DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

NATO-DAN NÜVƏ MÜHARİBƏSİ TƏHLÜKƏSİNİN QARŞISINI ALMAQ ÜÇÜN TƏLİMLƏR

NATO nüvə müharibəsi təhlükəsinin qarşısının alınması üçün planlaşdırılmış təlimlər keçirəcək. “TRT” telekanalının məlumatına görə, bu barədə Alyansın açıqlamasında qeyd olunur.

Verilən xəbərə əsasən, NATO-ya üzv 14 ölkənin hərbi hava qüvvələrin hər il keçirdiyi  “Steadfast Noon” adlı təlimdə nüvə müharibəsi təhlükəsinin qarşısının alınmasının imkanları sınaqdan keçiriləcək.

Bildirilir ki, həqiqi silahların istifadə olunmayacağı təlimlər üçün 17-30 oktyabr tarixlərində Belçika və İngiltərənin hava məkanından istifadə olunacaq.

Məlumata görə, təlimlərdə müxtəlif tipli 60 döyüş təyyarəsi iştirak edəcək. Bunlara dördüncü və beşinci nəsil döyüş təyyarələri, müşahidə təyyarələri və tanker təyyarələri daxildir.

Bununla yanaşı, təlimlərdə ABŞ-ın uzaqmənzilli “B-52” bombardmançı təyyarələri də iştirak edəcək. “B-52” bombardmançı  təyyarələri ABŞ-ın Şimali Dakota ştatındakı Minot aviabazasından havaya qalxacaq.

Qeyd edilir ki, “Steadfast Noon” adlı təlimə hər il NATO-ya üzv bir ölkə ev sahibliyi edir.

 

QIRĞIZISTAN VƏ TACIKISTAN ARASINDA RAZILIQ ƏLDƏ EDİLİB

Qazaxıstanın paytaxtı Astana şəhərində Rusiya tərəfinin təşəbbüsü ilə Tacikistan prezidenti Emoməli Rəhmon, Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Qırğız Respuğlikasının prezidenti Sadır Japarov arasında birgə görüş keçirilib. “Trend” agentliyinin məlumatına görə, bu barədə Tacikistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, dövlət başçıları Mərkəzi Asiyada regional təhlükəsizlik və sabitlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə Tacikistan-Qırğız Respublikası dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə danışıqlar prosesinin gedişi nəzərdən keçirilib.

Yaranmış məsələlərin müstəsna olaraq siyasi-diplomatik vasitələrlə həlli, o cümlədən dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə hökumət qruplarının və ekspertlərdən ibarət işçi qrupların əvvəllər əldə edilmiş razılaşmalara uyğun olaraq fəaliyyətinin aktivləşdirilməsinə dair razılıq əldə olunub.

 

DÜNYA BANKI VƏ BVF-DƏN QLOBAL RESESSİYA RİSKİ İLƏ BAĞLI XƏBƏRDARLIQ

Dünya Bankının prezidenti David Malpas və Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva qlobal resessiya riskinin artdığı barədə xəbərdarlıq ediblər. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Verilən xəbərə görə, ABŞ-ın paytaxtı Vaşinqtonda BVF-Dünya Bankının illik yığıncağı keçirilir. Bu çərçivədə David Malpas və Kristalina Georgiyeva dünya iqtisadiyyatı ilə bağlı qiymətləndirmələr aparıblar.

Avropada bəzi inkişaf etmiş iqtisadiyyatların ləngidiyinə diqqət çəkən David Malpas bir çox inkişaf etməkdə olan ölkədə valyutaların dəyər itirməsinin ölkələr üçün borc səviyyələrinin getdikcə daha da ağırlaşması mənası daşıdığını və faiz artımının bunu daha da ağırlaşdırdığını diqqətə çatdırıb.

BVF-nin icraçı direktoru Kristalina Georgiyeva isə resessiya riskinin artdığı ilə bağlı David Malpasla razılaşdığını bəyan edib.  BVF rəhbəri həmçinin dünya iqtisadiyyatındakı yavaşlamanın 2026-cı ilə qədər təxminən 4 trilyon dollar itkiyə səbəb olacağını gözlədiklərini ifadə edib.

 

KÖLN ŞƏHƏRİNDƏ İLK DƏFƏ AZAN SƏSLƏNDİRİLMƏSİNƏ İCAZƏ VERİLİB

Almaniyanın Köln şəhərində 2018-ci ildə açılışı olan məsciddə   oktyabrın 14-də ilk dəfə azan səsləndirilib. Bu barədə “Report” agentliyinə Diyanət İşləri Türk-İslam Birliyindən (DİTİB) məlumat verilib.

DİTİB əməkdaşı Zəkəriya Altuq azan səsləndirilməsi ilə bağlı qaydaları tənqid edib: “60 desibelə qədər azan səsləndirilməsinə icazə verilib. Bu nə deməkdir? Məsciddən bayıra çıxsanız və qarşıdakı piyada zolağının yanında dayansanız, azanın səsini eşidə bilməyəcəksiniz”.

Eyni zamanda, Zəkəriya Altuq vurğulayıb ki, azan müsəlmanları namaza çağırışdır və müəzzinin səsi ətrafda yaxşı eşidilməlidir. “Əgər biz dini bərabərlikdən danışırıqsa, kilsəslərdə bazar günü zənglər ətrafda aydın eşidildiyi kimi, azan səsi də məscidin ətrafında aydın eşidilməlidir”, - deyə o vurğulayıb.

Bununla yanaşı, DİTİB-dən verilən açıqlamaya əsasən, məscidin açılışından 4 il keçməsinə baxmayaraq, yalnız indi, həftənin cümə günü, saat 12:00-15:00 arası, cəmi 5 dəqiqə azan səsləndirilmsinə icazə verilib.

 

COZEF BAYDEN: ABŞ İNFLYASİYA İLƏ MÜBARİZƏdƏ İRƏLİLƏYİŞƏ NAİL OLUB

ABŞ sentyabr ayında inflyasiya ilə mübarizədə irəliləyiş əldə edib, avqustda isə bu sahədə imzalanan qanun sığorta haqlarının azaldılmasına və yaşlı insanlar üçün dərmanların qiymətlərinin aşağı salınmasına kömək edib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Cozef Bayden bildirib.

Dövlət başçısının sözlərinə görə, bugünkü hesabat qiymət artımına qarşı mübarizədə müəyyən irəliləyiş olduğunu göstərir, lakin bu istiqamətdə görüləcək işlər hələ çoxdur.

“Bu irəliləyişlə belə, qiymətlər hələ də çox yüksəkdir. Dünya dövlətlərinin əziyyət çəkdiyi və ölkəmizdə işləyən ailələrə təsir edən qlobal inflyasiya ilə mübarizə mənim əsas prioritetimdir”, - deyə Cozef Bayden əlavə edib.

Ağ Ev tərəfindən yayılan bəyanatda qeyd edilir ki, avqust ayında prezident tərəfindən imzalanan, ABŞ-da inflyasiyanın azaldılması qanunu 13 milyon insan üçün tibbi sığorta haqlarının və yaşlı insanlar üçün reseptli dərmanların qiymətlərinin azaldılmasına, eləcə də xərclərinin ildə 2 min dollaradək aşağı salınmasına kömək edəcək. Tədbir həm də yaxın aylarda ev təsərrüfatlarının elektrik enerjisi ödənişlərini azaldacaq.

 

TÜRKİYƏ ORDUSUNDAN PKK TERROR TƏŞKİLATINA AĞIR ZƏRBƏ

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında PKK terror təşkilatına qarşı dron əməliyyatları davam edir. “Teleqraf.com”un verdiyi xəbərə görə, içində PKK/SDQ liderlərinin də olduğu avtomobilin Malikiyədə partladıldığı bildirilir.

Suriya İnsan Haqları Müşahidə Qrupu avtomobilin PUA tərəfindən hədəfə alındığını və iki nəfərin öldüyünü iddia edib.

İraq mediası avtomobildəki şəxslərin PKK/SDQ birləşmələrinin komandirləri İbrahim Mikayıl və Şibli Derek olduğunu açıqlayıb. Həmçinin partlayış zamanı hər iki şəxsin öldüyü bildirilir.

Məlumata görə, Suriya Demokratik Qüvvələri liderlərindən biri olan Şibli Derekin Suriyadakı ABŞ hərbçiləri ilə yaxın əlaqələri olub. Terror təşkilatı ilə ABŞ arasında koordinasiya təmin edən bu şəxsin amerikalı hərbçilərlə fotoları da var.

 

BÖYÜK BRİTANİYANIN MALİYYƏ NAZİRİ İSTEFAYA GÖNDƏRİLİB

Böyük Britaniyanın maliyyə naziri Kvasi Kvartenq istefaya göndərilib. “Report” agentliyinin Britaniya mətbuatına istinadən verdiyi xəbərə görə, onun iqtisadi siyasəti ölkədə, o cümlədən hakim Mühafizəkarlar Partiyasında narazılıqlara səbəb olmuşdu.

Eyni zamanda, bildirilir ki, ölkənin keçmiş xarici işlər naziri Ceremi Hant yeni maliyyə naziri təyin edilib. O, 2018-2019-cu illərdə Böyük Britaniya Xarici İşlər Nazirliyinə rəhbərlik edib.

Məlumat üçün qeyd edək ki, Kvasi Kvartenq vəzifəsini cəmi 38 gün icra edib və oktyabrın 14-də qalmaqallı vergi islahatları fonunda işdən azad olunub.

Xatırladaq ki, Liz Tras sentyabrın 5-də Böyük Britaniyanın baş naziri seçilib və yeni hökumət formalaşdırıb. Böyük Britaniyada artıq bir il ərzində dörd maliyyə naziri dəyişib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.