Milli qürurumuzun təntənəsi
Siyasət

Milli qürurumuzun təntənəsi

İkinci Qarabağ müharibəsi  dövlətimizin gücünün, xalqımızın milli iradəsinin və həmrəyliyinin təntənəsinə çevrilərək torpaqlarımızın işğaldan azad olunması, pozulmuş ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.  44 günlük savaşda Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə müzəffər Azərbaycan Ordusu yalnız 30 illik müasir müstəqillik tariximizin deyil, son bir neçə əsrlik tariximizin ən şərəfli səhifəsini yazdı. Tarixi torpaqlarımız olan Qarabağ və Şərqi Zəngəzur artıq işğaldan azaddır, 30 ilə yaxın düşmənin vandallığı ilə üzləşən bu torpaqlar indi yenidən qurulur, tarixi şöhrətini bərpa edir.

Qarabağın, Şərqi Zəngəzurun Azərbaycan torpaqları olduğunu bu gün kiməsə sübut etməyə ehtiyac yoxdur. Hətta indiki Ermənistanın da Azərbaycan torpaqlarında yaradıldığı tarixi aksiomdur. Bunu Cənubi Qafqazın tarixini bilən, ermənilərin özləri üçün uydurduğu saxta tarixlə az-çox tanış olan beynəlxalq ictimaiyyət də yaxşı bilir. Lakin təəssüflə qeyd etməliyik ki, öz fəaliyyətini dünyada və Avropada beynəlxalq hüquq normalarının bərqərar olmasına yönəldən bir sıra təşkilatlar, Qərbin bəzi siyasi mərkəzləri ilk gündən ikili standartlardan çıxış edərək, nəticə etibarilə Ermənistanın işğalçı maraqlarının reallaşmasına xidmət edən mövqe ortaya qoymuşdular. Məsələn, 1992-ci ildə Azərbaycan BMT-yə qəbul olunanda bu təşkilatın timsalında beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycan torpaqları kimi tanıyıb. Üstəlik, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsi barədə 4 qətnamə qəbul edib.

Azərbaycan xalqının Vətən müharibəsində qazandığı mənəvi zəfərin ictimai təfəkkürə təsiri hərbi əməliyyatlar zamanı əldə edilmiş qələbələr qədər möhtəşəmdir. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimizin canı-qanı bahasına qazanılmış bu şərəfli qələbə xalqın milli qürurunu, özünə güvənini, inamını qaytar­mışdır. Qələbə əzmi milli birliyimizi gücləndirmiş, hər birimizdə sarsıl­maz inam hissi yaratmış, Vətənin keçmişi, bu günü və gələcəyi qarşısında ictimai məsuliyyət duyğusunu yüksəltmişdir. İndiki və gələcək nəsillər bu Qələbənin əzəmətini, Azərbaycana hansı böyük müvəffəqiyyətlər qazandırdı­ğını daim xüsusi qürur və fəxarətlə anacaqlar.

Barəsində çox əsrlər danışıla­caq şanlı Zəfərimizin qayəsində, kökündə duran başlıca səbəb, həlledici amil isə xalqımızın vahid amal uğrunda dəmir yumruq kimi birləşməsi, Liderinə sonsuz güvəni, onun qərarlarını tərəddüdsüz dəstəkləməsidir. Xalqımız hələ ötən əsrin 90-cı illərində dövlətçiliyə qarşı yönəlmiş xəyanətkar qəsdlər, çevriliş cəhdləri zamanı, eləcə də Azərbaycan Respublikasının ilk Milli Konstitusiyasının qəbulu za­manı göstərdiyi birlik və həmrəyliyi Vətən müharibəsi günlərində daha böyük mütəşəkkilliklə nümayiş etdirmişdir.

Qeyd etmək lazımdır ki, Azərbaycanın hələ indiki kimi güclü olmadığı ötən əsrin 90-cı illərinin ortalarında dünya erməniliyi Qarabağda ikinci erməni dövləti xülyasını reallaşdıra bilməmişdi. Ulu öndər Heydər Əliyev buna imkan verməyərək, dövlətimizin milli mənafeyini layiqincə təmin etmişdi. Təbii ki, respublikamızın gücləndikcə Qarabağ məsələsində daha böyük uğurlar  qazanması qaçılmaz idi. Ulu öndərin layiqli davamçısı kimi Prezident İlham Əliyev Azərbaycanı inkişaf etdirməklə, bütün sahələrdə yüksəlişə nail olmaqla, həm də torpaqlarımızın işğaldan azad olunacağı gününü yetişdirdi. Başqa cür desək, Prezident İlham Əliyev Azərbaycanı qüdrətli dövlətə çevirməklə torpalarımızın işğaldan azad edilməsi üçün əlverişli tarixi şərait formalaşdırdı.

2020-ci il  sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribat isə Ermənistana baha başa gəldi. Həmin gündən başlayaraq 44 gün ərzində danışıqlardan anlamayan, Azərbaycana hədə-qorxu gələn Ermənistan döyüş meydanında layiqincə cəzalandırıldı. Şəhər və kəndlərimiz, rayonlarımız bir-birinin ardınca işğaldan azad edildi. Cəbrayıldan, Hadrutdan, Füzulidən, Zəngilandan, Qubadlıdan Ali Baş Komandan İlham Əliyevə edilən zəfər məruzələri hər birimizi qürurlandırdı, riqqətə gətirdi. Noyabr ayının 8-də isə Ali Baş Komandan bütün Azərbaycanın gözlədiyi tarixi müjdəni çatdıraraq Qarabağın tacı, milli mədəniyyətimizin beşiyi, milli qürurumuzun ünvanı olan Şuşanın azad olunduğunu bəyan etdi. Bundan sonra işğalçı Ermənistanın rəhbərliyi Azərbaycanla müharibə aparmağın faydasız olduğunu görərək Prezident İlham Əliyevin şərtləri əsasında hazırlanmış, Azərbaycanın milli maraq və mənafelərinə cavab verən üçtərəfli bəyanata imza atdı. Şuşanın azad olunduğu 8 noyabr isə indi təqvimə Zəfər günü kimi daxil olaraq tariximizi şərəfləndirir.

Bu zəfərin bir sıra şərtləri var ki, onlardan biri cənab İlham Əliyevin Prezident və Ali Baş Komandan kimi uğurlu fəaliyyətinin nəticəsidir. İlk növbədə onu qeyd edək ki, bir siyasi lider kimi cənab İlham Əliyev müharibədən əvvəl və ondan sonra böyük siyasi qətiyyət  nümayiş etdirdi, beynəlxalq təzyiqləri layiqincə dəf etdi və müharibəni öz şərtləri əsasında başa vurdu. Təsadüfi deyil ki, xarici siyasi dairələr, tanınmış siyasi analitiklər və ekspertlər bu müharibədə İlham Əliyevin nümayiş etdirdiyi qətiyyətli mövqenin böyük rol oynadığını qeyd edirlər. Bu baxımdan Vətən müharibəsində Azərbaycan xalqı bir daha öz rəhbərinin vətənpərvərliyinin, qətiyyətinin, yenilməzliyinin şahidi oldu.

Bu qələbə İlham Əliyevin Ali Baş Komandan olduğu Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığının, əsgər və zabitlərimizin peşəkarlığının və vətənpərvərliyinin təcəssümü oldu. Ordumuzun gücü barədə söylənən fikirlər 44 gün ərzində praktik şəkildə öz təsdiqini tapdı. Xüsusən qürurvericidir ki, ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar dünyanın ən inkişaf etmiş hərbi dairələri tərəfindən də maraqla qarşılandı. Ekspertlər də haqlı olaraq qeyd edirlər ki, Azərbaycan XXI əsrin müharibəsini apararaq, bir çox savaşlarda təcrübədən çıxan hərbi nəzəriyyələrə də ciddi dəyişikliklər etdi.

Ordumuzun əsgərdən generala kimi Vətən müharibəsində iştirak edən hər bir hərbçisi öz nümunəsində qəhrəmanlıq nümunəsi yaratdı. Cəsarətlə döyüşən, işğalçıya aman verməyən oğullarımız öz mübarizlikləri ilə dastanlar yazdılar. Onların hər biri döyüş meydanlarında vətən uğrunda mübarizə necə olduğunu igidliklə nümayiş etdirdi.

Amma bir həqiqət də var ki, müharibələrdə, döyüşlərdə itkisiz keçinmək olmur. Bu müharibədə qəhrəman hərbçilərimiz döyüş yollarında ölümdən qorxmadılar, şəhadət zirvəsinə ucaldılar. Vətən torpaqlarını onların qanı, qazilərimizin canı bahasına azad etdik. Xalqımız hər zaman qəhrəman vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad edəcək.

Qalibiyyətlə bitirdiyimiz II Qara­bağ müharibəsindən təxminən bir il keçməsinə baxmayaraq, əfsanəvi qəhrəmanlıq dastanına çevrilmiş mübarək zəfərimiz və onun əzəməti haq­qında beynəlxalq aləmdə hələ də danışı­lır və müzakirə edilir. İllər, əsrlər keçəcək xalqımıza başucalığı gətirmiş tarixi qələbəmizin tükənməyən sevinci gələcək nəsillər üçün də qürur mənbəyi olacaqdır. Bu zəfəri şanlı tariximizə qanları ilə yazan şəhid və qazilərimiz daim minnətdarlıqla xatırlanaraq, ölməzlik rəmzi kimi həyat durduqca yaşayacaqlar!

Ali Baş Komandan İlham Əliyevin dilindən səslənən “Qarabağ Azərbaycandır” ifadəsi Azərbaycanın milli mübarizəsinin şüarına çevrildi, bü­tün xalqı öz ətrafında birləşdirdi və son­da Azərbaycanın ərazi bütövlüyünü təmin etdi: “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır” .

Hazırda xalqımız böyük Zəfərin yeni bir səhifəsini yazmaqdadır. Vətənə çevrilmiş torpaqlarımızın hər qarışında davam edən qu­ruculuq işləri dünyanın gözü qarşısında yeni bir Azərbaycan möcüzəsinə çevrilməkdədir. Bu möcüzə Azərbaycanın müstəqilliyinə, torpaq bütünlüyünə, bu gününə və sabahına olan vətəndaş və övlad sevgisinin, haqqın və ədalətin təntənəsinin daha bir ifadəsidir.

Azərbaycanın İkinci Qarabağ savaşındakı qələbəsi regionda yeni reallıqlar yaradıb. Hazırda Qarabağ və Şərqi Zəngəzur nəhəng tikinti meydanını xatırladır. Hələ ötən ilin bu vaxtlarında təsəvvür belə edə bilməzdik ki, cəmi bir ildən sonra Füzulidə Beynəlxalq Hava Limanı mövcud olacaq və ya Zəngilanda «ağıllı kənd» salınacaq. Bəli, Qarabağı və Şərqi Zəngəzuru azad edən dövlətimiz sürətlə bu əraziləri tam bərpa edəcək, düşmənin vurduğu yaraların hamısı tezliklə sağalacaq. Prezident İlham Əliyevin sayəsində azad olunmuş bütün şəhər və rayonlarımız bərpa ediləcək, tezliklə keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar.

                                                                                            Zaur DƏMİROV,

                                                                                Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu.