DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

NATO ƏFQANISTAN MİSSİYASI İLƏ BAĞLI ARAŞDIRMALARA BAŞLADI

NATO-nun baş katibi Yens Stoltenberq Əfqanıstan missiyası və geriçəkilmə prosesi ilə bağlı hərtərəfli araşdırmanın başladığını açıqlayıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə baş katibin Almaniyanın “Welt am Sonntag” qəzetində yazdığı məqalədə bildirilib.

“Son bir neçə həftədə baş verən hadisələr əfqanlar üçün faciəli oldu və onları dəstəkləyən hər kəsi sarsıtdı”, - deyə baş katib vurğulayıb.

Yens Stoltenberq gələcəkdə bənzər missiyalar üçün Əfqanıstan prosesindən alınacaq dərslərin olduğunu vurğulayıb. O deyib: “Həqiqətən də NATO-nun səyləri ilə bağlı soruşulacaq çox çətin suallar var. Bundan nəticə çıxarmalıyıq”.

Baş katibin sözlərinə görə, NATO gələcəkdə də buna bənzər missiyaları davam etdirəcək: “Əfqanıstan Şimali Amerika və Avropanın NATO-nun köməyi ilə hərəkət etməsi lazım olan son böhran olmayacaq. Bizə zərər vermək istəyən hər zaman olacaq. Bunu 11 sentyabrda və bir çox terror hücumlarında gördük”.

 

HULUSİ AKAR: RUSİYADAN MÜQAVİLƏLƏRƏ ƏMƏL ETMƏSİNİ GÖZLƏYİRİK

“Rusiya ilə İdlib mövzusunda qəbul etdiyimiz müqavilələrə əməl edirik, məsuliyyətimizin fərqindəyik, müttəfiqlərimizdən də qəbul edilən müqavilələrə əməl etmələrini gözləyirik.” “APA”nın xəbərinə görə, bunu Hatayda səfərdə olan Türkiyənin müdafiə naziri Hulusi Akar bəyan edib.

Müdafiə naziri İdlibə hücum nəticəsində Türkiyə ordusunun həlak olan iki əsgəri ilə bağlı da mövqeyini bildirib. “Dostlarımız xain, alçaq hücum nəticəsində şəhid oldular. Şəhidlərimizin qanı yerdə qalmadı, qalmayacaq”, - deyə Hulusi Akar vurğulayıb.

Qeyd edək ki, sentyabrın 11-də Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Yaşar Güler və Quru Qoşunları Komandanı general Musa Avseverlə birgə Hataya gedərək Suriya ilə sərhəd xəttindəki birlik komandirləri ilə görüş keçirib.

 

BRİTANİYA KƏŞFİYYATI: 11 SENTYABR HADİSƏLƏRİ TƏKRARLANA BİLƏR

Əfqanıstanda iqtidarın “Taliban” hərəkatının əlinə keçməsi Birləşmiş Krallığı 2001-ci il 11 sentyabr terror hücumlarına bənzər təhlükə qarşısında qoyub. “Report” agentliyinin “BBC”yə istinadən verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın “MI5” hərbi əks-kəşfiyyat xidmətinin rəhbəri Ken Makkalum bəyan edib.

Son 4 ildə ölkədə 31 terror qəsdinin qarşısını aldıqlarını diqqətə çatdıran kəşfiyyat rəhbəri daha sonra deyib: “Əfqanıstandan gələn mühüm bir problem ilhamverici təsirlə yanaşı, həm də terrorçuların qarşımıza daha təkmil, mənfur üsullar çıxaracaqları təhlükəsidir”.

2006-cı ildə London Hitrou Hava Limanından qalxan 7 təyyarəni terrorçuların partlatmaq planını pozduqlarını xatırladan general Makkalum qeyd edib ki, Əfqanıstanda 20 ildir terrorçuluğa qarşı aparılan mübarizə nəticəsində bu cür irimiqyaslı qəsdlər nadir hala çevrilmişdi.

 

ERMƏNİSTANDA AVTOMOBİLLƏRDƏN RUSİYA NÖMRƏLƏRİ OĞURLANIR

Ermənistanda avtomobillərin dövlət nömrə nişanlarının oğurlanması halları davam edir. “Report”un verdiyi xəbərə görə, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

Qəzet qeyd edir ki, bu dəfə oğurlanan Rusiya Federasiyasına məxsus dövlət nömrə nişanlarıdır. “Respublikamızda səhər yuxudan oyananda avtomobilinizin dövlət nömrə nişanının olmadığını görə bilərsiniz. Bu dəfə oğurlanan erməni “qızıl nömrələri” deyil, məhz Rusiya dövlət nömrə nişanlarıdır. Rusiya dövlət nömrə nişanlı avtomobilləri idarə edənlər respublikamızda “imtiyazlı” sayılırlar. Çünki Rusiya nömrə nişanlı avtomobillərin sürücüləri kameralar və radarlar vasitəsilə qeydə alınan pozuntulara görə pul ödəmirlər”, - deyə məqalədə bildirib.

Qəzetin yazdığına görə, Rusiyaya məxsus nömrə nişanı oğurlanırsa, sürücü onu yeni rus nömrəsi ilə əvəz edə bilməz və ya yenisini ala bilməz: “Çünki bu, çox zəhmətli və bahalı bir prosesdir”.

 

COZEF BAYDEN “COVID-19”LA BAĞLI YENİ PLANI TƏSDIQ EDIB

ABŞ prezidenti Cozef Bayden ölkədə koronavirus infeksiyası ilə mübarizənin daha da gücləndirilməsi məqsədilə peyvəndin genişləndirilməsini nəzərdə tutan yeni planı təsdiq edib. “APA”nın verdiyi xəbərə görə, bu barədə ABŞ lideri Ağ Evdə çıxışı zamanı bildirib.

“Yeni plana əsasən, artıq daha çox amerikalı peyvənd olunacaq. Bu plan, eyni zamanda, xalqın sağlamlığının qorunmasına maneə törədənlərlə mübarizə məqsədi daşıyır. Mənim planım testlərin artırılmasını və iqtisadiyyatımızı qorumağı da əhatə edir”, - deyə Cozef Bayden vurğulayıb.

Bununla yanaşı, ABŞ prezidenti qeyd edib ki, plan 6 istiqamətdə tədbirlərin həyata keçiriləcəyini nəzərdə tutur: “Bu tədbirlərin tam təsirli olması üçün vaxt lazımdır. Rahat şəkildə məktəbə getməklə, şirkətlərdə işlərin davam etməsi ilə iqtisadiyyat da güclü olacaq”.

 

ANGELA MERKEL: QƏRB ƏFQANISTANDA MƏQSƏDİNƏ ÇATA BİLMƏDİ

“ABŞ-da 11 sentyabr 2001-ci ildə baş verən terror hücumlarından sonra Qərb Əfqanıstanda nail olmaq istədiyi bütün məqsədlərə çata bilmədi”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Almaniyanın kansleri Angela Merkel bəyan edib.

Eyni zamanda, Angela Merkel, xüsusilə qadın hüquqlarının qorunması ilə əlaqədar bir sıra məsələlərdə “Taliban” hərəkatı ilə razılaşmanın çətin olacağını bildirib.

“Bu anadək təhlükəsizliyimizi təhdid edən terroru məğlub edə bildiyimizi, lakin istədiyimiz bütün məqsədlərə çatmadığımızı dərk etməliydik”, - deyə kansler vurğulayıb.

 

“SİNOVAC” ŞİRKƏTİ 6 AYLIQ UŞAQLARDA PEYVƏNDİN TƏSİRİNİ YOXLAYACAQ

Çinin “Sinovac” əczaçılıq şirkəti koronavirusa qarşı peyvəndin təsirini 6 aylıqdan 17 yaşa qədər olan uşaq və yeniyetmələrdə sınayacaq. “Trend” agentliyinin məlumatına görə, bu barədə “Global Times” qəzeti xəbər verib.

Bildirilir ki, bu yaşda olan uşaqlarda peyvəndin üçüncü mərhələsinin ilk klinik sınağı olacaq.

Məlumata əsasən, “Sinovac” və tərəfdaşı “Numolux Group” Cənubi Afrikada araşdırmalar aparacaqlar.

Bildirilir ki, onların birgə bəyanatlarına görə, altı aylıqdan 17 yaşa qədər olan uşaq və yeniyetmələri əhatə edən sınaqların məqsədi “Sinovac” peyvəndlərinin koronavirus infeksiyasına və ağır “COVID-19” hallarına qarşı təhlükəsizliyinin, immunogenliyinin və effektivliyinin qiymətləndirilməsidir.

 

MÜQAVİMƏT QÜVVƏLƏRİ PƏNCŞİRİN 3 RAYONUNU TALİBLƏRDƏN GERİ ALIB

Əfqanıstanın şimalındakı Pəncşir əyalətində “Taliban” hərəkatına qarşı döyüşən milli müqavimət qüvvələrinin dəstələri regionun üç rayonunu taliblərdən geri alıblar. “Report”un verdiyi xəbərə görə, bu barədə “Afghanistan Times” nəşri məlumat yayıb.

Qəzetin mənbələrinin açıqlamasına görə, döyüşçülər Pəncşirin şimal və şimal-şərq hissələrində yerləşən Dara, Abşar və Paryan rayonlarını “Taliban” silahlılarından təmizləyiblər. Qeyd edilir ki, milli müqavimət qüvvələrinin silahlıları ağır döyüşlər nəticəsində “Taliban”ın onlarca döyüşçüsünü məhv edib.

Bir neçə gün öncə taliblərin nümayəndəsi Zabihulla Mücahid Pəncşirin tamamilə “Taliban”ın nəzarəti altına keçdiyini elan etmişdi. Öz növbəsində Əhməd Məsud Əfqanıstanın bütün sakinlərini ümumi üsyana çağıraraq bildirib ki, taliblərlə hərbi qarşıdurma davam edir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.