Zəngilan: Böyük Qayıdışın ilk ünvanı
Sosial həyat

Zəngilan: Böyük Qayıdışın ilk ünvanı

 “Zəngilan şəhəri və ümumiyyətlə, Zəngilan rayonu təbiət nöqteyi-nəzərindən çox gözəl olduğu üçün yeni yaradılacaq şəhər də bu gözəlliyi özündə təcəssüm etdirməlidir. Ona görə Baş planın qəbul edilməsi, təsdiq olunması və ondan sonra işlərin daha sürətlə getməsi, əlbəttə ki, təmin ediləcəkdir”.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşən Zəngilan rayonu füsunkar təbiəti, böyük iqtisadi potensialı və turizmin inkişafında əhəmiyyətli rolu ilə seçilir. Bununla yanaşı, 5 qəsəbə və 79 kəndi əhatə edən rayon təbii ehtiyatların çoxluğuna görə də diqqəti cəlb edir. Belə ki, rayonun Vejnəli yatağı qızıl, filiz, gümüş, mis ehtiyatları ilə zəngindir. Rayonun iqtisadi inkişafına dəstək göstərəcək digər amil isə onun strateji mövqeyidir. Rayon İran, Ermənistan və Naxçıvana çox yaxın məsafədə yerləşir. Zəngəzur dəhlizinin açılmasından sonra Zəngilan rayonu qısa zamanda bölgənin logistik habına çevriləcək. Çünki Horadiz ilə Zəngilanı birləşdirəcək dəmir və avtomobil yollarının tikintisi sürətlə davam etdirilir, Zəngilan Beynəlxalq Hava Limanı tam hazır vəziyyətdədir və 3000 metr uzunluğunda uçuş-enmə zolağı ilə bütün beynəlxalq tələblərə və standartlara cavab verən ən yeni naviqasiya infrastrukturu ilə təchiz olunub.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində 29 oktyabr 1993-cü ildən düşmən əsarətində olan rayonun 20 oktyabr 2020-ci ildə işğaldan azad edilməsindən dərhal sonra həmin torpaqlarda quruculuq işlərinə başlanıldı. Respublikamızda ilk “Ağıllı kənd”in təməli Zəngilan rayonunda qoyuldu və inşası qısa vaxt ərzində başa çatdırıldı.

Vətən müharibəsində qələbəmizdən sonra Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə Bəyanatda Zəngəzur dəhlizinin açılması xüsusi qeyd olunub. Dəhlizin açılması uzun illər blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının inkişafını və tarixi ərazimiz olan qədim Zəngəzura yenidən qayıdışı təmin edəcək. Belə ki, Zəngilan rayonunu Naxçıvanla ayıran 40 kilometrlik Zəngəzur dəhlizinin açılması yeni iqtisadi perspektivlərə də zəmin yaradacaq. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycan tarixinin növbəti uğurlarından biri kimi dəyərləndirilməlidir.

Rayon ərazisində sənaye əhəmiyyətli 6,5 ton qızıl və 3 min ton misi olan “Vejnəli” yatağı, ehtiyatları 6 milyon 618 min kubmetr təşkil edən mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 milyon ton olan Zəngilan əhəngdaşı var. Bununla yanaşı, ümumi ehtiyatları 28 milyon 943 min kubmetr təşkil edən Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1 milyon 102 min kubmetr olan kərpic-kirəmid istehsalına yararlı gil və ehtiyatları 17 milyon 367 min kubmetr təşkil edən Zəngilan qum-çınqıl qarışığı yataqları da mövcuddur.

Zəngilan rayonunda Avropada misli olmayan Şərq çinarları, qoz və digər qiymətli ağaclar bitir. Yaşı 500-ə, uzunluğu 12 kilometrə çatan çinar meşəliyini əhatə edən Bəsitçay qoruğu 1974-cü ildə yaradılmışdır. Qoruqda olan Şərq çinarı "Qırmızı Kitab"a daxil edilib. Təəssüflər olsun ki, erməni işğalçıları tərəfindən kəsilərək məhv edilib.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəngilan şəhərinin işğaldan azad olunması yaxın gələcəkdə ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək. Qızıl və mis ehtiyatına malik olan “Vejnəli” yatağından istifadə isə bu resursların ixracını daha da artıracaq.

Prezident İlham Əliyevin iştirakı ilə 2021-ci ilin aprelində Zəngilan rayonunda ilk “ağıllı kənd” layihəsinin təməli qoyuldu. Layihənin icrasında Türkiyə, İsrail, İtaliya və Çinin qabaqcıl şirkətləri də iştirak ediblər. Təməlqoyma mərasimində dövlətimizin başçısı bildirib ki, erməni işğalçıları tərəfindən dağıdılmış şəhər və kəndlərimiz ən müasir texnologiyalara əsaslanan “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyaları əsasında bərpa olunacaq. Həmin il aprelin 26-da bu istiqamətdə atılan ilk addımı dövlət başçısı Böyük Qayıdışın başlandığı gün kimi dəyərləndirdi. Qeyd edək ki, “ağıllı kənd” layihəsi 5 komponent üzrə icra olunub. Bu, yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq xeyli sayda fərdi evlər tikilib. Əsasən bir və iki mərtəbədən ibarət olan evlər ailələrin say tərkibinə uyğun olaraq bölünüb.  Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa edilib, turizm infrastrukturu formalaşdırılıb. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri hesabına təmin edilir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu il mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər. Layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılıb. Burada onlarla fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi başa çatdırılıb.

Azərbaycan və Türkiyə prezidentləri Füzuli Beynəlxalq Hava Limanının açılışından sonra Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olaraq iki qardaş ölkənin birgə investisiya layihəsi olan “Dost Aqropark”ın təməlini qoymuşlar. Qeyd edək ki, türk və azərbaycanlı sərmayədarlar tərəfindən Zəngilanda həyata keçirilən “Dost Aqropark” layihəsinin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bu layihələr iki qardaş ölkənin qida təhlükəsizliyinə xüsusi töhfə verməklə regionun əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına geniş zəmin yaradacaq.

Ölkə başçısı Zəngilan rayonunda əsas məşğulluq və iqtisadiyyatın əsas hissələrindən biri də kənd təsərrüfatı olmalıdır deyərək bildirib ki, burada təbii iqlim çox əlverişlidir və “DOST Aqropark”ın timsalında biz azad edilmiş bütün torpaqlarda gələcəkdə yaradılacaq mənzərəni görməliyik.

Rayonun göz oxşayan meşələri, təbii əraziləri, mineral suları və beynəlxalq hava limanı, dəmir və avtomobil yolları burada turizmin inkişafına geniş imkan yaradır. Prezident İlham Əliyev rayonun turizm potensialını belə dəyərləndirib: “Zəngilan rayonunun turizm potensialı, əlbəttə ki, digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılmalıdır. İndi Zəngilan, Qubadlı, Laçın yolu ilə Şuşa şəhərinə də məsafə çox qısa olacaq, çox rahat olacaq. Yəni, Zəngilan rayonunun turizm imkanları dərindən təhlil edilməlidir, təxirəsalınmaz işlərə biz dərhal başlamalıyıq”.

Yaxın gələcəkdə Zəngilanda istirahət zonaları fəaliyyət göstərəcək, təbii yataqlar geniş şəkildə istifadə olunacaq, turizm inkişaf edəcək, memarlıq üslubu ilə seçilən inzibati və yaşayış binaları tikiləcək, istehsal olunan kənd təsərrüfatı və sənaye məhsulları dünya bazarında rəqabətliliyi ilə seçiləcək, “ağıllı kənd” yaşayış şəraiti  ilə beynəxalq aləmdə nümunəyə çevriləcək. Zəngilan rayonu böyük qayıdışın ilk ünvanı kimi tarixə düşərək yeni və müasir inkişaf mərhələsinə qədəm qoyacaq.

Mikayıl NƏRİMANOĞLU,

“Respublika”.