Yevlaxda pambıq verir
Region

Yevlaxda pambıq verir

Azərbaycanda pambıqçılıqda ən sürətli artım ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun fəaliyyəti nəticəsində nəinki pambıqçılıq, kənd təsərrüfatının bütün başqa sahələri də uğurla inkişaf etmişdir. XX əsrin II yarısında ümummilli lider Heydər Əliyevin birinci rəhbərliyi dövründə pambıqçılıq strateji əhəmiyyətli sahə kimi çox sürətlə inkişaf etmiş, sovet dövründə respublikalar arasında öndə getmiş, illik pambıq istehsalı bir milyon tona çatdırılaraq, dəfələrlə sovetlər dövrünün ən ali mükafatına, "Keçici Qırmızı Bayrağa" layiq görülmüşdür.

Yevlax zəngin pambıqçılıq ənənəsi olan rayonlardandır. Ulu öndər Heydər Əliyev birinci katib seçildikdən sonra Azərbaycanda, o cümlədən Yevlax rayonunda pambıq bitkisinin məhsuldarlığı artmışdır...

Son illərdə ölkəmizdə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən verilən dəstək sayəsində pambıqçılıqla məşğul olan fermerlər əkin sahələrindən məhsuldarlığı artıraraq ölkə iqtisadiyyatına öz töhfələrini verirlər.

Bu il Yevlax rayonunda "MKT-İK" MMC və "P-Aqro" MMC ilə müqavilə bağlanılmaqla pambıq becərilib. Əkilən pambıq sahələrinə vaxtında lazımi aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib. Əkilmiş pambıq sahələrinin becərilməsinə yüzlərlə insan cəlb edilib və onların məşğulluğu təmin edilib, nəticədə bol məhsul əldə olunub.

2022-ci ildə Yevlax rayonunda 195 fermer 2002,2 hektar sahədə "MKT İstehsal Kommersiya" MMC ilə, 115 fermer isə 700,0 hektar sahədə "P-Aqro" MMC ilə müqavilə bağlayaraq pambıq əkmişlər. Mövsüm ilində 310 fermerlərin ərazisində əkilmiş 2702,2 hektar pambıq sahəsində aqrotexniki qaydalara əməl etməklə yüksək səviyyədə becərmə işləri aparılmışdır. Düzgün aqrotexniki qaydalara əməl edilməsi nəticəsində də pambıq sahələrində yüksək məhsuldarlıq yaranmışdır. Pambıq sahələrinin hər hektarından 36,0 sentnerdən artıq məhsul gözlənilir. Hazırda rayonda pambıq yığımı iki aydan artıqdır ki, davam edir və yığıma yüzlərlə işçi cəlb edilmişdir. Eyni zamanda pambıq yığımına 12 ədəd pambıqyığan kombayn, 40 ədəd pambığın daşınması üçün traktor, 74 ədəd pambığın daşınması üçün qoşqu, 11 ədəd dərmansəpən, 3 ədəd pambıqyükləyici texnika cəlb edilmişdir. Fermerlər tərəfindən builki mövsüm ilində hədəf 9500 tonu keçməkdir.

Məlumat üçün bildirək ki, 2021-ci ildə 2328 hektar pambıq bitkisi əkilmiş, əkin sahələrindən 7326 ton məhsul yığılmış, məhsuldarlıq hər hektardan 31,5 sentner olmuşdur. 2022-ci ilin pambıq mövsümündə isə Yevlax rayonunda 2702,7 hektarda pambıq becərilmişdir. Əkin sahələrindən bu günədək 7451,84 ton pambıq məhsulu tədarük olunmuşdur. Pambıq sahələrində məhsul yığımı davam etdirilir.

Zabit XƏLİLOV,

"Respublika".