DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

FRANSA, ALMANİYA VƏ İTALİYA LİDERLƏRINDƏN KRİTİK UKRAYNA SƏFƏRİ

Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şoltz və İtaliyanın baş naziri Mario Draqi iyunun 16-da Ukraynaya səfər edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, ötən gecə siyasətçilər Polşanın Rzeşov şəhərində görüşüb, daha sonra Kiyevə yola düşüblər.

Bildirilir ki, Şoltz, Draqi və Makronun birgə səfəri siyasətçilərin Kiyevə gəlişindən xeyli əvvəl dünya mətbuatının diqqətini çəkib. Üç ölkə liderinin hər biri daha öncə öz bəyanatları və ya Ukraynaya beynəlxalq dəstək çərçivəsində fikirləri ilə bağlı müzakirələrə səbəb olublar.

Almaniya kansleri Olaf Şoltz Ukraynaya ağır silahların tədarükü ilə bağlı söz və vədlərini bu cür tədarükün real sürətindən və həcmindən ayırdığına görə tənqid edilib.

Fransa prezidenti Emmanuel Makron mübahisəli çağırışlar edir və müntəzəm olaraq xatırladır ki, Ukrayna hakimiyyəti Rusiya ilə danışıqlar aparmalı olacaq.

May ayında İtaliyanın baş naziri Mario Draqi və hökuməti Ukraynada müharibəyə son qoymaq üçün öz planlarını təklif etmişdi. Lakin bu çıxış həm Kiyevdə, həm də Moskvada tənqid edilmişdi.

 

KREML ABŞ-LA ƏLAQƏLƏRİN NORMALLAŞMASININ ŞƏRTİNİ AÇIQLAYIB

“Rusiya ilə ABŞ arasında münasibətləri normallaşdırmağın yeganə yolu Vaşinqtonun hegemonizmdən imtina etməsi və Rusiyanın heç kimin vassalı olmayacağını başa düşməsi ola bilər”. “APA”nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Yeganə yol dünya məsələlərində hegemonizm siyasətindən əl çəkmək və başa düşməkdir ki, Rusiya heç kimin vassalı - sözün istənilən mənasında ola bilməz və olmayacaq da. Rusiya ilə ancaq qarşılıqlı fayda, qarşılıqlı hörmət əsasında danışmaq olar”, - deyə Kremlin mətbuat katibi vurğulayıb.

Bununla yanaşı, Dmitri Peskov qeyd edib ki, Rusiya və ABŞ arasında ünsiyyət artıq əvvəlki kimi olmayacaq. Onun sözlərinə görə, indi Moskva onlarla sərt dialoq aparacaq.

Xatırladaq ki, Rusiya və ABŞ arasında yüksək səviyyədə əyani görüş sonuncu dəfə ötən il iyunun 16-da Cenevrədə keçirilib. Cenevrə sammiti adını alan görüşdə Vladimir Putin və Cozef Bayden iştirak ediblər.

 

FİNLANDİYANIN NATO-YA DAXİL OLMASI ILƏ BAĞLI MƏSƏLƏ DONDURULA BİLƏR

Finlandiyanın NATO-ya qəbulu məsələsi Alyansın Madriddə keçiriləcək zirvə görüşünə qədər Türkiyə ilə razılığa gəlmək mümkün olmayacağı təqdirdə, dondurula bilər. “Trend” agentliyinin verdiyi xəbərə görə, belə bir ehtimalla ölkənin baş naziri Sanna Marin çıxış edib.

“Hesab edirəm ki, indiki mərhələdə irəliləmək son dərəcə vacibdir. Madriddəki zirvə görüşünə qədər bu məsələləri həll etməsək, vəziyyətin yerində donma ehtimalı mövcuddur”, - deyə baş nazir vurğulayıb.

Eyni zamanda, baş nazir adıçəkilən məsələnin hansı müddətdə dondurula biləcəyi haqqında hər hansı fikir bildirməyib.

“Finlandiya Türkiyənin narahatlığını ciddi qəbul edir və anlaşılmazlıqları aradan qaldırmaq niyyətindədir”, - deyə Sanna Marin əlavə edib.

Bununla yanaşı, verilən xəbərə əsasən, Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı çıxması iki ölkə arasında fikir ayrılığına səbəb olub. Belə ki, Finlandiyada bəzi parlamentarilər İsveç olmadan NATO yolunda addımlamağı vacib sayıblar.

 

BOLQARISTANDA İNFLYASİYA 24 İLLİK REKORDU YENİLƏYİB

Bolqarıstanda son 24 ilin rekord inflyasiyası qeydə alınıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ölkənin Milli Statistika İnstitutu məlumat yayıb.

 Verilən xəbərə əsasən, may ayında bu göstərici illik müqayisədə 15,6 faiz təşkil edib ki, bu da inflyasiyanın 18 faiz olduğu 1998-ci ildən bəri baş verməyib.

Eyni zamanda, bildirilir ki, may ayında ən çox qiymət artımı - 3,2 faizlik göstərici ilə nəqliyyatın payına düşüb. Restoran və hotellər qiymətləri 2 faiz qaldırıb, məişət malları isə 1,6 faiz bahalaşıb.

Bununla yanaşı, ərzaq məhsulları arasında ən çox bahalaşan kartofun qiymətidir - 14 faiz. Çörək və balığın qiyməti isə müvafiq olaraq 9,4 və 8,2 faiz bahalaşıb. Benzinin qiyməti 7,4, dizel yanacağının qiyməti isə 5,1 faiz artıb.

 

ŞOTLANDİYADA NÖVBƏTİ MÜSTƏQILLIK REFERENDUMU KEÇİRİLƏ BİLƏR

Şotlandiyanın baş naziri Nikola Sturgeon gələn il ölkənin müstəqilliyi ilə bağlı növbəti referendum keçirmək niyyətində olduğunu bəyan edib. “Report”un xəbərinə görə, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Baş nazir planlarını tezliklə Şotlandiya parlamentinə açıqlayacağını bildirib. O, Böyük Britaniya parlamentinin təsdiqi olmasa belə, hökumətin referendum keçirmək üçün hüquqi cəhətdən təhlükəsiz alternativ üsul hazırladığını vurğulayıb.

“Şotlandiya Böyük Britaniyanın iqtisadi modelinə sadiq qalacaq, bununla yanaşı, Avropa ölkələrinə istiqamət götürəcək və krallıqdan ayrılmağa çalışacaq”, - deyə baş nazir qeyd edib.

Eyni zamanda, nəşrin məlumatına görə, Nikola Sturgeonun planları uzun sürən məhkəmə çəkişmələrinə səbəb ola və ölkənin ali məhkəməsi referendumu qadağan edə bilər.

Xatırladaq ki, 2014-cü ildə Şotlandiyada müstəqilliklə bağlı referendum keçirilib. Şotlandların 55 faizdən çoxu Böyük Britaniyanın tərkibində qalmağa səs veriblər.

 

UKRAYNANIN KRIMI MƏRHƏLƏLİ ŞƏKILDƏ AZAD ETMƏK PLANI

ABŞ və digər müttəfiqlərdən alınan yeni silahlar Ukraynaya Krım da daxil olmaqla, müvəqqəti işğal olunmuş bütün əraziləri geri almağa imkan verəcək və artıq yeni hərbi yardım partiyaları gəldikdən sonra həyata keçiriləcək addımların siyahısı hazırdır. “Teleqraf.com”un xəbərinə görə, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov bəyan edib.

“Bütün ərazilərimizi, o cümlədən Krımı azad etməyə hazırlaşırıq. Krım Ukrayna üçün strateji məqsəd daşıyır, çünki bura Ukrayna ərazisidir. Addım-addım irəliləyəcəyik”, - deyə nazir vurğulayıb.

Bununla yanaşı, müdafiə nazirinin sözlərinə görə, yeni silah təchizatından sonra Ukrayna müdafiə qüvvələrinin gələcək hərəkəti üç mərhələyə bölünəcək.

“Birincisi, rus qoşunlarına qarşı döyüşlərdə itkilərin qarşısını almaq üçün cəbhədə vəziyyəti sabitləşdirmək planlaşdırılır. İkinci addım, işğalçıları genişmiqyaslı hücumun başladığı fevralın 24-nə qədər olan sərhədlərə sıxışdırmaqdır. Üçüncü mərhələdə isə Ukraynanın tərəfdaşları ilə ərazilərin, o cümlədən Krımın azad edilməsi yolları müzakirə olunacaq”, - deyə Aleksey Reznikov əlavə edib.

 

DÜNYANIN ƏN FUNKSİONAL ROBOTU HAZIRLANIB

Yaponiyalı alimləri kağız qatlama - “oriqami” sənətindən ilhamlanaraq insan orqanizmində olan xəstəlikləri sağaldacaq robot hazırlayıblar. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Bildirilir ki, insan bədəninin içində hərəkət edərək fəaliyyət göstərən robot istənilən vaxt fərqli formalara çevrilərək, dönə, dar bir məkanda hərəkət edə və istiqamətini dəyişmək qabiliyyətinə malikdir.

“Millibot” adı ilə tanınan və bədən mayelərindən enerji alaraq fəaliyyət göstərən cihaz, müalicəni təmin edəcək dərmanı daşıya və problemli bölgədəki fəaliyyətlə bağlı məlumat əldə edə bilir.

Alimlər sözügedən robotun tibbdə inqilab edəcəyinə ümid edirlər. Həkim Ruike Zhao bu amfibiya cihazının indiyə qədər inkişaf etdirilən ən güclü və funksional robot olduğunu qeyd edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.