ZƏNGƏZUR DƏHLİZİ: QLOBAL PERSPEKTİVLİ LAYİHƏ
Siyasət

ZƏNGƏZUR DƏHLİZİ: QLOBAL PERSPEKTİVLİ LAYİHƏ

Asiya ilə Avropa arasında nəqliyyat qovşaqlarının mərkəzinə çevrilən ölkəmizin bu təşəbbüsünün reallaşması zamanın tələbidir

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağı erməni işğalından azad etdikdən sonra yeni bir nəqliyyat dəhlizinin yaranması üçün münbit şərait formalaşıb. Dünya iqtisadiyyatının inkişaf perspektivləri, eləcə də ölkəmizin Asiya ilə Avropa arasında nəqliyyat qovşağı rolunu oynaması nəzərə alınmaqla, Zəngəzur dəhlizinin açılması zamanın tələbinə çevrilib.

30 ilə yaxın bir müddət ərzində nə beynəlxalq hüquq, nə də nüfuzlu təşkilatlar Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə səy göstərmədilər. Bu baxımdan, İkinci Qarabağ müharibəsində Azərbaycan güc yolu ilə beynəlxalq hüququ təmin etməyin nümunəsini ortaya qoydu. Cəmi 44 gün ərzində işğal olunmuş torpaqlarımız azad edildi və erməni havadarlarının cəhdlərinə baxmayaraq, beynəlxalq birlik respublikamızın qələbəsini ehtiramla qarşıladı. 10 noyabr Bəyanatının Azərbaycan ərazilərinin azad olunması ilə bağlı olan əksər bəndləri icra olunub. Kommunikasiyaların bərpası istiqamətində fəaliyyət davam edir.

Tarixi Azərbaycan ərazisi olan Zəngəzurdan keçəcək kommunikasiyalar bölgənin tranzit xəritəsinə mühüm yeniliklər gətirəcək. Zəngəzur dəhlizinin istifadəyə verilməsi, eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək.

"Zəngəzur dəhlizinin, sadəcə, Azərbaycan və Ermənistan üçün deyil, qlobal səviyyədə əhəmiyyəti var. Çünki biz daha böyük həcmdə yüklərin olmasını gözləyirik və marşrutlar nə qədər çox olsa, bir o qədər yaxşıdır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev may ayında Şuşada keçirilən "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda konfransda bildirib. Dövlət başçısı qeyd edib ki, Zəngəzur dəhlizinin böyük potensialı var. Çin, Qırğızıstan və Özbəkistan arasında dəmiryolu əlaqəsi yaradılır və Zəngəzur dəhlizi həmin marşrutun davamı, "Bir kəmər, bir yol" layihəsinin və ya Şimal-Cənub dəhlizinin tərkib hissəsi ola bilər.

Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsi olan Naxçıvanı deyil, Türkiyə və Avropanı da nəqliyyat baxımından ölkəmizlə birləşdirəcək. Çin və Mərkəzi Asiya ölkələrindən Azərbaycana daxil olan yüklər Zəngəzur dəhlizi ilə Türkiyəyə, oradan Avropaya və əks-istiqamətə daşınacaq. Azərbaycanın adıçəkilən dəhliz üzərində suverenliyinin bərpası ölkə üçün böyük əhəmiyyət kəsb edir və Türkiyə bu mühüm məsələdə Bakını dəstəkləyir. 26 oktyabr 2021-ci ildə Azərbaycan və Türkiyə prezidentləri Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlini qoyublar. Uzunluğu 123,6 kilometr olan avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Hazırda 14 körpü, 3 yol ötürücü, 38 yeraltı keçidin tikintisi aparılır.

Bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin də müzakirə olunduğu görüşdə Türkiyə Prezidenti Zəngəzur dəhlizinin dərhal açılmasının və hərtərəfli sülh sazişinin tezliklə həyata keçirilməsinin bu proses üçün vacibliyini vurğulayıb: "Zəngəzur dəhlizi dərhal açılmalı və hərtərəfli sülh sazişi tezliklə həyata keçirilməlidir". Türkiyə artıq bir neçə dəfə bildirib ki, Zəngəzur dəhlizi açılmayana qədər digər məsələlər həll olunmayacaq. Zəngəzur dəhlizinin açılması iki ölkə arasında sülh müqaviləsinin başlanğıcı ola bilər. Eyni zamanda, Türkiyə və Ermənistan münasibətlərinin normallaşması yeni mərhələyə yüksələr. Perspektivdə Zəngəzur dəhlizi üzrə çəkilən həm dəmir, həm də avtomobil yolları Naxçıvandan keçməklə Türkiyəyə qədər uzanacaq. Beləliklə, Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq.

Prezident İlham Əliyev iyunun 20-də Çinin "China Media Group" media korporasiyasına müsahibəsində deyib ki, Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb. Beləliklə, Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Bir sözlə, bütün bunlar əlavə yüklər üçün digər imkanlar açacaq. Eyni zamanda Azərbaycan ərazisindən daşımalar, həmçinin Gürcüstanın dəniz limanından keçəcək. Biz bu sahədə müəyyən sərmayə imkanlarına böyük maraqla baxırıq. Həqiqətən, daşımalarda əməkdaşlıq bütün ölkələr üçün çox faydalı olacaq və eyni zamanda o da vacibdir ki, bu işlər dövlətlər arasında əlaqələri gücləndirəcək.

Zəngəzur qlobal nəqliyyat dəhlizi hazırda beynəlxalq səviyyədə nəqliyyat-logistika və kommunikasiyaların açılması, ölkələrin, bölgələrin, regionların, qitələrin inteqrasiyası və beynəlxalq ticarət proseslərinin intensivləşdirilməsi, əmtəə və investisiya axınlarının sürətləndirilməsi, qitələr arasında ticarət-iqtisadi əlaqələrin yeni mərhələyə qaldırılması, bununla bağlı xərclərin optimallaşdırılması nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. Bu amillər müasir qlobal iqtisadi və texnoloji çağırışların sürətləndiyi bir şəraitdə Zəngəzur dəhlizinin rolunu artıran arqumentlərdəndir. Zəngəzur nəqliyyat dəhlizinin açılması həm də böyük dövlətlərin marağındadır və türk dövlətləri üçün, onların iqtisadi inteqrasiyasından ötrü kifayət qədər strateji əhəmiyyət kəsb edir. Türk dünyasının güclənməsində, türk dövlətlərin təşkilatlanmasında yaranan yeni şəraitdə onların dünya iqtisadiyyatında və dünya siyasətində daha önəmli rol oynamasına zəmin yaradacaq.

Mustafa KAMAL,

"Respublika".