Zərurətdən doğan lokal tədbir
Gündəm

Zərurətdən doğan lokal tədbir

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməkdən boyun qaçıran Ermənistan ona verilmiş iqtisadi və siyasi yüksəliş şansını 3 il ərzində dəyərləndirə bilmədi. Beynəlxalq qanunları görməzdən gələrək Azərbaycanın suveren hüquqlarına açıq-aşkar təcavüz etməkdən belə çəkinməyən Ermənistan sözsüz ki, bu gücü havadarlarından, İran, Fransa, Rusiya kimi iri dövlətlərdən alırdı. Keçmiş Minsk qrupu üzvlərinin açıq-aşkar dəstəyi, xristian təəssübkeşliyi Ermənistana başından böyük danışmağa, riyakarlıq etməyə imkan verirdi. Məhz buna görə də Paşinyan Brüsseldə bir söz, Moskvada isə tamamilə başqa bir söz deyirdi.

Bütün bunların fonunda böyük dövlətlər Ermənistanı qınaq obyektinə çevirmək, onu danışıqlar masası arxasında əyləşməyə vadar etmək əvəzinə, bölgədə öz maraqlarını təmin etmək xatirinə ermənilərin "humanitar fəlakət", "aclıq" vəziyyətində qaldıqları barədə vay-şivənlərinə görə Azərbaycanı qınadılar. 30 il ərzində Naxçıvanın blokada şəraitində olduğunu görməzdən gələnlər bircə dəfə də olsun Zəngəzur dəhlizinin açılmasını tələb etmədikləri halda, erməni yalanlarına rəvac verərək Laçın yolundan Ermənistanın Qarabağ bölgəsinə silah, sursat daşımasına humanitar yardım adı verməkdən çəkinmədilər.

Üçtərəfli Bəyanatın əsas müddəalarından biri də Ermənistan silahlı qüvvələrinə məxsus qanunsuz birləşmələrinin, silah-sursatın bölgədən çıxarılması tələbi də ermənilərin "yadından çıxdı". Əksinə, Ermənistan bütün vasitələrlə bu 10 min nəfərlik ordunu daha çox silahlandırmağa başladı və təxribatlar davam etdirildi.

Artan təxribatlar fonunda sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxdı və mülki şəxslər həlak oldu. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu və yaralandı.

Məhz bütün bu məqamları nəzərə alaraq BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit edilmiş bütün qanuni vasitələrlə ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi istiqamətində addımlar atılmalı idi. Və həmin addımlar atılaraq lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Antiterror tədbirləri Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə həyata keçirildi və legitim hərbi hədəflərə dəqiq zərbələr endirildi. Belə bir lokal tədbirin keçirilməsi hər bir suveren dövlətin, o cümlədən Azərbaycanın hüququdur.

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zəruri və ədalətlidir. Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırmışdır. Bu barədə mobil SMS xidməti vasitəsilə Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilmişdir. Eyni zamanda, səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilmiş və məlumat vərəqələri paylanılmışdır.

Ona görə də, kiminsə, hansı dövlətinsə bizə "dur" deməyə, erməni quldur dəstələrini müdafiə etməyə haqqı yoxdur. Bəyanatın imzalanmasından keçən 3 il müddətində 300-dən çox vətəndaşımız mina terrorundan zərər çəkmiş, 61 vətəndaşımız mina terrorunun, onlarla hərbi qulluqçumuz isə erməni qəsbkarlarının açdığı xain atəşin qurbanı olmuşdur. Təəsssüf ki, heç bir təşkilat səsini çıxarmamış, bu minaların və silah-sursatın haradan gətirildiyi barədə ermənilərdən hesab tələb etməmişdir.

Azərbaycanın Ali Baş Komandanı Prezident İlham Əliyevin dəfələrlə xəbərdarlıq etməsinə, dəmir yumruğun yerində olduğunu söyləməsinə, ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün bütün şəraitin yaradılmasına baxmayaraq düşmənin "kor inadkarlığı" öz nəticəsini verdi və Azərbaycanın səbir kasası daşdı.

Azərbaycan xalqı həyata keçirilən antiterror tədbirlərində dövlətimizin, onun rəhbərliyinin yanında oldu və söz Vətən olunca bir yumruq kimi birləşdi. 23 siyasi partiyanın bu günlərdə yayımlanmış Bəyanatı, ictimai təşkilatların fəal vətəndaş mövqeyi sərgiləməsi də bundan xəbər verir.

Natiq QULUZADƏ,

YAP Zəngilan Rayon Təşkilatının sədri.