DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

HİNDİSTAN-ÇİN SƏRHƏD XƏTTİNDƏ GƏRGİNLİK ARTIB

Hindistan və Çinə məxsus sərhəd xəttində gərginlik artıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, Hindistan mediasının hökumət mənbələrinə istinadən yaydığı məlumatda son hadisələrdən sonra müharibənin qaçılmaz olacağı proqnozlaşdırılır.

Bildirilir ki, Çinin döyüş təyyarələri qeyri-müəyyən sərhəd xəttini təyin edən Faktiki Nəzarət Xəttinə yaxın uçuşlar həyata keçirir. Halbuki, iyulun 18-də Moldo-Cuşul sərhəd məntəqəsində keçirilən danışıqların 16-cı raundunda tərəflər ərazidə təhlükəsizlik və sabitliyin qorunması ilə bağlı razılığa gəlmişdilər.

Xatırladaq ki, 2020-ci ildə Hindistanın Ladax bölgəsindəki Qalvan vadisində Hindistan və Çin əsgərləri arasında baş verən qarşıdurmada 20 hindistan əsgəri həlak olub. Çin də münaqişədə 4 əsgərinin öldüyünü açıqlayıb. Bu gərginlik dünyada “ən böyük orduya malik ölkələrin müharibə təhlükəsi” adlandırılıb.

Məlumat üçün qeyd edək ki, Himalay dağları ilə əhatə olunmuş Çin və Hindistan arasındakı qeyri-müəyyən sərhəd xətti bu ölkələr arasında suverenlik mübahisələrinə səbəb olur.

 

UKRAYNA TAXIL İXRACINI REALLAŞDIRMAĞA HAZIRLAŞIR

Ukrayna cari həftə qlobal bazara taxıl ixracını reallaşdırmağa hazırlaşır. “APA”nın məlumatına görə, bu barədə Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov mətbuat konfransında bildirib.

Eyni zamanda, nazir müqavilənin qarantı olan Türkiyə və BMT-ni daşımanı həyata keçirəcək Ukrayna gəmilərinin təhlükəsizliyinə zəmanət verməyə çağırıb. “Tərəflər təhlükəsizliyə zəmanət verməsələr, bu, reallaşmayacaq”, - deyə nazir xəbərdarlıq edib.

Bununla yanaşı, Ukraynanın infrastruktur nazirinin müavini Yuri Vaskov isə bildirib ki, ixrac üçün ilk olaraq Çernomorsk limanı, ardınca Odessa, daha sonra Pivdenni limanı fəaliyyət göstərəcək. “Yaxın iki həftə ərzində biz Ukraynanın bütün limanlarından taxıl ixrac etməyə texniki cəhətdən hazır olacağıq”, - deyə nazir müavini vurğulayıb.

Xatırladaq ki, fevralın 24-dən bəri 25 milyon tona qədər Ukrayna taxılı Rusiyanın limanları blokadaya alması səbəbindən qlobal bazara çıxa bilməyib. Bu taxıl qlobal ərzaq təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir.

 

BƏZİ avropa ÖLKƏLƏRİ QAZ İSTEHLAKINI AZALTMAĞA QARŞIDIR

Avropa İttifaqı (Aİ) ölkələri Avropa Komissiyasının 2022-ci ilin avqustundan 2023-cü ilin martına qədər qaz istehlakını 15 faiz azaltmaq planlarından istisnalara nail olmağa çalışırlar. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə təklif layihəsinə istinadən “Financial Times” nəşri məlumat yayıb.

Sənədə əsasən, Avropa İttifaqı ölkələri bəyan ediblər ki, məcburi hədəflərdə hər bir üzv ölkənin Rusiya qazından asılılığı, həmçinin anbara göndərilən bu yanacağın həcmi nəzərə alınmalıdır.

Eyni zamanda, üzv dövlətlər qurumun digər ölkələrinə qaz tədarük etmək imkanına malik olanlara da güzəştin verilməsini təklif edirlər.

Həmçinin qeyd olunub ki, Avropa İttifaqının vahid bazarı üçün kritik hesab edilən bəzi sektorlar da Avropa Komissiyasının təklifindən xaric edilməlidir.

 

TÜRKİYƏDƏ HÜLAKÜ XANIN SARAYININ QALIQLARI TAPILIB

Türkiyənin Van şəhərində Çingiz xanın nəvəsi Hülakü xanın sarayının qalıqları tapılıb. “Report” agentliyinin “Haber Global”a istinadən verdiyi xəbərə görə, qazıntı işləri Monqolustan və Türkiyədən olan arxeoloqlar tərəfindən aparılıb.

Məlumata əsasən, Monqolustan Elmlər Akademiyasının arxeoloqlar qrupu sarayın Elxanilər dövrünə aid olduğunu ehtimal edir. Bəzi ekspertlər isə sarayın daha əvvəlki dövrə aid olduğunu bildirirlər.

Qazıntı zamanı dam kirəmitləri, kərpic, üçrəngli keramik qablar və çini qalıqları aşkar edilib. Arxeoloqların fikrincə, kirəmitlərin üzərində olan işarələr sarayın məhz Hülakü xana məxsus olduğunu deməyə əsas verir.

Məlumat üçün qeyd edək ki, Hülaku xan XIII əsrdə Yaxın Şərqdə hərbi ekspedisiyalara rəhbərlik edən monqol lideri olub. O, 1258-ci ildə Bağdadın talan edilməsi, Beytül-Hikmət kimi tanınan şəhərdəki böyük kitabxananın dağıdılması və bölgə rəhbəri Xəlifə əl-Müstəsimin edam edilməsi ilə nəticələnən monqol yürüşləri ilə tanınır.

 

NATO UKRAYNAYA HƏRBI YARDIM GÖSTƏRMƏYƏ DAVAM EDƏCƏK

NATO müttəfiqləri Ukraynaya əhəmiyyətli hərbi və maliyyə yardımı göstərməyə davam edəcək. “APA”nın xəbərinə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Serbiyanın “Kurir” nəşrinə müsahibəsində bəyan edib.

Təşkilatın baş katibi qeyd edib ki, NATO uzunmüddətli perspektivdə Ukraynaya sovet dövründən qalma texnikadan alyansın müasir avadanlıqlarına keçidinə, qarşılıqlı əməkdaşlığın təkmilləşdirilməsinə, müdafiə və təhlükəsizlik institutlarının daha da gücləndirilməsinə kömək edəcək.

“NATO təhlükəsiz rabitə vasitələri, yanacaq, tibbi ləvazimatlar və zirehli jiletlər, minalara qarşı avadanlıqlar, kimyəvi və bioloji təhlükələrə qarşı cihazlar, həmçinin yüzlərlə portativ pilotsuz uçuş aparatlarının əleyhinə sistemlər daxil olmaqla hərtərəfli yardım paketi təqdim edəcək”, - deyə Yens Stoltenberq vurğulayıb.

Bununla yanaşı, baş katib əlavə edib ki, alyans yeni reallıqlara adaptasiya olmaq barədə Madrid sammitində ciddi qərarlar alıb.

 

FTB: ÇİN CİHAZLARI ABŞ-IN NÜVƏ ARSENALINA NƏZARƏTİ ƏLƏ KEÇİRƏ BİLƏR

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) Çinin “Huawei” telekommunikasiya şirkətinin avadanlıqlarının ABŞ ordusunun məxfi məlumatlarını, o cümlədən ölkənin nüvə arsenalına aid olan informasiyanı ələ keçirmək və Pekinə ötürmək qabiliyyətinə malik olduğunu müəyyən edib. Bu barədə “Sputnik” informasiya agentliyi “CNN” telekanalına istinadən xəbər verib.

Telekanalın məlumatında qeyd olunur ki, 2017-ci ildən federal məmurlar Çinin kritik infrastruktura yaxın ərazilər almasını araşdırır. ABŞ hökumətinin “Çin casuslarının yuvası” hesab etdiyi tanınmış regional konsulluq bağlanıb, mühüm hərbi və hökumət obyektlərinin yaxınlığında dinləmə qurğuları quraşdırmaq cəhdlərinin qarşısı alınıb.

Bununla yanaşı, Çin hökuməti ABŞ-a qarşı hər hansı casusluq cəhdlərini rədd edib, lakin istintaqla tanış olan bir çox mənbə “CNN”ə bildirib ki, “Huawei” avadanlıqlarının təkcə kommersiya mobil trafikini deyil, həm də ordunun istifadə etdiyi çox məhdud radio dalğalarını ələ keçirməyə qadir olduğuna heç bir şübhə yoxdur və ABŞ Strateji Komandanlığının kritik kommunikasiyalarını pozaraq, Çin hökumətinə ABŞ nüvə arsenalına giriş imkanı verir.

Məlumat üçün qeyd edək ki, “Huawei”  şirkəti 2019-cu ildən bəri milli təhlükəsizlik təhdidinə görə ABŞ sanksiyaları altındadır.

 

FRANSADA QURAQLIĞA GÖRƏ SUDAN İSTİFADƏYƏ MƏHDUDİYYƏTLƏR QOYULUB

Fransada həddindən artıq istilər və quraqlıq səbəbindən ölkənin kontinental hissəsinin 96 departamentindən 88-də sudan istifadəyə məhdudiyyətlər tətbiq edilib. Bu barədə “APA” agentliyi məlumat yayıb.

Verilən xəbərə əsasən, günorta saatlarında bağçaları və qazonları sulamaq qadağan edilib, əhaliyə mümkün olan yerlərdə suya qənaət etməyə çağırış olunub. Su qıtlığından ən çox ölkənin qərbindəki Pays-de-la-Luara və Poitou-Şarentes bölgələri zərər çəkib.

Bildirilir ki, su çatışmazlığına son bir neçə həftə ərzində anomal quru və isti hava şəraiti və qışda yağıntının az olması səbəb olub.

Həmçinin qeyd edilir ki, yaxın günlərdə temperaturun aşağı düşəcəyinə ümid azdır, Pireney və Alp dağları istisna olmaqla, ölkə ərazisində yaxın iki həftə ərzində demək olar ki, yağış gözlənilmir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.