Yurd yerlərinə qayıdış əsas hədəfimizdir
Digər xəbərlər

Yurd yerlərinə qayıdış əsas hədəfimizdir

Qərbi Azərbaycan əlverişli coğrafi mövqeyi, zəngin yerüstü və yeraltı təbii sərvətləri ilə daim hayların diqqətini cəlb etmişdir. Müxtəlif tarixi dövrlərdə Göyçə mahalına, Zəngəzura, Amasiyaya, Vediyə, Zəngəzura, Dərələyəzə və digər Qərbi Azərbaycan ərazilərinə basqınlar edən ermənilərə qarşı xalqımız ölüm-dirim mübarizəsi aparmış, qəhrəmanlıqlar göstərmişdir.

XVIII-XX əsrlərdə Rusiya və onun Qafqazdakı əlaltısı Ermənistanın işğalçı siyasəti nəticəsində dəhşətli talanlar edilmiş, xalqımız kütləvi şəkildə qırılmış, torpaqlarımız zəbt edilmişdi. Qərbi Azərbaycan ərazilərində soydaşlarımıza qarşı düşmənçilik siyasəti XVIII əsrdən başlayaraq xüsusilə güclənmişdir. I Pyotr Rusiyanın sərhədlərini genişləndirmək, torpaqları işğal edib güclü dövlət yaratmaq məqsədilə öz adamlarını Qafqaza göndərir, kəşfiyyat işi aparırdı. Qafqazda planlarını həyata keçirmək üçün yerli əhali arasında özünə dayaq axtaran I Pyotr bu dayağı ermənilərin sayəsində əldə etdi.

O, erməni xalqını öz himayəsinə almaq haqqında 1724-cü il 10 noyabr tarixli fərman imzaladı. II Yekaterina da 1768-ci ildə erməniləri Rusiyanın himayəsinə almaq haqqında fərman vermişdir.

Ermənilər Qərbi Azərbaycanda və digər türk ərazilərində özlərinin təcavüzkar planlarını daim riyakarlıq və xəyanət yolu ilə həyata keçirmişlər.

Rus qoşunları ilk dəfə İ.U.Qudoviçin başçılığı ilə 1808-ci ildə İrəvan xanlığı üzərinə hücum etdi. İrəvan qalası 2 ay mühasirədə qaldı, ruslar İrəvan qalasını ala bilmədilər. Bu hücum zamanı ermənilər də könüllü olaraq ruslara qoşuldular və onların bir qismi buraya köçürüldü.

1813-cü il oktyabrın 12-də müharibənin qurtarması ilə əlaqədar bağlanan müqaviləyə əsasən Naxçıvan və İrəvan şahın hakimiyyəti altında qalırdı.

Azərbaycan xanlıqları içərisində təkcə İrəvan xanlığı bir qədər müstəqil idi. Qafqazın baş hakimi A.N.Yermolov bu vəziyyətlə barışa bilmirdi. O, nəyin bahasına olursa olsun İrəvan xanlığını da məhv etmək və əhalisini rusların tabeliyinə salmaq istəyirdi. Bu məqsədlə hazırladığı tədbirlərin həyata keçirilməsində İrəvanda yaşayan ermənilər də fəal iştirak edirdilər.

Beləliklə, 1827-ci il aprelin 2-də rus qoşunları ilk dəfə İrəvan üzərinə hücuma keçdi. İrəvan 1827-ci il fevralın 27-də rus qoşunları və ermənilər tərəfindən mühasirəyə alındı və oktyabrın 1-də zəbt edildi.

1826-1828-ci il Rusiya-İran müharibəsi Rusiyanın qələbəsi ilə nəticələndi. 1828-ci il 10 fevral tarixli Türkmənçay müqaviləsi bağlandı. İrəvan, Naxçıvan xanlıqları və Ordubad mahalı Rusiyanın tabeliyinə keçdikdən sonra çar hökumət orqanları xanlıqların ərazi bölgəsinə dərhal dəyişikliklər etdilər. 1828-ci il 21 mart tarixli dekretlə erməni vilayəti təşkil edildi.

1826-1828-ci illərdə İrəvan xanlığı ərazisində 420-dən çox kənd dağıdıldı, əhalisi bütövlükdə məhv edilən və didərgin düşən kəndlər İrəvan istiqamətində hücuma keçən rus qoşunlarının yolu üstə olmuşdur. Şəhərin zəbt edilməsi on minlərlə azərbaycanlı əhalinin etnik təmizləməyə məruz qalması hesabına başa gəlmişdir. Hələ 1887-ci ildə bir qrup erməni millətçiləri Cenevrədə Hnçaq ("Zəng") adlı partiya təşkil edərək, əsasən Türkiyə torpaqları hesabına Ermənistan dövləti yaratmaq məqsədini qarşılarına qoymuşlar. Bundan sonra Tiflisdə "Daşnaksütyun" erməni faşist qatı millətçi partiyası təşkil olundu. Bu təşkilatlanma yalnız Türkiyə və Qafqazda deyil, dünyanın bir çox ölkələrində, hətta okeanın o tayında da gedirdi.

1895-ci ilin iyununda Nyu-Yorkda "böyük Ermənistan" yaratmaq məqsədi güdən "Erməni vətənpərvərlər ittifaqı" təşkilatı meydana gəldi. Bütün bu təşkilatların məqsədi Türkiyənin müəyyən əyalətlərini, Qafqazdan isə Göyçə, Zəngəzur və digər əraziləri qoparmaq hesabına "böyük Ermənistan" yaratmaq idi.

Türkiyədə heç bir şeyə nail ola bilməyən emənilər 1905-1907-ci illərdə çar Rusiyasında baş verən hadisələrdən istifadə edərək fəaliyyətlərinin coğrafiyasını dəyişməli oldular. XX əsrin əvvəllərində erməni millətçiləri öz tarixi torpaqlarında yaşayan Qərbi azərbaycanlıları planlı şəkildə doğma yurdlarından çıxarmağa və soyqırımına başladılar.

Terror, şantaj, separatçılıq yolunu seçmiş ermənilər və onların faşist ideyalı "Daşnaksütyun" partiyası daim Qərbi Azərbaycan torpaqları və azərbaycanlı əhalisinin faciəsi hesabına öz mənfur məqsədlərinə nail olmuşlar.

1905-ci ildə çar imperiyasının köməyi ilə ermənilər 118 Azərbaycan kəndinə hücuma keçdi. Qəsbkar rus ordusu ermənilərə yaxından kömək edirdi. Bu dövrdə Qərbi Azərbaycandakı soydaşlarımıza silah gəzdirmək qadağan edilmişdi.

Birinci Dünya müharibəsi zamanı Rusiyanın məğlubiyyəti Türkiyə cəbhəsində vuruşan erməni qoşun hissələrinin İrəvan, Zəngəzur və Göyçə bölgələrinə keçməsinə səbəb oldu. Sevan-Nor Bayazet-Dərələyəz istiqaməti ilə Zəngəzura gedən erməni qoşun hissələri yolboyu yerləşən türk kəndlərinə hücum çəkib, bütün kəndləri viran qoydular, dinc əhalini qılıncdan keçirdilər. Sağ qalanlar dağ cığırları ilə İrəvana üz tutdular. Qaçqın əhali Uluxanlıya (Masis) oradan isə Türkiyəyə keçdilər.

Müsəlmanların pərakəndə qırğınları ilə kifayətlənməyən ermənilər 1917-ci ilin may ayında Qarsda 35 min nəfərlik qoşun korpusu yaradaraq onları üç diviziyaya böldülər. Hər diviziyada bir neçə polk olmaqla diviziyalara Arisyan başçı təyin olundu. Arisyan İrəvan ətrafı rayonları, Silikyan Göyçə gölü ətrafını, Andranik isə Zəngəzur, Dağlıq Qarabağ və sair yerləri zəbt etməli idi. Qeyd olunan ərazilərin kəndləri dağıdıldı, əhalisi qılınca çəkildi, damlara doldurulub yandırıldı.

1917-ci ilin iyun ayında Türkiyə erməniləri Stepan Şaumyanı özlərinə başçı seçdilər. V.İ.Lenin isə 1917-ci ilin 29 dekabrında dekret qəbul edərək erməniləri müsəlmanlardan müdafiə adı ilə qoşun hissəsi təşkil etməyə şərait yaratdı.

1918-1920-ci illərdə erməni vandalları Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı analoqu olmayan terror hadisələri törətdilər. Bu qırğınlar zamanı azərbaycanlıların əksəriyyəti doğma torpaqlarını tərk etmək məcburiyyətində qaldı.

1948-1953-cü illərdə Qərbi Azərbaycandakı soydaşlarımız deportasiya edildilər. İ.Stalin, Molotov və digər ermənipərəst qüvvələrin xəyanəti nəticəsində 150 min soydaşımız "könüllülük" prinsipi altında Qərbi Azərbaycandan Kür-Araz ovalığına və digər yerlərə köçürüldü.

1970-1980-ci illərdə SSRİ imperiyasının zəifləməsi prosesi gedirdi. Xalq arasında kommunizm utopiyasına inam azalmışdı. İllərdən bəri formalaşmış inzibati amirlik sistemi artıq iflic vəziyyətinə düşmüşdü. Bu dövrdə Moskvadakı erməni lobbisi M.Qorbaçovu öz toruna saldı. Ermənilər Azərbaycana qarşı ərazi iddiası qaldırdılar. Haylar Qərbi Azərbaycandakı soydaşlarımızı son nəfərədək doğma ata-baba torpaqlarından zülm və işgəncə ilə çıxardılar.

Qərbi azərbaycanlıların son deportasiyasından artıq 35 il keçir. O yurddan qaçqın düşmüş insanlar vətən, yurd həsrəti ilə yaşayırlar. Ancaq əmindirlər ki, gec-tez qəribsəmiş yurd yerlərinə qayıdacaqlar.

Mən əslən Çəmbərək rayonunun Ardanış kəndindənəm. Bu kəndi Göyçə mahalının Akademiyası adlandırırdılar. Bu məkanı düşündükcə xəyal məni uşaqlıq illərimə, Göyçə gölünün nəğməli sahillərinə aparır. Ardanışı dinim, imanım, qibləgahım hesab edirəm.

Vətən müharibəsində qüdrətli Azərbaycan ordusu erməniləri ağır məğlubiyyətə uğratdı. Cəmi 44 gün ərzində 30 ilə yaxın işğal altında olan ərazilərimiz azad edildi. Qürurverici haldır ki, yaxın günlərdə Qarabağda antiterror tədbirləri keçirildi. Bu yerlərdə qan çanağına dönmüş terrorçu erməni qruplaşmaları zərərsizləşdirildi. Xankəndidə və digər ərazilərimizdə Prezident İlham Əliyev Azərbaycan bayrağını ucaltdı. İndi bizim ən böyük hədəfimiz Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını reallaşdırmaqdır. Bu sahədə Qərbi Azərbaycan İcması məqsədyönlü iş aparır.

Məhəmməd KƏRİMOV,

İ.M.Seçenov adına Birinci Moskva

Dövlət Tibb Universitetinin

Bakı filialının Cərrahiyyə

departamentinin müdiri,

tibb elmləri doktoru, professor.