DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

POLŞA VƏ BELARUS ARASINDA GƏRGİNLİK PİK HƏDDƏ ÇATIB

Polşa-Belarus sərhədində qaçqın böhranı getdikcə daha da böyüyür. “Teleqraf.com”un verdiyi xəbərə görə, Belarusun Polşa ilə sərhədi yaxınlığında minlərlə insan şaxtalı havada sərhədi keçmək üçün gözləyir.

Bildirilir ki, qaçqın böhranı ilə birlikdə siyasi gərginliklə bağlı çıxılmaz vəziyyət yaranıb. Avropa İttifaqının açıqlamasına görə, Belarus miqrantları Polşaya sıxışdırmaqla və Rusiya ilə NATO-nu üz-üzə qoymağa çalışır.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ağ Evdə ABŞ prezidenti Cozef Baydenlə görüşüb. Görüşdən sonra açıqlama verən Ursula fon der Leyen Belarusa qarşı sanksiyaları genişləndirəcəklərini açıqlayıb. O, gərginliyə görə Belarus hökumətini günahlandırıb.

Rusiya isə gərginliyin artdığı bir vaxtda Belarusun hava məkanında patrul xidməti üçün iki nüvə silahına malik strateji bombardmançı təyyarə göndərib. Kreml Avropanı insan haqlarını yerinə yetirməməkdə və Belarusu “boğmağa” cəhd etməkdə ittiham edib. Kreml Aİ-nin bununla əlaqədar Belarusa qarşı sanksiyalarının qəbuledilməz olduğunu bildirib.

 

TÜRKİYƏNİN YERLİ QIRICISI “F-16”dan DƏFƏLƏRLƏ ÜSTÜN OLACAQ

Türkiyənin yerli, beşinci nəsil qırıcısının istehsalı 2022-ci ildə yekunlaşacaq. “Sputnik” informasiya agentliyinin “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin “Türk Havacılık ve Uzay Sanayi A.Ş” şirkətinin rəhbəri Temel Kotil bildirib.

Şirkət rəhbəri Türkiyənin istehsal edəcəyi qırıcını “F-16”larla müqayisə edib. Müqayisə nəticəsində Türkiyə istehsalı olacaq beşinci nəsil qırıcıların Amerika istehsalı analoqundan daha güclü olduğu görünür.

“F-16”nın tək motoru var, bizim qırıcımızın iki. Yerli istehsal olacaq qırıcı görünməz olacaq. “F-16” 1980-cı illərin texnologiyası ilə yaradılıb, bizim təyyarəmiz isə 2020-ci ilin. “F-35” tək motorludur. Türkiyənin qırıcısı isə ondan 1,5 dəfə güclü olacaq. Qırıcımız “F-22” ilə “F-35” arasında bir qırıcı olacaq”, - deyə Temel Kotil bildirib.

Qırıcının prototipinin 18 mart 2023-cü ildə anqardan çıxması planlaşdırılır. Bundan sonra təyyarənin sistemi və mühərrikinin testinə başlanılacaq. Təyyarənin ilk uçuşunun 2026-cı ildə həyata keçirilməsi gözlənilir.

 

ABŞ VƏ UKRAYNA ARASINDA STRATEJİ TƏRƏFDAŞLIQ XARTİYASI İMZALANIB

ABŞ Kiyevə dəstək üçün Rusiyaya qarşı sanksiyaları davam etdirmək niyyətindədir. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ və Ukrayna arasında imzalanan yeni strateji tərəfdaşlıq xartiyasında göstərilib.

Məlumata əsasən, Birləşmiş Ştatlar Ukraynanın silahlı təcavüzə, iqtisadi və enerji böhranlarına və Rusiyanın zərərli kiber fəaliyyətinə qarşı səylərini dəstəkləmək niyyətindədir.

Belə ki, Rusiya Federasiyasına qarşı tədbirlər Ukraynanın ərazi bütövlüyü bərpa olunana qədər davam etdiriləcək.

Eyni zamanda, sənəddə qeyd olunub ki, rəsmi Vaşinqton Ukraynanın NATO-ya qəbul olmaq istiqamətində atdığı addımları dəstəkləyir.

 

Aİ-NIN ÇEVİK HƏRBİ QÜVVƏLƏRİ 2025-CI ILƏDƏK FORMALAŞDIRILA BILƏR

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrel 2025-ci ilədək Avropanın çevik reaksiya qüvvələrinin yaradılmasını təklif edib. “Trend” agentliyinin məlumatına görə, bu barədə o, jurnalistlərə açıqlamasında bəyan edib.

Ali komissar bildirib ki, Aİ-nin üzləşdiyi geosiyasi təhdidlərlə bağlı vahid mövqeyinin formalaşdırılmasına yönəlmiş, ilk təhlükəzilik konsepsiyası olan “Strateji kompas” adlı sənədin layihəsi üzərində işlər başa çatdırılıb.

Jozep Borrelin sözlərinə görə, strateji prioritetlər sırasında ilk addım 5 min hərbçidən ibarət çevik reaksiya qüvvələrinin yaradılması olacaq. Qeyd olunur ki, qüvvələr növbəti dörd il ərzində fəaliyyətə başlaya bilər.

Məlumat üçün qeyd edək ki, Aİ-nin təhlükəsizlik konsepsiyasının 2022-ci ilin yazında qəbul edilməsi planlaşdırılır.

 

ÇİN LİDERİ: QARŞIDURMADAN YAYINMAQ LAZIMDIR

Çinin dövlət başçısı Si Cinpin Asiya-Sakit okean bölgəsində soyuq müharibə qarşıdurmasından yayınmağı vacib sayır. “Teleqraf.com”un xəbərinə görə, Si Cinpinin çıxışı Yeni Zelandiyada keçirilən Asiya-Sakit Okean Regionu İqtisadi Əməkdaşlıq Birliyinin zirvə görüşündə səsləndirilib.

Si Cinpin çıxışında şəffaflıq və əməkdaşlıq çağırışı edərək bildirib ki, “Asiya-Sakit okean regionu soyuq müharibə dövrünün ideoloji parçalanmalarına və münaqişələrinə qayıda bilməz və qayıtmamalıdır”.

Bölgənin azad ticarət və sərmayəni daha da inkişaf etdirməli olduğunu qeyd edən Çin lideri vurğulayıb ki, sənaye əlaqələri və təchizat zəncirləri funksional və sabit olmalıdır.

Bununla yanaşı, Çinin islahatlar prosesini inkişaf etdirməkdə qərarlı olduğunu dilə gətirən Si Cinpin Asiya-Sakit okean regionunun inkişafında təkanverici qüvvə olmağı hədəflədiklərini bəyan edib.

 

MİXEİL SAAKAŞVİLİ ACLIQ AKSİYASINI DAYANDIRIB

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili aclıq aksiyasını dayandırmaq barədə qərar qəbul edib. “Report”un xəbərinə görə, bu barədə onun vəkili Nika Qvaramiya jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, sabiq dövlət başçısı  bu addımı ilə Strasburq məhkəməsinin qərarını nəzərə alıb.

Vəkil qeyd edib ki, Saakaşvili hazırkı xəstəxanadan işğal xətti yaxınlığındakı Qori hərbi xəstəxanasına köçürülməsini Rusiya xüsusi təyinatlılarının bölgəyə yaxın olduğu üçün özünə təhdid hesab edir. O, həkimlər şurasının yüksək texnologiyalara malik çoxfunksiyalı xəstəxanaya köçürülməsi barədə qərar verməsini xahiş edib.

Qeyd edək ki, Mixeil Saakaşvili oktyabrın 1-də Tbilisidə  saxlanılıb. O, həmin gündən aclıq aksiyası keçirirdi. Siyasətçi noyabrın 8-də Tbilisidəki 18 saylı Qldani cəzaçəkmə müəssisəsinin xəstəxanasına köçürülüb.

Məlumat üçün qeyd edək ki, Avropa İnsan Hüquqları Məhkəməsi noyabrın 10-da qəbul etdiyi qərarda Mixeil Saakaşvilini aclıq aksiyasını dayandırmağa çağırıb.

 

UKRAYNALI POLKOVNİKİN TÜRK PUA-ları İLƏ BAĞLI XƏYANƏTİ ÜZƏ ÇIXDI

Türkiyədən alınan pilotsuz uçuş aparatlarının Ukraynada yerləşdirildiyi bazanın komandirinin bu texnologiyanın sirlərini ruslara satdığı iddia edilib. “Teleqraf.com”un verdiyi xəbərə görə, casusluq etdiyi iddia olunan polkovnikin cinayət başında yaxalandığı açıqlanıb.

Ukrayna Əks Kəşfiyyat İdarəsi tərəfindən aparılan araşdırmada Hərbi Dəniz Qüvvələrinin 10-cu Dəniz Aviasiya Briqadası komandiri, polkovnik İlya Oleynikovun Rusiya tərəfinə casusluq etdiyi və əsas fəaliyyətini türk PUA-larının texnologiyasının öyrənilməsinə yönəltdiyi üzə çıxıb.

Məlumata əsasən, gizli fəaliyyəti ifşa edilən ukraynalı polkovnik dərhal saxlanılıb. Bundan sonra məlum olub ki, o, Rusiya ordusu və Donbasdakı separatçılarla intensiv təmaslarda olub.

Həmçinin İlya Oleynikovun dindirilməsinin davam etdiyi, onun “Bayraktar TB2” dronları ilə bağlı ciddi məlumatlar əldə edə bilmədiyi bildirilir. Bununla belə, onun Ukrayna Hərbi Dəniz Qüvvələrinin bir çox əməliyyat planları və müdafiə xətləri haqda Rusiya Kəşfiyyat Xidmətinə məlumat ötürdüyü vurğulanır. Ukrayna qanunlarına görə, polkovnikə qarşı casusluq cinayəti sübuta yetirilərsə, o, güllələnmə ilə edam olunacaq.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.