DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

STOLTENBERQ GÜRCÜSTANLI NAZIRLƏ BÖLGƏDƏKI VƏZIYYƏTI MÜZAKIRƏ EDIB

Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze və NATO-nun baş katibi Yens Stoltenberq arasında görüş keçirilib. “Report” agentliyi xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Alyansın Brüsseldəki mənzil qərargahında baş tutan görüşdə bölgədə təhlükəsizliklə bağlı vəziyyət və NATO-nun Qara dəniz bölgəsində daha fəal iştirakının əhəmiyyəti müzakirə olunub.

Cuanşer Burçuladze bildirib ki, Gürcüstan NATO-ya inteqrasiya yolunda maksimal irəliləyişə nail olmaq üçün Alyansla əməkdaşlıq üzrə bütün mexanizmləri istifadə etməkdə davam edir.

Nazir Gürcüstanın təhlükəsizliklə bağlı ümumi məqsədlər naminə NATO-nun etibarlı tərəfdaşı olmağa hazırlığını ifadə edib. O, Gürcüstan- NATO uğurlu əməkdaşlığının daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.

Yens Stoltenberq öz növbəsində Gürcüstanın NATO-ya üzvlüyünü dəstəklədiyini bir daha təsdiqləyib və Əfqanıstanda sülhməramlı missiyaya verilən töhfəyə görə təşəkkür edib.

 

İSRAILIN ILK DƏFƏ BƏƏ-DƏ KONSULLUQLARI FƏALIYYƏTƏ BAŞLAYIB

İsrailin xarici işlər naziri Yair Lapid iyunun 30-da Dubayda  baş konsulluğun açılış mərasimində iştirak edib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə İsrail XİN-in mətbuat xidməti məlumat yayıb.

“Dünən Əbu-Dabidə və bu gün Dubayda konsulluq açdıq. Bu gün açılışını etdiyimiz təkcə konsulluq deyil, həm də əməkdaşlıq mərkəzidir. Bura bizim birlikdə düşünmək, inkişaf etmək və dünyanı dəyişmək qabiliyyətimizi simvolizə edən yerdir”, - deyə Y.Lapid mərasimdə çıxışı zamanı bildirib.

Qeyd edək ki, 2020-ci il sentyabrın 15-də Vaşinqtonda ABŞ-ın fəal iştirakı ilə İsrail tərəfi BƏƏ və Bəhreynlə münasibətlərin normallaşdırılması haqqında sənədlər imzalayıb. Bu sənədlər imzalananadək yəhudi dövlətinin ərəb ölkələrindən yalnız Misir və İordaniya ilə diplomatik münasibətləri mövcud idi.

“Bu gün qeyd etdiyimiz sülh hökumətlər və liderlər arasında deyil, insanlar və dövlətlər arasında əldə olunub. Bu, bizim məsələlərə olan baxışımızdır və elə bu səbəbdən də biz bu gün buradayıq”, - deyə Yair Lapid əlavə edib.

 

ÜST: KORONAVIRUSUN “DELTA” VARIANT 96 ÖLKƏDƏ QEYDƏ ALINIB

Koronavirusun “delta” variantı bu günədək dünyanın 96 ölkəsində qeydə alınıb. “Trend” agentliyinin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasında vurğulanır.

Bildirilir ki, ilk dəfə Hindistanda aşkar edilmiş bu ştamm son həftə ərzində 11 yeni ölkədə müşahidə olunub.

İlk dəfə Böyük Britaniyada aşkar olunmuş “alfa” ştammı 172 ölkədə, CAR-da aşkar olunmuş “beta” ştammı 120 ölkədə, Braziliyada aşkar olunmuş “qamma” ştammı 72 ölkədə qeydə alınıb.

Məlumat üçün qeyd edək ki, bugünədək dünyada 183 milyona yaxın insan koronavirusa yoluxub, ölənlərin sayı 4 milyona yaxınlaşır.

 

FLORIDA ŞTATINDA BINANIN ÇÖKMƏSI NƏTICƏSINDƏ ÖLƏNLƏRIN SAYI ARTIB

ABŞ-ın Florida ştatının Mayami şəhərində yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. “Report”un verdiyi xəbərə görə, son məlumata əsasən, 149 nəfər hələ də itkin düşmüş hesab olunur.

Dağıntılar altından ölənlərlə birgə 35 nəfəri çıxarmaq mümkün olub. Sağ qalanların bəziləri ciddi xəsarətlər alıb.

Qeyd edək ki, 12 mərtəbəli yaşayış binası iyunun 23-dən 24-nə keçən gecə qəfildən çöküb. Hadisə bölgəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Binanın çökməsinin səbəbləri hələlik müəyyən olunmayıb. Ərazidə polis, yanğından mühafizə xidməti və xilasedicilər çalışır.

 

PAKISTAN BMT-DƏN KƏŞMIRLI UŞAQLARI QORUMASINI TƏLƏB EDIB

Pakistanın BMT-dəki daimi nümayəndəsi  Münir Əkrəm Təhlükəsizlik Şurasını Cammu və Kəşmir başda olmaqla qarşıdurmaların olduğu bölgələrdəki uşaqları qorumaq üçün təcili tədbirlər həyata keçirməyə çağırıb. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Verilən xəbərə görə, Münir Əkrəm çağırışında Hindistan təhlükəsizlik qüvvələrinin qəsdən pnevmatik silahlarla uşaqları hədəf aldığına diqqət çəkib. Daimi nümayəndə qadınlar və uşaqlar da daxil olmaqla 300-dən çox məsum kəşmirlinin toqquşmalarda və reydlər zamanı həyatını itirdiyini bəyan edib. Münir Əkrəm BMT Təhlükəsizlik Şurasını, xüsusilə Cammu və Kəşmir başda olmaqla münaqişə bölgələrindəki uşaqları qorumaq üçün təcili addımlar atmağa çağırıb.

Qeyd edək ki, BMT-nin baş katibi Antonio Quterreş də “Uşaqlar və Silahlı Münaqişə” adlı hesabatında Cammu və Kəşmirdə insan haqları pozuntuları ilə əlaqəli narahatlıqlarını vurğulayaraq, Hindistan hökumətini uşaqlara qarşı pnevmatik silahlardan istifadəni dayandırmağa çağırıb.

 

ABŞ-IN ƏFQANISTANDA MINƏ YAXIN HƏRBÇISI QALACAQ

ABŞ Əfqanıstanda minə yaxın hərbçini saxlamaq niyyətindədir. “Report”un “CNN” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə rəsmi mənbələr məlumat verib.

“ABŞ Əfqanıstandan qoşununu bir neçə günə çıxara bilər. Rəsmi qoşunlar çıxdıqdan sonra ABŞ-ın Kabildəki səfirliyini, ölkə paytaxtındakı hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə minə yaxın hərbçisini saxlayacaq. NATO-nun Əfqanıstanda qalacaq hərbçilərinin sayı məlum deyil”, - deyə mənbə qeyd edib.

Xatırladaq ki, bir müddət öncə Pentaqon Əfqanıstanda 650 hərbçi saxlayacağını bildirmişdi.

Qeyd edək ki, ABŞ 2020-ci ilin may ayından etibarən Əfqanıstandan qoşunlarını çıxarmağa başlayıb. Bu prosesin sentyabrın 11-də başa çatacağı gözlənilir.

 

ÇIN MALYARIYA XƏSTƏLIYINƏ QALIB GƏLDI

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çini malyariya xəstəliyinin olmadığı ölkə kimi tanıyıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə qurumun baş direktoru Tedros Adanom Qebreyesus bəyan edib.

“Bu gün Çin xalqını təbrik edirik. Bu müvəffəqiyyət çox zəhmət bahasına, on illərlə məqsədyönlü və ardıcıl fəaliyyətin nəticəsində qazanılıb”, - deyə baş direktor vurğulayıb.

Verilən xəbərə əsasən, artıq Çin malyariya olmayan ölkə statusunu təsdiqləyən sertifikat alıb. ÜST-ün açıqlmasına görə, son 30 ildə Çin Qərbi Sakit Okean bölgəsində belə sertifikat alan ilk ölkə olub.

Məlumat üçün qeyd edək ki, indiyədək ümumilikdə 40 ölkə ÜST-ün müvafiq sertifikatına sahibdir.

 

URMIYA GÖLÜNDƏ SUYUN SƏVIYYƏSI SÜRƏTLƏ AZALIR

İranın Şərqi Azərbaycan vilayətində yerləşən Urmiya gölündə suyun miqdarı son bir ildə yaşanan quraqlıq səbəbindən 1 milyard 900 milyon kubmetr azalıb. “Trend” agentliyinin məlumatına görə, bunu açıqlamasında Şərqi Azərbaycan Regional Su İdarəsinin icraçı direktoru Yusif Qaffarzadə bəyan edib.

“Hazırda göldəki suyun miqdarı 4 milyard 380 milyon kubmetrdir. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 6 milyard 280 milyon kubmetr idi. Gölün sahəsinə gəlincə, keçən il 3 min 624 kvadrat kilometr idisə, bu il 3 min 450 kvadrat kilometrə qədər azalıb. Suyun miqdarı quraqlıq və buxarlanma səbəbindən aşağı düşür”, - deyə Yusif Qaffarzadə vurğulayıb.

Qeyd edək ki, Urmiya gölündə suyun səviyyəsi 2003-cü ildən etibarən azalmağa başlayıb. 2013-cü ildə isə göl tamamilə qurumaq təhlükəsi ilə qarşı-qarşıya qalmışdı.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.