Doğma sakinlərini qarşılayan növbəti kəndimiz Zabux olacaq
Sosial həyat

Doğma sakinlərini qarşılayan növbəti kəndimiz Zabux olacaq

İkinci Qarabağ müharibəsində qazanılan Zəfər sayəsində soydaşlarımızın 30 illik yurd həsrəti sona çatdı. Artıq yüzlərlə sakin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı yaşayış məskənlərinə köçürülüb. Bu da dövlətimizin iqtisadi və siyasi gücünün göstəricisidir.

2020-ci ilin noyabrına qədər Azərbaycan dövlətinin qarşısında duran əsas məsələ erməni işğalı altında olan 20 faiz ərazilərimizi geri qaytarmaq olmuşdusa, bundan sonra isə əsas vəzifə həmin yerlərdə bərpa-quruculuq işlərinə başlamaq və sakinləri əzəli yurd yerlərinə köçürmək olub. Bu proses də özünü çox gözlətmədi. 2022-ci ildən başlayaraq "Böyük Qayıdış" proqramı ilə Zəngilanın Ağalı və Tərtərin Talış kəndi, eləcə də Laçın və Füzuli şəhərlərində vətəndaşlarımız yaşayırlar. İndi isə növbə Zabux kəndinə qayıdacaq keçmiş məcburi köçkünlərdədir. Artıq Zabux kəndi də digər şəhər və kəndlərimiz kimi, sakinlərinə əbədi qucaq açacaq. Plana uyğun olaraq avqustun 25-də ilk mərhələdə 20 ailə - 88 nəfər Zabuxa köçürüləcək.

Paytaxtdan Zabux kəndinə yolasalma Lökbatanda məcburi köçkünlər üçün salınmış "Qobupark-3"də baş tutacaq. Zabuxa birinci mərhələdə köçürüləcək sakinlər arasında keçirilən püşkatmada 20 ailə - 88 nəfər iştirak edib. Ailədəki say  tərkibinə uyğun olaraq, onlardan 4-ü ikiotaqlı, 4-ü üçotaqlı, 8-i dördotaqlı, 4-ü beşotaqlı mənzillə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar. Püşkatmanın keçirilməsi keçmiş məcburi köçkünlərin yerləşdirilməsində obyektivliyi və şəffaflığı təmin etmək üçündür.

Laçın rayonunun Zabux kəndi 2022-ci il avqustun 26-da erməni işğalından azad olunub və Azərbaycan Ordusunun nəzarətinə keçib. Buna qədər isə ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonunun tərkibində 30 il işğal altında olub.

Vətən müharibəsi başa çatdıqdan sonra Laçın rayonu Ordumuzun nəzarətinə keçsə də, Laçın şəhəri Zabux və Sus kəndləri nəzarətimizdə deyildi. Bunun da səbəbi Ermənistandan Qarabağa gedən yolun Laçın şəhərindən keçməsi idi. Lakin 10 noyabr Bəyanatı imzalandığı gün Prezident İlham Əliyevin təkidilə yeni yol çəkildikdən sonra Laçın şəhərinin üç il ərzində Azərbaycana qaytarılması razılaşdırıldı. Beləliklə, dövlət başçısının tapşırığına uyğun olaraq ilyarım ərzində Azərbaycan tərəfi üzərinə düşən işi yekunlaşdıraraq yolun tikintisini başa çatdırdı. Artıq 2022-ci il avqustun 2-də yol istismara tamamilə hazır olmuşdu. Avqustun 5-nə qədər Laçın şəhəri, Zabux və Sus kəndlərini təhvil verməli olan ermənilər xahiş edərək, vaxtı avqustun 25-nə qədər uzatdılar. Nəticə etibarilə  avqustun 25-də ermənilər həmin əraziləri tərk etdilər və bir gün sonra Azərbaycan Ordusu Zabux, Sus kəndlərinə və Laçın şəhərinə daxil oldu. Daha sonra isə dövlət başçısı Laçın şəhərinə səfərdə olan zaman Azərbaycan Bayrağını şəhərin mərkəzində qaldırdı və bəyan etdi ki, biz artıq bu doğma diyarımızda əbədi yaşayacağıq.

Ermənilərin uzun illər boyu torpaqlarımızı işğal altında saxladığı müddətdə  törətdiyi cinayətlərdən biri də həmin yerlərdə qanunsuz məskunlaşma aparması olub. Beynəlxalq konvensiyalara zidd olaraq ermənilərin daha çox köçürüldüyü ərazilərə Zabux kəndi də daxildir. Prezident İlham Əliyev ermənilərin qanunsuz olaraq Azərbaycan ərazilərində yerləşdirilməsinə münasibət bildirərək demişdi: "İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Bəlkə də orada yaşayanlar Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir".

Dövlətimizin başçısı mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşüb və bildirmişdi ki, cəmi iki ilyarım ərzində artıq keçmiş köçkünlərin birinci qrupunu Ağalı kəndinə, Talış kəndinə yerləşdirmişik və üçüncü yaşayış yeri, hara ki, keçmiş köçkünlər qayıdır, Laçın şəhəri olub. Biz bu ilin sentyabr ayına qədər Zabux kəndini də tamamilə inşa edib zabuxluların sərəncamına verəcəyik.  

Artıq həmin gün gəlib çatıb və görülən işlərə nəzər yetirdikdə əminliklə deyə bilərik ki, Qarabağ və Şərqi Zəngəzur Cənubi Qafqazın ən müasir bölgələrindən biri olacaq.  Böyük sevinc hissi ilə demək olar ki, işğaldan azad olunmuş şəhər, kənd və qəsəbələrimizdə həyata keçirilən yenidənqurma işləri gündən-günə sürətlənir və ona paralel olaraq vətəndaşlarımız doğma torpaqlara qayıdır. Bütün bu işlərə görə isə Müzəffər Ali Baş Komandanımıza, Orumuza, şəhid və qazilərimizə minnətdarıq.

Musa BAĞIRLI,

"Respublika".