GƏNCƏ: QAYĞI VƏ EHTİRAM İFADƏSİ
Region

GƏNCƏ: QAYĞI VƏ EHTİRAM İFADƏSİ

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə xüsusi diqqət və qayğı göstərilir. Praqmatik dövlət  başçısı cənab İlham Əliyevin  tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncədə də onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq məqsədyönlü tədbirlər həyata keçirilir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə şəhid ailələri və qazilərin müraciətlərini dinləyib.  Görüş, Nizami və Kəpəz Rayon İcra Hakimiyyətlərinin başçılarının və bələdiyyə sədrlərinin, Gəncə Şəhər İcra hakimiyyəti başçısı Aparatının məsul əməkdaşlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilib. Fərdi qaydada keçirilən qəbulda şəhid ailələri və qazilərin, o cümlədən müharibə iştirakçılarının müraciətləri dinlənilib. Müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan bəzi məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.

Onları narahat edən məsələlərin tezliklə həll olunacağına ümid etdiklərini bildirən şəhd ailələri və  qazilər,  göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

            Zabit XƏLİLOV,

            “Respublika”.