DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

UKRAYNA PREZİDENTİ: CƏBHƏ XƏTTİ MİN KİLOMETRDƏN ÇOXDUR

“Rusiya qoşunları Ukraynada 3620 yaşayış məntəqəsini ələ keçirib. Onlardan 1017-si artıq azad edilib. Daha 2603 yaşayış məntəqəsi isə hələ azad edilməlidir”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski Lüksemburq parlamentinin deputatları qarşısında çıxışı zamanı bildirib.

Prezidentin sözlərinə görə, Ukrayna ərazisinin təqribən 20 faizi rus qoşunlarının nəzarəti altındadır: “Demək olar, 125 min kvadratkilometr. Bu, bütün Benilüks ölkələrinin ümumi ərazisindən xeyli çoxdur”.

Bununla yanaşı, dövlət başçısı həmçinin 300 min kvadratkilometr ərazinin partlamamış mina və mərmilərlə çirkləndiyini vurğulayıb.

Zelenski həmçinin qeyd edib ki, hazırda Ukraynada cəbhə xətti minlərlə kilometrə çatır. “Ölkəmizin şərqindəki Xarkovdan cənubda Nikolayevə qədər geniş ərazi üzərində döyüşlər davam edir. Onların arasında 454 kilometr düz xətt var. Lakin bütün cəbhə xəttinə nəzər salsanız, bu, əlbəttə ki, heç də düz xətt deyil, bu xətt min kilometrdən uzundur”, - deyə prezident əlavə edib.

 

RUSİYA ÖZÜNÜN İNSAN HAQLARI MƏHKƏMƏSİNİ YARADIR

Rusiya Vəkillər Kollegiyası yeni insan hüquqları məhkəməsinin yaradılması üzərində işləyir. “APA”nın Moskva müxbirinin məlumatına görə, bu barədə Vəkillər Kollegiyanın sədri Sergey Stepaşin bildirib.

“İndi biz işçi qrupunun yaradılması mexanizmini işə salmışıq, artıq hüquq-mühafizə orqanları, Prezident Administrasiyası bizə dəstək verib. İnsan hüquqlarının müdafiəsi üçün alternativ məhkəmənin yaradılması istiqamətində ciddi işlərin aparıldığı barədə məruzə olunmuşdu”, - deyə Stepaşin vurğulayıb.

Vəkillər Kollegiyanın sədri həmçinin Rusiyanın Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasından çıxdığını xatırladıb. O deyib: “Rusiya düzgün addım atdı, çünki Avropa İnsan Haqları Məhkəməsi hüquqi normalara deyil, siyasi mülahizələrə əsaslanan qərarlar qəbul edirdi”.

Sergey Stepaşin yeni məhkəmənin “BRICS”, MDB və ya Avropa İqtisadi Birliyi formatında təşkil oluna biləcəyini də diqqətə çatdırıb.

 

TÜRKİYƏ VƏ LİTVA ARASINDABAYRAKTARLA BAĞLI RAZILIQ ƏLDƏ OLUNUB

Türkiyənin Litvaya “Bayraktar TB2” zərbə pilotsuz uçuş aparatları (PUA) satması ilə bağlı razılıq əldə olunub. “Report”un xəbərinə görə, bu barədə Litvanın “Delfi” agentliyi məlumat yayıb.

Bildirilir ki, iki ölkənin nümayəndələri Ankarada bir araya gələrək Litvaya “Bayraktar TB2” zərbə PUA-ları satmağa icazə verən sənədi razılaşdırıblar.

Türkiyə silahlarının əldə edilməsinə dair niyyət protokolunu Litva müdafiə nazirinin müavini Vilüs Semeşko və Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir imzalayıblar.

Litva bu cür PUA-ları və digər avadanlıqları Rusiya hücumuna qarşı mübarizə aparan və eyni zamanda pilotsuz sistem əldə etməyi nəzərdə tutan Ukraynaya vermək üçün “Laisves” televiziyasının təşəbbüsü çərçivəsində sakinlərin topladığı vəsaitlə alacaq.

“Biz saziş imzaladıq. Bu, siyasi səviyyədə gələcək satınalmalar üçün yaşıl işıq deməkdir”, - deyə Vilüs Semeşko bildirib.

 

NEFTİN BAHALAŞMASI AFRİKADA YANACAQ QITLIĞINA SƏBƏB OLUB

Rusiya neftinin tədarükündəki məhdudiyyətlərin də səbəb olduğu enerji qiymətlərinin kəskin artması Afrikada yanacaq qıtlığına səbəb olub. “Trend”in “Röyters” agentliyinə istinadən verdiyi xəbərə görə, bir qayda olaraq, kiçik istehsal gücünə malik olan Afrikanın enerji şirkətləri uzun illərdir ki, xam neft və neft məhsullarını ya Yaxın Şərqdən, ya da Asiya-Sakit okean regionundan alıblar.

İxracatçılar əsas neft tankerlərini Toqo sahillərinə göndərərək, buradan yanacağı daha kiçik partiyalara bölüşdürür və daha sonra spot qiymətlərlə satırdı. Afrika istehsalçıları uzunmüddətli müqavilələr əsasında neft idxal edə bilmədiklərindən, onlar elə bir vəziyyətə düşüblər ki, yüksək enerji qiymətləri səbəbindən istehsalı əhəmiyyətli dərəcədə azaltmağa məcbur olublar.

Bildirilir ki, CAR, Kamerun, Qana və Seneqaldakı bir neçə neft emalı zavodu istehsalı tamamilə dayandırmaq məcburiyyətində qalıb. Afrikanın ən böyük neft istehsalçısı və ixracatçısı olan Nigeriya da çətinliklərlə üzləşib.

 

QLOBAL ƏRZAQ BÖHRANININ HƏLLİNDƏ “İSTANBUL PLANI”

Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranan qlobal ərzaq böhranının həlli üçün Türkiyənin fəal diplomatiyası nəticəsində BMT-nin çətiri altında yol xəritəsi hazırlanıb. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Məlumata əsasən, Türkiyə Ukraynadakı taxıl ehtiyatlarının təhlükəsiz şəkildə qlobal bazarlara çıxmasını təmin edəcək mexanizm qurmaq üçün bir müddətdir diplomatiya fəaliyyəti aparır.

Bütün tərəflərin yol xəritəsinin detallarını müzakirə etmək üçün yaxın günlərdə İstanbulda görüşəcəyi gözlənilir. Dördtərəfli görüşdə gəmilərin marşrutu, sığortası, təhlükəsizliyi, xüsusilə bölgədəki dəniz minalarının təmizlənməsi, koordinasiya mərkəzinin tərkibi kimi məsələlər qiymətləndiriləcək.

Ukrayna və Rusiyanın müsbət yanaşdığı mexanizmlə Qara dənizdəki limanların ətrafında minalar təmizlənəcək, taxıl ehtiyatı təhlükəsiz şəkildə xarici bazarlara çıxarılacaq.

Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçiliyi sayəsində BMT-nin koordinasiyası ilə İstanbulda yaradılması planlaşdırılan mərkəzin Ukrayna və Rusiyadan 20 milyon ton taxılın dünya bazarlarına çıxarması planlaşdırılır.

 

LAVROVUN TÜRKİYƏ SƏFƏRİ ZAMANI HƏRBİ MÖVZULAR GÜNDƏMDƏ OLACAQ

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iyunun 8-nə Türkiyəyə gözlənilən səfəri zamanı nümayəndə heyətinin tərkibində Müdafiə Nazirliyinin nümayəndələri də olacaq. “APA”nın xəbərinə görə, bu barədə Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib. O, Lavrovun Türkiyə səfərində hərbi mövzuların da gündəmdə olacağını vurğulayıb.

“İndi bizim təmaslarımız olacaq, danışıqlar çox vacibdir. Lavrov ora görüşlər üçün gedir. Orada hərbi komponent də olacaq, Müdafiə Nazirliyindəki həmkarlarımız türk həmkarları ilə... Düşünürəm ki, bütün bu məsələlər müzakirə olunacaq və aydınlaşdırılacaq”, - deyə rusiyalı diplomat qeyd edib.

Eyni zamanda, M.Boqdanov iki nümayəndə heyətinə xarici işlər nazirinin rəhbərlik edəcəyini əlavə edib.

Rusiya XİN başçısının müavini həmçinin Türkiyə ilə təmaslara qədər Ankaranın Suriyadakı hərbi əməliyyatı ilə bağlı spekulyasiya etməməyə çağırıb.

 

PENTAQON ALTINCI NƏSİL  TƏYYARƏLƏRİN İSTEHSALINA BAŞLAYIB

Altıncı nəsil “NGAD” (Next-Generation Air Dominance) təyyarəsinin yaradılması proqramı tərtibat və istehsalın inkişafı mərhələsinə keçib. “Trend” agentliyinin xəbərinə görə, bu barədə ABŞ-ın Hərbi Hava Qüvvələri naziri Frenk Kendall bldirib.

Nazirin sözlərinə görə, əvvəlki mərhələ 2015-ci ildən davam edərək, təyyarəni yaratmaq üçün lazım olan əsas texnologiyaların işlənməsini əhatə edib.

Hazırda bu mərhələni tamamlayaraq proqram iştirakçıları həm idarə olunan, həm də pilotsuz nəqliyyat vasitələri də daxil olmaqla “sistemlər ailəsi” hesab edilən təyyarə istehsalı texnologiyalarının inkişafına keçiblər.

Eyni zamanda, Frenk Kendall qeyd edib ki, növbəti mərhələ - hazır maşınların istismarını və sınaqdan keçirilməsini nəzərdə tutan IOC (Initial Operational Capability) onilliyin sonuna qədər başlayacaq.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.