Kökdən güc alan yazıçı
Mədəniyyət

Kökdən güc alan yazıçı

Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan bu yazıçını təqdim etmək üçün sadəcə qələmə aldığı “Dəli Kür” romanının adını çəkmək kifayət edir. Bu əsərilə o, Azərbaycan xalqının kimliyini, hansı xüsusiyyətlərə, dəyərlərə malik olduğunu, adət-ənənələrinə sadiqliyini açıb göstərə bilmiş, millətin kişilik, mərdlik, sözübütövlük kimi xüsusiyyətlərini baş qəhrəman Cahandar ağanın timsalında ümumiləşdirib. Ciddi, ciddi olduğu qədər də mətin, qorxmaz və dəyanətli obrazın daxili aləmi çox zəngindir. Uşaqdan-böyüyə hər kəsin sevimli yazıçısı, əsl Azərbaycan ziyalısı, milli, əxlaqi dəyərlərin təmsilçisi idi. Yazıçı bədii yaradıcılığa şeirlə başlasa da sonralar onu nəsr özünə çəkmişdir. İlk qələm məhsulu olan “Quşlar” şeiri 1938-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunur. Özünün də sonralar xatırladığı kimi, ilk şeirinin çapı onun həm sevincli, həm də kədərli günü idi. Müəllif özü bu haqda yazırdı: “Həmin gün mən həm sevinir, həm də kədərlənirdim. Sevinirdim – nəhayət, şeirim çıxdı; kədərlənirdim- heyf ki, bir də şeir yazmayacağam”. Beləcə, gənc İsmayıl qafiyələrə, bəndlərə əlvida deyərək, yeni yola qədəm qoyur. Onu sirli, sehrli ifadələr, rəngarəng cümlələr özünə daha çox cəlb edir. Ədəbi yaradıcılıq sahəsində ilk addımlarını 1947-ci ildə “İnqilab və mədəniyyət” jurnalında çap etdirdiyi “Həkimin nağılı” hekayəsi ilə atır.

İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazax qəzasının İkinci Şıxlı kəndində müəllim ailəsində dünyaya gəlib. 1928-ci ildə Qazax qəzasının Kosalar kənd orta məktəbində təhsilə başlamış, məktəbi bitirdikdən sonra 1934-1936-cı illərdə Qazax Pedaqoji Texnikumunda oxumuş, 1936–1937-ci illərdə Kosalar kənd orta məktəbində müəllimlik etmişdir. Daha sonra 1937-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə qəbul olunmuş və 1941-ci ildə ali təhsilini başa vurub.

İsmayıl Şıxlı özünü təkcə Azərbaycan ədəbiyyatının zəngin irsə malik yazıçısı kimi deyil, eyni zamanda xalqını sevən, hər zaman ictimai işlərdə fəal iştirak edən bir vətəndaş kimi də sevdirmişdir. Yazıçı bütün xarakter və xüsusiyyətləri ilə milli irsimizi özündə yaşadan şəxsiyyət olmuşdur. O, həm də ədəbiyyatımıza yenilik, dəyişiklik gətirmişdir. Qələmə aldığı “Dəli Kür” romanının baş qəhrəmanı Cahandar ağa o dövrün ədəbiyyatında mühüm bir hadisə, yenilik kimi qiymətləndirilmişdi. Əslində o dövrdə bəy obrazını ədəbiyyata gətirmək böyük cəsarət tələb edirdi. Sovet dövrünün tələblərinə görə, bəy, mülkədarlar yalnız mənfi obraz kimi qələmə alınırdı. Lakin İsmayıl Şıxlı fərqli yol seçmişdi. O, Cahandar ağanın timsalında Azərbaycan bəyinin, kişisinin keyfiyyətlərini canlandırmış, hökmlü, koloritli və xarakterik bir obraz yaratmışdır. Bununla da yazıçı Azərbaycan ədəbiyyatında neorealizmin əsasını qoymuşdur. Doğrudur, əsərin qəhrəmanının bu tərzdə canlandırılması o dövr üçün qəbuledilməz olsa da İsmayıl Şıxlı bununla öz yaradıcılığının şedevr əsərini yaratmışdır. Yazıçı “Dəli Kür” romanını 9 ilə ərsəyə gətirmişdir. 1969-cu ildə özünün ssenarisi əsasında eyniadlı filmdə çəkilmişdi. Lakin filmə qarşı edilən Moskvanın böyük təziqləri nəticəsində bəzi səhnələr kəsilib. Ədəbiyyatımızda mühüm hadisəyə çevrilən əsər onun təkcə yazıçı təxəyyülünün məhsulu  deyil, həm də Kürün gücünün qüvvəsi idi. Ona görə də əsər illərdir fərqli, mürəkkəb mövzu əhatəliliyi, ziddiyyətli obrazları və axıcı dili ilə öz aktuallığını qoruyub saxlayır.

“Ayrılan yollar” romanı da olduqca cəsarətli qələm məhsuludur. Çünki elə bir zamanda həqiqətləri sərt şəkildə əks etdirən əsər yazmaq həm də müəllifin hünəri idi. Əslində yazıçı real həyatda da həqiqətləri sevən, doğrunu cəsarətlə deməyi bacaran şəxsiyyət olub. Ona görə də yazdığı hər bir əsəri oxucunun diqqətini özünə çəkə bilib. Bu mənada da yaratdığı ədəbiyyat nümunələri nə süjet xətti, nə mövzu baxımından, nə də milliliyi ilə bir-birini təkrarlamır. Onu da qeyd etmək yerinə düşər ki, İsmayıl Şıxlı yaradıcılığının əsas qollarından  birini də İkinci Dünya müharibəsi mövzusunda yazdığı əsərlər təşkil edir. Belə ki, müharibədə sovet ordusu tərkibində ön cəbhələrdə vuruşan ədibin həm həyatında, həm də yaradıcılığında cəbhə xatirələrinin mühüm təsiri olub. O, özü də dediyi kimi, cəbhədə insanlığı, həyatı, dostluğu, varı, yoxu, istini, soyuğu, çətinliklərə, üstünə yağan güllələrə, üzünə gülümsəyən ölümə rəğmən ümid etməyi, vuruşmağı, sabahı gözləməyi öyrənib. Həmin dövrdə şahidi olub, yaşadıqlarını isə yaradıcılığında təsirli şəkildə əks etdirdi.

İsmayıl Şıxlı yaradıcılığında tərcümə ədəbiyyatı da mühüm yer tuturdu. O, XIX əsr fransız ədəbiyyatının məşhur realist yazıçısı Gi de Mopassanın, türkiyəli yazıçı Əziz Nesinin “Taxtalıköydən məktublar” satirik hekayələrini ilk dəfə 1980-ci illərdə tərcümə edərək azərbaycanlı oxucuya təqdim etmişdi. Böyük yazıçı tərcümə məsələlərinə peşəkarcasına yanaşır və mütəxəssis kimi bu məsələyə xüsusi diqqət yetirirdi. Uzun illər “Azərnəşr”, “Yazıçı”, “Gənclik” nəşriyyatlarının tərcümə işlərini böyük məharətlə yerinə yetirmişdir. Yazıçının ömür yolunda müəllimlik müqəddəs bir peşə olmuşdur. Bu isə heç də təsadüfi deyildir. Çünki onun böyüyüb boya-başa çatdığı ailəsində atası başda olmaqla, çoxlu sayda müəllimlər olmuşdur.

İsmayıl Şıxlı həm də ictimai xadim olaraq xalqının, oxucularının arasında olub, onların problemlərini öyrənib, həlli yollarında səylərini əsirgəməyib. Şəkər xəstəliyindən gözləri tutulan yazıçı “Ölən dünyam” əsərini həyat yoldaşına diktə edərək yazdırıb. Bitirdikdən sonra isə əsər üzündən oxunanda deyib: “Artıq rahat ölə bilərəm”. Yazıçı 1995-ci il iyulun 26-da Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

Ramidə YAQUBQIZI,

“Respublika”.