DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ÇİN LIDERI SILAHLI QÜVVƏLƏRİ HƏRBİ ƏMƏLİYYATLARA HAZIR OLMAĞA ÇAĞIRIB

Çin Xalq Respublikasının Sədri Si Cinpin ölkənin silahlı qüvvələrini hərbi əməliyyatlara hazırlaşmağa çağırıb. “Report”  agentliyinin məlumatına görə, o, bu barədə sentyabrın 21-də Pekində milli müdafiə və hərbi islahatlar üzrə keçirilən konfransdakı çıxışında bəyan edib.

Eyni zamanda, Si Cinpin islahatların uğurlu təcrübəsini ümumiləşdirmək və tətbiq etmək, yeni vəziyyəti mənimsəmək, tapşırıqların tələblərini anlayıb diqqəti müharibələrə hazırlaşmağa yönəltməyə çağırıb.

Məlumata əsasən, konfransda Mərkəzi Hərbi Şurasının, Xalq Silahlı Milisi və hərbi akademiyaların yüksəkrütbəli nümayəndələri iştirak ediblər.

Qeyd edilir ki, Mərkəzi Hərbi Şura Çin Xalq Azadlıq Ordusuna və Xalq Silahlı Milisinə rəhbərlik edir. Si Cinpin 2013-cü ildən Şuranın sədridir.

 

CİDDİ SİQNAL: QLOBAL ƏRZAQ BÖHRANI

Rusiya neftindən imtina ilə qlobal ərzaq böhranı başlaya bilər. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Times” nəşri Beynəlxalq Hesablaşmalar Bankının (BIS) ekspertlərinə istinadən məlumat yayıb.

BIS xəbərdarlıq edib ki, Avropa ölkələrinin Rusiyadan yanacağın tədricən ləğvi planları taxılın bioyanacaq kimi geniş istifadəsinə səbəb ola bilər. Bu da öz növbəsində Ukraynada müharibə başlayandan sonra artan ərzaq qıtlığının daha da böyüməsilə nəticələnəcək. Həmçinin bu qərar xam neftin bahalaşması şəklində qlobal iqtisadiyyata əlavə təsir göstərəcək.

“Davamlı olaraq yüksək neft qiymətləri taxıl və digər məhsulların bahalaşmasına təsir göstərə bilər. Əsas heyvan yemi olan bitkilərlə bağlı qiymət dəyişiklikləri isə tez bir zamanda digər ərzaq məhsullarının qiymətlərində də əks olunacaq”, - deyə ekspertlərin açıqlamasında qeyd edilir.

Məlumata əsasən, Ukraynada davam edən müharibə ilə əlaqədar limanlardan gübrə və məhsul göndərmək çətinləşdiyi üçün qlobal ərzaq təchizatı kəsilib. BIS artan enerji və ərzaq qiymətlərinin əksər ölkələrdə rekord inflyasiyaya səbəb olduğunu bildirib.

 

BÖYÜK BRİTANİYA MÜDAFİƏ DOKTRİNASINI YENİLƏYƏCƏK

Böyük Britaniya hökuməti ilin sonuna qədər hərtərəfli təhlükəsizlik, müdafiə və xarici siyasət icmalının yenilənmiş versiyasını dərc edəcək. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Britaniyanın baş naziri Liz Trasın ofisinin yaydığı məlumatda qeyd olunur.

Məlumata əsasən, Böyük Britaniyanın diplomatik, müdafiə və təhlükəsizlik arxitekturasının düşmən dövlətlərin artan təhlükəsi ilə ayaqlaşmasını təmin etmək üçün baş nazir Kompleks İcmalın yenilənməsini tapşırıb.

Qeyd edilir ki, rəsmi Londonun əvvəlki müdafiə və təhlükəsizlik doktrinası 2021-ci ilin martında dərc edilib.

“Yenilənmiş strategiya lazım olan strateji imkanlara və ittifaqlara sərmayə qoymağımızı təmin edir. Yenilənmə ilin sonuna qədər dərc edilməlidir”, - deyə açıqlamada bildirilir.

Verilən xəbərə görə, Böyük Britaniya baş nazirinin xarici siyasət və müdafiə məsələləri üzrə xüsusi müşaviri Con Byu müdafiə doktrinasının yenilənməsi prosesinə rəhbərlik edəcək.

 

QAZAXISTAN BUĞDA İXRACI İLƏ BAĞLI QADAĞANI LƏĞV EDİB

Qazaxıstan buğda ixracına qoyulan məhdudiyyətləri aradan qaldırdığını açıqlayıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatında bildirilir.

Verilən xəbərə əsasən, nazir Yerbol Karaşukeyev ölkədən buğda və unun ixracına dair mövcud kəmiyyət məhdudiyyətlərinin aradan qaldırılması haqqında fərman imzalayıb.

Qeyd edək ki, iyulun 5-dən Qazaxıstanda sentyabrın 30-dək nəzərdə tutulan ixrac məhdudiyyətləri ilə bağlı sərəncam qüvvədə idi.

Nazirliyin açıqlamasına görə, sentyabrın 13-nə Qazaxıstanda taxıl bitkilərinin təqribən 70 faizi biçilib. Orta məhsuldarlıq ötən illə müqayisədə 30 faiz artıb. Beləliklə, yararlı taxıl məhsulu ilə bağlı bəyanatlar ixrac məhdudiyyətlərinin aradan qaldırılmasına qərarın qəbul edilməsinə səbəb olub.

Məlumat üçün qeyd edək ki, avqustun 31-də Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin xarici ticarət siyasəti üzrə qurumlararası komissiyası sentyabrın 10-dan taxıl və unun ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə qərar qəbul edib.

 

SERBİYA PREZİDENTİ: BÖYÜK MÜHARİBƏ BAŞLAYA BİLƏR

“Bir və ya iki aya bəşəriyyət İkinci Dünya müharibəsindən bəri görünməmiş miqyasda münaqişəyə daxil ola bilər”. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Serbiya prezidenti Aleksandr Vuçiç bəyan edib.

Dövlət başçısı yaxın gələcəkdə dünyada böyük müharibənin olacağını və bir çox bölgələrdə sərhədlərin dəyişəcəyini iddia edib.

Bununla yanaşı, Aleksandr Vuçiç böyük savaşın Ukraynadakı müharibə səbəbindən başlaya biləcəyini vurğulayıb.

“Məncə, biz xüsusi hərbi əməliyyat mərhələsindən böyük müharibəyə yaxınlaşırıq. Əsl sual sərhədlərin haradan keçəcəyi ilə bağlıdır”, -  deyə prezident qeyd edib.

Eyni zamanda, Serbiya prezidenti Rusiya və Çinin Qərblə münasibətlərinin pozulmasından daha çox zərər görəcəyini diqqətə çatdırıb: “Qarşıdakı dövrdə şahidi olacağımız bir çox məsələnin Qərbin Rusiya və Çinlə münasibətlərini daha da çətinləşdirəcək”.

 

İRAN MƏSLƏHƏT ŞURASININ YENİ TƏRKİBİ TƏSDİQLƏNİB

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei Məsləhət Şurasının üzvlərinin yeni dövr üçün səlahiyyət müddətini təsdiqləyib və siyahıya keçmiş prezident Həsən Ruhani ilə parlamentin sabiq sədri Əli Əkbər Natiq daxil edilməyib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Radio Ferda”nın yaydığı məlumatda bildirilir.

Qeyd edilir ki, siyahıda “Mübariziyun” təşkilatının baş katibi Məhəmmədəli Məhəmmədi-Kermaninin də adı yoxdur. Bununla yanaşı, keçmiş prezident Mahmud Əhmədinejat yeni siyahıda öz yerini qoruyub.

Eyni zamanda, İran rəhbərinin sərəncamına əsasən, Sadek Ərdəşir Amoli Laricani yenidən şuraya sədr təyin olunub. Bildirilir ki, o, 2018-ci ildən Məsləhət Şurasına sədrlik edir. A.Laricani 2009-2019-cu illərdə məhkəmə sisteminin başçısı vəzifəsində çalışıb.

Xatırladaq ki, Məsləhət Şurası 1989-cu ildə yaradılıb. Şura parlamentlə Konstitusiyaya Nəzarət Şurası arasında mübahisə və münaqişələri tənzimləyir. Bu məsləhətçi orqanın 28 üzvü var. Şuraya 1989-cu il oktyabrın 4-dən 2017-ci il yanvarın 8-dək keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncani başçılıq edib.

 

ALMANİYA KLİNİKALARI ENERJİ BÖHRANI İLƏ ÜZ-ÜZƏ QALIB

Alman xəstəxanalarının bir çoxu iflas ərəfəsindədir. “Teleqraf.com”un xəbərinə görə, bu barədə Alman Xəstəxanalar Assosiasiyasının açıqlamasında qeyd olunur.

Məlumata əsasən, enerji qiymətlərinin artması və yüksək inflyasiya klinikaların fəaliyyətini davam etdirməsini qeyri-mümkün vəziyyətə gətirib. Bu səbəbdən ölkədəki xəstəxanaların 40 faizi iflas ərəfəsindədir.

Alman Xəstəxanalar Assosiasiyasının prezidenti Gerald Qass klinikaların artan xərcləri ödəyə bilməyəcəyini və bəzilərinin yaxın aylarda bağlanacağını açıqlayıb. Bununla yanaşı, G.Qass xəbərdarlıq edib ki, gələn il vəziyyət daha da pisləşə bilər.

Eyni zamanda, araşdırmada xəstəxanaların 60 faizinin artıq maliyyə həyəcanı vəziyyətində olduğu qeyd edilib.

Verilən xəbərə görə, araşdırmada xəstəxanalardakı kəsirin 2023-cü il üçün artıq 10 milyard avroya çatacağı bildirilib və xərclərin kəskin artımını tarazlaşdırmaq üçün dövlətdən dəstək istənilib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.