiqatlar aparan zaman o, həm də dövlət üçün işləyirdi. 1789-cu ildə Fransız inqilabı başlayan zaman o, dövlətdəki postunu tərk etmir. 2 il sonra yeni hökumət onu əsassız yerə qanunsuz tütün satmaqda ittiham edir. Heç bir dəlil olmasa da, məhkəmə 50 yaşlı alimin gilyotin (boyun nahiyəsinin üzülməsi üçün istifadə edilən alət) üsulu ilə edam olunmasına qərar verir.

Həmin edam qərarı qəbul olunarkən Lavuazyenin lehinə bir neçə nəfər hakimdən xahiş edir: "Bu adam dahidir, ona güzəşt etmək lazımdır".

Hakim isə belə cavab verir: "İnqilaba dahilər gərək deyil".

Maraqlı burasıdır ki, Lavuazye boynunun vurulmasını gözləyərkən də kitab oxumağa davam edir. Cəllad onu edam etmək üçün aparanda alim harada qaldığını unutmamaq üçün kitabın arasına bir səhifə ayırıcı qoyur. Alim edamdan qabaq  dostunu çağırıb deyir: "Başım vurulub səbətə düşəndə gözlərimə bax, əgər iki dəfə göz qırpsam, deməli, insanın başı kəsildikdən sonra bir müddət beyni düşünməyə davam edir".

Lavuazyenin başı gilyotinlə kəsilir və səbətə düşən zaman gülümsəyərək iki dəfə göz qırpır. Dostu deyir: "Lavuazyenin son saniyədəki  isbat arayışı, elmin yüz illər boyu davam edəcək məşəlidir. Bu həm də  elmi araşdırmaçılara heç bir halda ruhdan düşməməyin örnəyi olacaq".

Qeyd edək ki, bu hadisə Dostoyevskinin "İdiot" əsərində də öz əksini tapıb. Sonralar görkəmli riyaziyyatçı və astronom Jozef-Lui Laqranj  belə demişdir: "Onlar bu başı bir an içində kəsdilər, amma belə bir başı Fransanın yaratmasına bəlkə də 100 il yetməyəcək...".

 

Frida Kahlo

Məşhur meksikalı rəssam, kommunist, ekspressiv və ekssentrik olan Frida Kahlo ölümündən  çox az müddət əvvəl şöhrət qazanan sənətkarlardandır. Əsərlərinin milyon dollarlıq dəyəri olan bu rəssamın şöhrətinə  paxıllıq edənlər az deyildi, amma  taleyinə görə heç kim onun yerində olmaq istəməzdi...

6 yaşında ikən poliomielit keçirən Fridanın sağ ayağı sol ayağı ilə müqayisədə inkişafdan qaldığı üçün arıq və nisbətən gödək idi. Bir sözlə, sağ ayağı sanki "qurumuşdu". Buna görə də ömrü boyu axsayan rəssam ayağını gizlətmək üçün daim uzun şalvar və donlar geyinirdi. Uşaqlıqda keçirdiyi bu xəstəlik Fridaya həmyaşıdları arasında "taxta ayaq" ləqəbi qazandırmışdı, ancaq bu, hələ harasıdır ki...

Elə bil Fridanın əzabları növbə ilə onu gözləyirdi. 12 il sonra Frida dostu Alexandro ilə dəhşətli avtoqəzaya düşür - onun olduğu avtobusla tramvay toqquşur. Alexandro bu qəzadan canını salamat qurtara bilsə də, Frida elə zədələnir ki, həkimlər bütün ümidlərini itirir. Dəmir çubuq Fridanın qarnından girib çanağından çıxmışdı. Bütün bunlara baxmayaraq, Frida həyatda qalmış, yaşamaq üçün güc tapa bilmişdi. Nə az, nə çox - düz 32 dəfə əməliyyat keçirən rəssam ömürlük dözülməz ağrılar yaşayaraq illərlə gips və əlil arabasında qalmışdır.

Başına gələn bu dəhşətli hadisələrdən sonra  Frida ciddi şəkildə incəsənətlə məşğul olmağa başlayır. Atası Fridanın çarpayısı üzərində güzgü və xüsusi çərçivə quraşdırır. Hansı ki, bunun köməyi ilə Frida çarpayıda ola-ola rəsm çəkə bilirdi.

Əksər hallarda Frida avtoportretlər çəkirdi, çünki bu, onun yatağa dustaq olduğu zaman yeganə görə biləcəyi təsvir idi. Bir neçə ildən sonra nisbətən özünü toparlayan Frida, həmin dövrdə "meksikalı Mikelancelo" kimi tanınan məşhur  rəssamı  Diyeqo Riveranın yanına gəlir. Frida ona bir il ərzində çəkdiyi bütün  rəsmləri göstərir. Onun rəsmləri məşhur rəssamı təəccübləndirə, hətta heyrətə gətirə bilir. Nəinki rəsmləri, özü də rəssamı cəlb edir. Aralarındakı romantik münasibətlərdən az müddət  sonra evlənən Frida Riveranın üçüncü arvadı olur. Qeyd edək ki, cütlüyün izdivacı "fillə göyərçinin evliliyinə" bənzədilib.

Cütlüyün keşməkeşli evlilik həyatı olub. Səhhətində yaranan problemlərə görə ard-arda 3 dəfə uşaq salan Frida  ərindən xəyanət üzündən ayrılsa da, bir il sonra yenidən ona qayıdır.

Deyilənə görə, Frida da evlilikləri ərəfəsində boş durmamış, müxtəlif kişilərlə münasibətdə olubmuş. Onlardan biri də rus inqilabının aparıcı simalarından biri Leon Trotski imiş. Hətta bu adam bir müddət Fridanın evində də məskunlaşmış, ta ki, Trotskinin arvadı onların aralarındakı münasibətdən xəbər tutana qədər. Ancaq bundan sonra Frida Trotskidən ayrılmışdı.

Cəmiyyət içərisində Frida həmişə şə

n olur, ürəkdən gülür, ucadan danışırdı. Bir sözlə, xoşbəxt görünməyə çalışırdı. Onun səmimiyyəti, iç dünyasının həqiqəti, emosiyalarının reallığı ancaq rəsmlərdə və gündəliyində təsvir olunub.

Sonralar Fridanın onurğası üzərində daha bir neçə əməliyyat keçirilir. Bundan sonra o, ömürlük əlil arabasına məhkum olur. Ölümündən bir il qabaq isə  sağ ayağını amputasiya edirlər. Taleyin işinə bax ki,  bu ərəfədə Meksikada onun ilk sərgisi açılır. Sərginin açılışına Frida təcili yardım maşınında gətirilir. 47 yaşlı rəssam ölümündən bir həftə əvvəl  "Yaşasın həyat!" (Viva la Vida) rəsmini çəkir və dünyanı, həyatı sevərək tərk edir...

 

Uolt Disney

Elə adlar var ki, onların adını dilə gətirəndə böyükdən kiçiyə hər kəsin çöhrəsində təbəssüm yaranır. Uolt Disney də belələrindəndir. Onun adını eşidən kimi hamı ilk olaraq əfsanəvi Mikki Mausu, simic Skruc Makdakı xatırlayır və mütləq gülümsəyir...

Çoxuşaqlı, kasıb bir ailədə dünyaya göz açan Disney uşaqlıqdan incəsənət aləminə, rəsm çəkməyə meyilli idi. Lakin ona  qələm, kağız, boya almağa valideynlərinin imkanı olmurdu. Ona görə 4 yaşlı uşaq evlərinin divarını kömürlə çəkdiyi şəkillərlə bəzəyərdi. 3 il sonra çəkdiyi rəsmləri qonşulara sata biləcəkdi. Hətta ilk dəfə çəkdiyi  bir at şəklini 25 dollara, 40 il sonra isə həmin cızma-qaralardan biri hərracda ağlagəlməz qiymətə satılacaqdı...

Balaca Uolt 8 yaşından etibarən 6 il ərzində  hər gün səhər 4-ün yarısında durub poçtalyonluq edirdi. Çünki atasının qəzetpaylayan "firmasında" cəmi iki işçi - Uolt və ondan 8 yaş böyük olan qardaşı Roy işləyirdi. Oxucuların səhər yeməyində qəzet oxuması üçün Uolt hər gün saat dördün yarısı iş başında olmalıydı. Gözünün acısını da o, yalnız məktəbdə, parta arxasında ala bilirdi. Amma insafsız atası uşaqlarını möhkəm döyür, bütün qazandığı pulları əllərindən alırdı. Öz zirəkliyi ilə seçilən Disney "şef"indən gizlin, ikiqat artıq iş götürür və əlavə qazandığını cibinə qoyurdu. 17 yaşlı Uolt  müharibə dövründə əlinə keçən qənimətləri, kaskaları əzib, rəngləyib suvenir kimi satırdı.

Dostları, eləcə də Uolt nədənsə əmin idi ki, o, mütləq aktyor olmalıdı. Bu arzusunun ardınca Hollivuda yollanan Disney orada kütləvi səhnələrdə kiçicik rollar oynayır. Amma cizgi filmi yaratmaq həvəsi ona rahatlıq vermirdi. Nəhayət,  əmisinin qarajını icarəyə götürüb lazımi avadanlıqları borca alıb, qardaşı Roy ilə birgə "Disney Brothers" studiyasını yaradır. İlk cizgi filmi - "Alisa möcüzələr adasında" satılandan sonra isə o, studiyanın adını "Uolt Disney prodakşn" qoyur. Onun bioqrafiyasında dönüş nöqtəsini isə siçan Mikki Mausu yaratdığı gündən saymaq olar.

Hərdənbir başı işdən ayılan Uolt evlənmək haqqında da düşünürdü. Özünə söz vermişdi ki, 25 yaşı və bankda 10 min dolları olmamış evlənməyəcək. Lakin sözünün üstündə dura bilmədi. Evlənəndə 24 yaşı vardı, cibində isə qara qəpiyi də yox idi. Öz  studiyasında çalışan Lillian Baunds adlı qızla evlənən Disney sonralar xanımına belə deyərdi: "Mənimlə razılaşarsız ki, məhəbbət də ətrafdakı əşyalara çox bənzəyir. Səndə bu yoxdursa, onu heç kimə verə bilməzsən".

Sonralar qızları ilə birgə gəzintiyə çıxan Disneyi  Amerikada ailəvi istirahət üçün fərli bir yerin olmaması düşündürürdü. Bu səbəbdən "Disneylənd" parkını tikdirmək qərarına gəlir və bununla da 53 yaşında milyarderə çevrilir.

Əli pula çatandan sonra isə o, valideynlərinə malikanə alıb bağışlayır. Amma evin qaz boruları çox pis vəziyyətdə olduğundan evdəkilər dəm qazından zəhərlənirlər. Atasını xilas etmək mümkün olsa da, anası vəfat edir. Sonralar illər uzunu o, özünü anasının ölümündə günahkar sayırdı. Axı o, niyə simiclik edib boruları təmir elətdirməmişdi?!

Disney heç vaxt demokratik baxışlarıyla seçilməyib. Bəzi rejissorlar faşizmi pisləyəndə, o, yəhudilərə açıq-aydın nifrətini bildirməkdən çəkinməzdi.

Əyyaşlığı, günə üç qutu siqaret çəkməsi, aktrisalarla romanları belə onu gözdən salmırdı. Hətta 55 yaşında da oyuncaq dəmir yoluyla oynayan Disney bu əyləncəsini imperiyasının modeli adlandırırdı.

65 illik yubileyindən az müddət sonra Uolt Disney ağciyər xərçəngindən vəfat etmişdir. Həmişə xoşbəxt sonluğu çox sevən sənətçi ömrünün sonlarına yaxın   "Mən pis əhvalın nə olduğunu bilmirəm və çox xoşbəxt adamam" - deyirmiş...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".