“Yeniləşən Şirvan
Region

“Yeniləşən Şirvan" nümunəvi şəhərə çevrilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi, Şirvan şəhərində də regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində xeyli işlər görülmüşdür.

Hazırda su-kanalizasiya sistemi yenidən qurulur, küçələrin işıqlandırılması, nümunəvi məhəllələrin, yaşıllıqların salınması işləri davam etdirilir. Şirvan şəhərinin 2024-2028-ci illər üçün "Yeniləşən Şirvan" sosial-iqtisadi inkişaf konsepiyasında nəzərdə tutulan tədbirlər uğurla icra olunur. Konsepsiya Şirvan şəhərinin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Görülən işlər şəhərin daha da müasirləşməsində, kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin artırılmasında əhəmiyyətli rol oynayır. Əhalinin yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar Şirvan şəhərində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa ediləcək "Yeni Şirvan" yaşayış kompleksinin tikintisinə hazırlıq işləri aparılır. Ərazidə səyyar beton zavodu quraşdırılır, bura elektrik xətləri çəkilir.

Şəhər icra hakimiyyətindən aldığımız məlumata əsasən, 2023-cü il "Heydər Əliyev İli" çərçivəsində ulu öndərin adını daşıyan park və meydanda yenidənqurma, əsaslı və cari təmir işləri aparılmışdır. Heydər Əliyev parkında mövcud işıqlandırma sistemində yeni yeraltı elektrik xətləri çəkilmiş, qənaətli led plafonlar və lampalar quraşdırılmış, işıq dirəkləri rənglənmişdir. Şəhərin mərkəzində yerləşən Heydər Əliyev meydanındakı fəvvarə əsaslı təmir olunmuş, sualtı lampalar və elektrik naqilləri yenilənmiş, yeni transformatorlar quraşdırılmışdır. Heydər Əliyev abidə-kompleksinin ətraf hissəsində təmir-bərpa işləri aparılmışdır. İşıqlandırma sistemi təmir olunmuş, İstiqlaliyyət prospektində 2 500 kvatratmetr asfalt-beton örtük vurulmuşdur. Şirvan Şəhər İcra Hakimiyyəti, "Bakı Abadlıq Xidməti" MMC və "The Company Signfy Poland" şirkəti tərəfindən imzalanmış 26 may 2021-ci il tarixli müqaviləyə əsasən Şirvan şəhərinin küçə və yollarında "Bakı Abadlıq Xidməti" MMC tərəfindən müasir standartlara cavab verən yeni işıqlandırma sistemlərinin quraşdırılması işlərinə başlanılmışdır. 125 küçə, 5 park, 4 xiyaban, 8 məhəllə, 3 meydan və 2 dairədə işıqlandırma işləri başa çatdırılmış və 3-cü mərhələdə 71 küçənin işıqlandırılması nəzərdə tutulmuşdur.

Xidməti ərazilər üzrə tullantıların daşınmasını həyata keçirən xüsusi təyinatlı avtonəqliyyat vasitələrinə GSM/GPS treker qurğusunun quraşdırılması təmin edilmiş və hazırda maşınların qrafik üzrə hərəkəti izlənilir. Şirvan Şəhər Mənzil Təsərrüfatı İdarəsinin və Kommunal Kombinatı Müəssisəsinin müraciəti əsasında şəhər icra hakimiyyətinin sifarişi ilə yeni tullantı qutuları alınmışdır. Yaz-yay mövsümü ilə əlaqədar yaşıllıqların qorunması, onlara aqrotexniki qulluq göstərilməsi və suvarılmasının vəziyyəti ilə bağlı Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin xidməti ərazilərində mütəmadi monitorinqlər aparılmışdır. Şəhər ərazisində ağacların (şam, sərv və s.) kütləvi quruması və bioloji inkişafdan qalması halları səbəblərinin araşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ünvanlanmışdır. Müraciət əsasında nazirliyin aidiyyəti nümayəndəsi tərəfindən şəhər ərazisində araşdırma aparılmışdır.

Şirvan şəhərinin prospekt, küçə, xiyaban, meydan və istirahət parklarında ağacların, gül və bəzək kollarının qorunması, onlara qulluq edilməsi və suvarılması işinə gündəlik diqqət göstərilir. Yay aylarının isti və quraqlıq keçməsi nəzərə alınaraq, yaşıllıqların gündəlik suvarılması və onlara qulluq göstərilməsi müntəzəm davam etdirilir. Bu sahədə görülən işlərin səmərəliliyinin artırılması məqsədilə Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin balansında olan xüsusi təyinatlı avtonəqliyyat vasitələrinə GSM/GPS treker qurğusunun quraşdırılması təmin edilmişdir. Yaşıllıqların suvarılmasının qrafikə uyğun olaraq aparılması barədə Yaşıllaşdırma Təsərrüfat İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilərək, su maşınlarının hərəkət qrafiki xüsusi nəzarətdə saxlanılır.

Görülən işlər "Yeniləşən Şirvan"ın tezliklə nümunəvi şəhərə çevriləcəyinə inam yaradır.

 Tofiq HÜSEYN,

 "Respublika".