DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

NATO-NUN YENİ STRATEJİ KONSEPSİYASI TƏSDİQLƏNİB

İyunun 29-da NATO-nun Madrid sammitinin yekun deklarasiyası qəbul olunub. “APA”nın verdiyi xəbərə görə, bu barədə NATO-nun saytında bildirilib. Deklarasiyada bəyan olunur ki, NATO müdafiə alyansıdır və heç bir ölkə üçün təhlükə yaratmır. Həmçinin vurğulanır ki, NATO müttəfiqləri demokratiya, fərdi azadlıq, insan hüquqları və qanunun aliliyinə sadiqlikdə həmrəydir.

Yekun deklarasiyada müttəfiq ölkələrin liderləri Rusiya-Ukrayna müharibəsinin də beynəlxalq təhlükəsizliyi və sabitliyi ciddi şəkildə pozduğunu bəyan ediblər.

Eyni zamanda, müttəfiqlər Ukrayna taxılının ixracını təmin etmək və qlobal ərzaq böhranını yüngülləşdirmək istiqamətində beynəlxalq səyləri dəstəkləmək üçün yaxından işləyirlər.

Bununla yanaşı, yekun deklarasiyada NATO müttəfiqləri bəyan edirlər ki, bütün təhdid və təhlükələrə qarşı NATO cavab verəcək və yeni düzənə adaptasiya olacaq.

 

TÜRKİYƏNİN MÜDAFİƏ SƏNAYESİ ƏHƏMİYYƏTLİ İRƏLİLƏYİŞLƏRƏ NAİL OLUB

Bir neçə il öncə Türkiyədə müdafiə sənayesində reallaşdırılan layihələrin təxminən yarısı 5,5 milyard dollar büdcə ilə həyata keçirilirdisə, bu gün həmin layihələrin dəyəri 70 milyard dollara yaxınlaşır. “Trend” agentliyinin məlumatına görə, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin  sədri İsmail Demir bəyan edib.

“Türkiyə 20 illik müddətdə müdafiə sənayesində əhəmiyyətli irəliləyişlər əldə edib. 60-a yaxın olan müdafiə layihələrimizin sayı artıq 750-ni keçib”, - deyə komitə sədri vurğulayıb.

Eyni zamanda, İsmail Demir Türkiyə Silahlı Qüvvələri və bütün digər təhlükəsizlik qurumlarının ehtiyaclarını effektiv şəkildə qarşılamaq üçün işlərin davam etdiyini diqqətə çatdırıb.

“Son illər ərzində səylərimiz nəticəsində əldə etdiyimiz inkişaflar sənayemizin sistem və imkanlarına xarici bazarlarda tələbatı da artırır”, - deyə İsmail Demir əlavə edib.

 

Aİ-NIN RUSİYA QAZININ KOMPENSASİYASINA ÜÇ IL VAXT TƏLƏB OLUNUR

Avropa İttifaqının Rusiya qazının tədarükünün tam kəsilməsini kompensasiya etməsi üç ildən çox vaxt apara bilər. “Report”un məlumatına görə, bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin dərc olunmuş hesabatında qeyd olunur.

Agentliyin analitikləri bildiriblər ki, Rusiyadan qaz nəqlinin qəfil dayandırılması ilkin ssenari deyil, riskdir.

Analitiklərin sözlərinə görə, Mərkəzi

 və Şərqi Avropa ölkələri arasında Rusiya qazının Aİ ölkələrinə nəqlinin qəfil dayandırılması riskinə ən çox Slovakiya, Macarıstan və Çexiya məruz qalır. Eyni zamanda, Polşa, Litva və Rumıniya belə bir ssenaridə daha az həssasdır.

Bununla yanaşı, agentliyin qeyd etdiyi kimi, region əhəmiyyətli makroiqtisadi şoklarla üzləşəcək, bir çox hallarda mənfi artım və inflyasiya sıçrayışları müşahidə olunacaq. Yüngülləşdirici amillərdəki fərqlər dövlətlər üçün nəticələrin çox müxtəlif olacağından xəbər verir.

 

KABİLƏ DONDURULMUŞ VƏSAİTLƏRİN BİR HİSSƏSİNİN İSTİFADƏSINƏ İCAZƏ VERİLİR

ABŞ Əfqanıstana ölkənin Mərkəzi Bankının dondurulmuş vəsaitlərinin bir hissəsini istifadə etməyə icazə verə bilər. “Report” agentliyinin xəbərinə görə, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, Cozef Baydenin köməkçiləri ABŞ institutlarında saxlanılan dondurulmuş vəsaitlərin Əfqanıstan hökumətinin qismən istifadəsini bərpa etmək üçün danışıqlara başlayıb.

Bildirilir ki, “Taliban” rəsmiləri ilə danışıqlarda onlar vəsaitlərin hərəkat tərəfindən başqa məqsədlər üçün istifadə olunmamasını təmin etməklə yanaşı, peşəkar bankirlərin Əfqanıstan iqtisadiyyatını sabitləşdirmək üçün aktivləri idarə edə biləcəyi bir sistemin yaradılmasını müzakirə ediblər. Pulun üçüncü tərəfin etibar fondu tərəfindən idarə olunacağı da güman edilir.

Məlumata əsasən, vəsait ötən həftə baş verən güclü zəlzələ nəticəsində yaranan ərzaq qıtlığının yaratdığı humanitar böhranı aradan qaldırmaq üçün istifadə ediləcək.

 

ABŞ AVROPADA HƏRBİ MÖVCUDLUĞUNU GÜCLƏNDİRMƏYƏ QƏRARLIDIR

NATO hər sahədə - quruda, havada və dənizdə gücləndiriləcək. “APA”nın xəbərinə görə, bunu ABŞ prezidenti Cozef Bayden Madriddə keçirilən NATO sammiti çərçivəsində Alyansın baş katibi Yens Stoltenberqlə görüşü zamanı bəyan edib.

Dövlət başçısı ABŞ-ın Avropadakı NATO qüvvələrini gücləndirdiyini elan edərək, ittifaqın bu gün heç vaxt olmadığı qədər buna ehtiyac duyduğunu bildirib.

Cozef Bayden həmçinin qeyd edib ki, ABŞ NATO çərçivəsində Avropadakı hərbi mövcudluğunu artıracaq. O, hələ fevral ayında Alyansın şərq cinahına əlavə 20 min qüvvənin göndəriləcəyini xatırladıb və Polşada ABŞ ordusunun 5-ci korpusunun daimi qərargahının tikiləcəyini açıqlayıb.

“NATO müqaviləsinin 5-ci maddəsi pozulmazdır və biz NATO ərazisinin hər santimetrini belə, müdafiə etməyə hazır olduğumuzu bir daha təsdiqləyirik”, - deyə Cozef Bayden əlavə edib.

Bununla yanaşı, ABŞ prezidenti vurğulayıb ki, onun ölkəsi Almaniya və İtaliyada da havadan müdafiə qabiliyyətini gücləndirəcək. Bayden həmçinin Böyük Britaniyaya iki “F-35” təyyarəsinin göndəriləcəyini diqqətə çatdırıb.

 

ŞOTLANDİYADA YENI MÜSTƏQİLLİK REFERENDUMU KEÇİRİLƏ BİLƏR

Şotlandiyanın baş naziri Nikola Stercen 2023-cü il oktyabrın 19-da yeni müstəqillik referendumu keçirmək istədiklərini, bu planın qanuniliyini təyin etmək üçün Ali Məhkəməyə müraciət edəcəklərini və mərkəzi hökumətlə də danışıqlara və görüşə hazır olduqlarını açıqlayıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, baş nazir Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının Şotlandiyanı onun iradəsinin əksinə gedərək Avropa Birliyindən ayırdığını bəyan edib.

Nikola Stercen referendumla bağlı məsələnin Böyük Britaniya hökuməti ilə demokratik şəkildə həll edilməli olduğunu bildirib. O, bu planın rəsmi təsdiqi üçün İngiltərə baş naziri Boris Consona məktub yazacağını da vurğulayıb. Onun sözlərinə görə, hər iki tərəf bir araya gələrək referendumun hüquqi əsasını heç bir şübhə doğurmadan ortaya qoymalıdır.

Eyni zamanda, Nikola Stercen əlavə edib ki, əgər Ali Məhkəmə Şotlandiya parlamentinin referendum keçirmək səlahiyyətinə malik olmadığına qərar verərsə, növbəti səsvermə “de-fakto referendum” olacaq.

 

QRİPƏ QARŞI UNİVERSAL PEYVƏNDİN KLİNİKİ SINAQLARINA BAŞLANILIB

ABŞ mütəxəssisləri qripə qarşı peyvəndin birinci mərhələsinin kliniki sınaqlarına başlayıblar. “Trend”in xəbərinə görə, bu barədə ölkənin Səhiyyə və Sosial Xidmətlər Departamentinin yanında Milli Sağlamlıq İnstitutunun saytında bildirilib.

Məlumata əsasən, mütəxəssislər peyvəndin bir sıra ştammlara qarşı effektiv olacağına ümid edirlər.

Bildirilir ki, 18-55 yaş arası sağlam könüllülər Vaşinqtonun Betesd şəhərətrafı qəsəbəsində bu dərmanla peyvənd olunmağa başlayıblar. Bu mərhələdə yeddi ay davam edəcək sınaqlarda 100-ə qədər insanın iştirakı gözlənilir.

Bununla yanaşı, verilən xəbərə görə, mütəxəssislər mütəmadi olaraq könüllülərin immun sisteminin necə reaksiya verdiyini yoxlayacaqlar.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.