Yurd yerlərimiz – Dərələyəz
Sosial həyat

Yurd yerlərimiz – Dərələyəz

Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları doğma tarixi-etnik torpaqlarından didərgin salınmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.

Bu mahal Qərbi Azərbaycanın bir parçasıdır

Erməni vandalları Qərbi Azərbaycanın bütün bölgələrində olduğu kimi, XX əsrin ayrı-ayrı illərində Dərələyəz mahalında da xalqımıza qarşı analoqu olmayan qırğınlar törətmiş, hər vasitə ilə bu mahaldan türklərin kökünü kəsməyə çalışmışlar.

Dərələyəz Qərbi Azərbaycanın bir parçası idi. Kəlbəcər və Basarkeçərə yaxın ərazidə yerləşirdi. 1915-ci ildə bir qrup xarici səyyahlar yayın loğman çağında Dərələyəzdə olmuşlar. Səyyahlardan biri ürək sözlərini belə ifadə etmişdir: "Bu məmləkət möcüzələr diyarıdır, dağlar, yalçın qayalar, şır-şır axan bulaqlar adamı valeh edir, azərbaycanlıların qonaqpərvərliyinə isə söz ola bilməz. Sehrli saz məclisindən ayrılmaq istəmirdik...".

Dərələyəz mahalı 1920-ci ilə kimi Şərur-Dərələyəz qəzasının tərkibində olmuşdur. Rayon 1931-ci il oktyabrın 15-də təşkil edilmişdi. Dərələyəz 1931-1956-cı illərdə Soylan, 1956-1991-ci illərdə Əzizbəyov rayonu adlanırdı. Ermənilər 1988-ci ildən sonra bu qədim türk ərazisini Vayk adlandırmışlar. Əzizbəyov qəsəbəsi adlanan rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 135 kilometr idi. 

Arpa çayının yuxarı axarında yerləşən rayon şərqdən Zəngəzur, şimaldan isə Basarkeçər dağları ilə əhatə olunmuşdu. Arpa çayının Pşonk, Dərb, Herher qolları Əzizbəyov rayonunun ərazisindən axır. Müxtəlif filiz yataqları və bazalt daşı ehtiyatları ilə zəngindir. Cermuk və Herher çayları arasında böyük qoruq salınmışdır.

Əzizbəyov rayonunun əhalisi türklərdən və ermənilərdən (haylardan) ibarət idi. 1831-ci ildə azərbaycanlılar 1903 nəfər, ermənilər 872 nəfər, 1873-cü ildə azərbaycanlılar 6507 nəfər, ermənilər (haylar) 6254 nəfər, ən nəhayət, 1931-ci ildə azərbaycanlılar 5061 nəfər, ermənilərin sayı artaraq 10299 nəfər olmuşdur. Bu isə onu göstərir ki, azərbaycanlılar zaman-zaman öz tarixi torpaqlarından sıxışdırılıb çıxarılmışlar. Ancaq XX əsrin 40-cı illərinin sonunda bu nisbət azərbaycanlıların xeyrinə dəyişdi, yəni əhalinin 60 faizdən çoxunu türklər təşkil etdi.

Erməni daşnakları 1918-1920-ci illərdə Qərbi Azərbaycanda hansı faciələri törətmədi? Erməni terroru Dərələyəz mahalından da yan keçmədi.

...İsti yay günlərindən biri idi. Dərələyəzdə yaşayan azərbaycanlılar qışa hazırlıq məqsədilə mal-qaraya yem toplayırdılar. Yamaclarda əkin-biçin adamları cərgələnib ot çalırdılar. Sən demə, ermənilərin gizli planı var imiş. Daşnak quldurlar eyni vaxtda 3-4 kənddə ot biçini edən azərbaycanlıların üstünü aldılar. Şübhəsiz ki, azərbaycanlılar silahsız idi, ermənilərlə üzbəüz gələndə ot biçdikləri kərəntilərdən istifadə etdilər. Deyilənə görə, 3 kənddə 10 nəfərdən çox erməni kərənti ilə doğram-doğram edildi. 20-yə yaxın azərbaycanlı isə erməni silahlılarının qurbanı oldu...

1918-1920-ci illərdə erməni vandallarının Dərələyəz mahalında törətdikləri qırğınlardan geniş söhbət açmaq olar. Ermənistanda 1920-ci ilin noyabrında Sovet hakimiyyəti qurulduqdan sonra müsəlmanlara qarşı təqiblərə son qoyuldu. Daşnaklar Dərələyəz və Qərbi azərbaycanlıların yaşadıqları digər ərazilərdə əvvəlki tək əl-qol aça bilmədilər.

Dərələyəz mahalının polad biləkli oğulları Böyük Vətən müharibəsinin odlu-alovlu illərində silaha sarılaraq cəbhəyə yollanmış, ağır döyüşlərdə igidlik göstərmiş, qəhrəmanlıqla həlak olmuş, çoxları cəbhədən orden və medallarla qayıtmışlar.

Ermənilər Sovet hakimiyyəti illərində də öz məkrli niyyətlərindən əl çəkmir, azərbaycanlıları sıxışdırır, onları ata-baba yurdlarından uzaqlaşdırmağa çalışırdılar. Bu işdə Moskvada və xarici ölkələrdə müxtəlif postlarda vəzifə başında olan ermənilər daha fəal idi. 1948-1953-cü illərdə Qərbi Azərbaycanda yaşayan soydaşlarımız deportasiyaya məruz qaldılar. İ.Stalin, Molotov və digər ermənipərəst qüvvələrin xəyanəti nəticəsində 150 min azərbaycanlı tarixi torpaqlarından Azərbaycanın Kür-Araz ovalığına və digər ərazilərinə köçürüldü. Həmin dövrdə Dərələyəz mahalından köçürülənlərin sayı daha çox idi. Əhalinin etnik tərkibi 28-30 faiz aşağı endi. Şübhəsiz ki, bu, azərbaycanlıları çox narahat edirdi.

80-ci illərdə Dərələyəz mahalında azərbaycanlılara qarşı ögey münasibət göstərilirdi. Ayrı-seçkilik var idi. Rəhbər vəzifələrdə ancaq milliyyətcə erməni olanlar yerləşdirilirdi.

Ali təhsilli azərbaycanlı gənclər ixtisası üzrə iş tapa bilmir, məcburən doğma yurdu tərk edirdilər.

1988-ci ildə "əzabkeş" ermənilər yenidənqurmanın qanadları altına sığınaraq Qərbi azərbaycanlılara qarşı mənfur daşnak siyasətinin ən qəddar variantını həyata keçirdilər. Həmin vaxtlarda Dərələyəz mahalının Əzizbəyov rayonundakı azərbaycanlılar böyük çətinliklərlə üzləşdilər. İrəvandan rayona gələn rəhbər vəzifəli daşnaklar rayonda ermənilərlə məxfi tədbirlər keçirir, antitürk təbliğatı aparırdılar. Yeganə tapşırıqları isə bu idi: vaxt itirmək olmaz, bir neçə günə bu ərazi türklərdən təmizlənməlidir. 

Beləliklə, Dərələyəz mahalının azərbaycanlı əhalisinin qara günləri başladı. Onlar qışın boranında, çovğununda sıldırımlı dağ yolları ilə min bir əziyyətlə doğma yurdlarından ayrıldılar. Azərbaycanlıların mal-mülkü talandı, yanacaq verilmədiyindən maşınlar evlərin həyətində qaldı. Erməni millətçiləri soydaşlarımızı amansızlıqla qətlə yetirdilər. 

Dərələyəzlilərin qədim Oğuz ellərindən ayrılmasından artıq 36 il keçir. Yaşlı nəslin nümayəndələri Vətən həsrəti ilə yaşayırlar, 44 günlük Vətən müharibəsində tarixi qələbəmizlə onların qəlbində belə bir inam yaranıb ki, çox tezliklə Qərbi Azərbaycana, doğma kəndləri Ağcaya, Axtaya, Almalıya, Arınca, Çaykəndə, Çıraxlıya, Ceyranlıya, Cülə, Daşaltıya və digər ərazilərə dönəcəklər.

Qədir ASLAN,

"Respublika".