İşğaldan azad olunmuş ərazilər cənnətə dönür
Sosial həyat

İşğaldan azad olunmuş ərazilər cənnətə dönür

Qarabağ Dirçəliş Fondu bu istiqamətdə uğurla fəaliyyət göstərir

Bu günlərdə Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası olub. İclasda qeyd edilib ki, cari ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi nüfuzlu tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərarın verilməsi dövlətimizin növbəti qələbəsidir. Şura üzvləri Fondun gördüyü işlər və fəaliyyət istiqamətləri ilə bağlı fikir mübadiləsi aparıb, İdarə Heyətinə müvafiq tapşırıqlar veriblər.

Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsi və sərmayələrin cəlb edilməsi, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi, habelə görülən işlərlə bağlı ölkə daxilində və xaricdə informasiya təminatını, maarifləndirmə, zəruri təşviqat işlərini həyata keçirir. Fondun əsas missiyası Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən layihələrə dəstək göstərməkdən ibarətdir. Fond 2021-ci il 4 yanvar tarixli Fərman əsasında yaradılıb.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Nəticədə xalqımız böyük Zəfərlə ərazilərini Ermənistanın işğalından azad etdi. Ölkənin ərazi bütövlüyünün bərpası beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişi kimi yaddaşlarda qaldı. Otuz ilə yaxın bir müddətdə düşmən bu torpaqlarda talanlar törətdi, maddi və mədəni sərvətlərimizi dağıtdı, ekologiyaya böyük ziyan vurdu. Çaylarımızı qurutdu, işğal altında saxladığı əraziləri başdan-başa minaladı. Bu gün Azərbaycan torpaqları minalarla ən çox çirkləndirilmiş ölkələr sırasındadır.

Təbii ki, azad olunmuş ərazilərin bərpası, yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri idi. Elə bu məqsədlə də Qarabağ Dirçəliş Fondu publik şəxs yaradılmışdır. Fond fəaliyyətə başladığı ilk gündən bu istiqamətdə xeyli iş görülüb. Bunun nəticəsində bölgəyə həyat qayıdıb, Böyük Qayıdış başlayıb. İndi o ərazilərə köç karvanı davam edir.

2021-ci ildə Qazax Müəllimlər Seminariyası və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə "Azərbaycanın gənc qurucuları" adlı ilk layihənin keçirilməsində əsas məqsəd şagirdlərin layihə əsaslı biliklərə yiyələnməsini təmin etmək, onları Qarabağla bağlı biliklərini təcrübədə sınaqdan keçirməyə təşviq etmək, eləcə də araşdırma və təqdimat bacarıqlarının, dəyərləndirmə və yaradıcılıq təfəkkürlərinin inkişafına dəstək olmaq idi.

2021-ci ildə Fond tərəfindən Zəngilan rayonuna "İsuzu" FSR 90L şassi üzərində 10 tonluq su çəni (ön və arxa şırnaq, yüksəktəzyiqli su kəməri, dolma və təzyiqli sulama nasosu ilə birgə) ianə edilib. Ağdam şəhər mərkəzindən 5 km məsafədə yerləşən və dövlət mühafizəsində olan yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri sırasında yer alan "Şahbulaq qalası" kompleksinin bərpası, həmçinin kompleks ətrafında müasir şəhərsalma qaydaları əsasında  turizm infrastrukturunun yaradılması işləri layihələndirilmiş, Füzuli şəhərində 22,47 hektar ərazidə Mərkəzi Parkın salınması məqsədilə layihə-smeta sənədləri hazırlanmışdır. Fondun sifarişi ilə bu işləri "By Medgalchi" şirkəti həyata keçirir. Füzuli Mərkəzi Parkının pre-konsepti üzrə görüləcək işlər, ərazidə mövcud vəziyyət barəsində 2022-ci il mayın 10-da təqdimat olub.

Şuşa şəhərində Üzeyir Hacıbəylinin heykəlinin yenidən qurulması da Heydər Əliyev Fondunun təşəbbüsü və sifarişi, Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib. Yeni heykəl heykəltəraşlar Aslan Rüstəmov, Teymur Rüstəmov və Mahmud Rüstəmov tərəfindən hazırlanıb.

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının 2021-ci il 10 dekabr tarixli qərarı ilə Fondun fəaliyyətinin strateji istiqamətləri (2022-2025) təsdiq olunub. Xalqımız üçün böyük əhəmiyyət kəsb edən daşınan və ya daşınmaz mədəni irs nümunələrinin bərpa və yenidən qurulması, azad edilmiş ərazilərə qayıdan keçmiş məcburi köçkünlərin, eləcə də Qarabağ bölgəsinin yeni  sakinlərinin adaptasiyası, onların yüksək rifahlı həyatlarının təmin olunması üçün lazımi bilik və bacarıqlarının inkişafına dəstək verilməsi, sahibkarlığın inkişafı üçün layihələrin dəstəklənməsi, hüquqi yardım göstərilməsi, keçmiş məcburi köçkünlərin ehtiyaclarının öyrənilməsi, təmin olunması və s. Həmçinin Fond ekoloji tarazlığın bərpası, təşviqat işləri və çevik kommunikasiyalar, insan kapitalının (cəmiyyətin) inkişafı, Qarabağın investisiya və işgüzar potensialının təşviqi, mütərəqqi idarəetmə və s. kimi istiqamətlər üzrə fəaliyyət göstərir. Rəqəmsallaşdırma Fondun fəaliyyətinin müxtəlif aspektlərini əhatə edir. Bunlar vahid korporativ veb-sayt, müəssisə Resurslarının Planlaşdırılması Sistemi (FRP) - elektron sənəd dövriyyəsi, intranet, ianə toplanmasının rəqəmsal formatda həyata keçirilməsi imkanlarının genişləndirilməsi və s.-dir.

2023-cü il 19-21 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində ("Rebuild Karabakh-2023")  Qarabağ Dirçəliş Fondu uğurla iştirak edib. Sərgi iştirakçıları  Qarabağ Dirçəliş Fondunun sifarişi və maliyyə dəstəyi ilə Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkına dair xüsusi stendlə, parkın üçölçülü Baş planı ilə interaktiv xəritə üzərində virtual olaraq tanış olublar.

Fondun fəaliyyəti çoxşaxəlidir. Görülən işlər isə qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsinə zəmin yaradır. Beləliklə də işğaldan azad olunmuş ərazilər cənnətə dönür.

Zümrüd QURBANQIZI,

"Respublika".