Zakir Yusifov
Sosial həyat

Zakir Yusifov

Respublikamızda Vətənin azadlığı uğrunda şəhid olanların xatirəsinə daim hörmətlə yanaşılır. Tarix boyu xalqımız öz Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olan igid oğullar yetişdirmişdir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayanda, qəhrəman oğullarımız silaha sarılaraq Vətənin müdafiəsinə qalxdı. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda xalqımızın qeyrətli, mübariz oğulları “Təki vətən sağ olsun” deyib canlarını fəda etdilər.

İstər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ döyüşlərində respublikamızın bütün bölgələrindən fədakar və vətənpərvər eloğulları Ana Vətənimizin və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda qorxu nədir bilmədən özlərini odun-alovun içinə ataraq qəhrəmanlıq göstərmişlər. Kimisi yeni dünyaya gələn körpəsini qoyub gedib, kimisi də canından çox sevdiyi valideynlərini. Döyüş yoldaşlarını tək buraxmamaq, vətəni düşməndən qorumaq üçün fədakarlıq edən həmin döyüşçülərdən biri də Birinci Qarabağ müharibəsinin şəhidi, Milli Qəhrəman Zakir Yusifovdur.

Yusifov Zakir Tofiq oğlu 1956-cı il sentyabrın 29-da Bakı şəhərində dünyaya gəlib. O, orta məktəbə Xətai rayonundakı 194 saylı orta məktəbdə gedir. 1974-cü ildə orta məktəbi bitirən Zakir sənədlərini Sosovski adına Mülki Təyyarəçilik məktəbinə verir və qəbul olur. 1977-ci ildə təhsilini bitirərək Yevlax rayonunda işləməyə başlayır. O, burada AN-2 təyyarəsinə komandir təyin olunur. Bununla kifayətlənməyən Zakir yenidən sənədlərini Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə verərək  qiyabi  şöbəsinə  qəbul  olur və 1988-ci ildə buranı bitir.

 Müharibə şəraitində yaşayan bir dövlət üçün əsas amillərdən olan eskadrilyanın yaradılmasına Zakir Yusifov Milli Qəhrəman Yavər Əliyevlə nail olur. Keçirilən hərbi təlimlərin ardınca Qarabağımızın müdafiəsi üçün onun səmalarında uçuşlar həyata keçirir. Beləcə, Zakirin döyüş yolu Füzuli-Xocavənd istiqamətindən başlayır. Onun bu istiqamətlərdə keçirdiyi hərbi uçuşlar çox uğurlu alınır. Ən uğurlu uçuşu isə 11 aprel tarixində olur ki, aldığı tapşırıq əmrini uğurla yerinə yetirib geri dönür. Zakir 100- dən artıq hərbi uçuş tapşırıqlarını yerinə yetirərək düşmənin xeyli sayda zirehli texnikasını sıradan çıxardır. O, Füzuli və Xocavənd rayonlarında, eyni zamanda Tərtər, Ağdərə, Laçın və Şuşakənddə də xeyli sayda hərbi tapşırıqlar yerinə yetirir.

Onun göstərdiyi bu şücaət, sözün əsl mənasında qəhrəmanlıq kitabının səhifələrini yazmışdı. Zakirin sonuncu uçuşu Laçın rayonunun Səfiyan kəndi istiqamətində olur. 1992-ci il 11 oktyabr tarixində Səfiyan kəndi istiqamətində Zakir aldığı döyüş tapşırığını yerinə yetirərkən  ermənilər onun təyyarəsini vurur. Vertalyotun hərbi heyəti qəzada şəhid olur.

Bu qəhrəman təyyarəçimizin məzarı paytaxtdakı Şəhidlər Xiyabanındadır. Ölümündən sonra Azərbaycan Prezidentinin 5 fevral 1993-cü il tarixli Fərmanı ilə Zakir Tofiq oğlu Yusifova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Vaxtilə təhsil aldığı 194 saylı orta məktəb və paytaxt küçələrindən biri Milli Qəhrəmanımızın adını daşıyır. Bu cəsur təyyarəçimiz eyni zamanda da gözəl ailə başçısı idi. Onun iki övladı yadigar qalıb.

Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olan hər bir Vətən övladının xatirəsi hər zaman bizim üçün əzizdir. Azərbaycançılıq məfkurəsinə könüldən bağlı olan bu insanlar unudulmazdır, onların adları əbədi olaraq Vətən tarixinə yazılıb.

Müstəqil Azərbaycanın ərazi bütövlüyü və dövlətçiliyimizin müdafiəsində vətənpərvər oğullarımız yaddaşlarda əbədi yaşayacaqlar.

M.Cəfərov, 

                                                                                            “Respublika”.