Yeni reallıqlardan yaranan zərurət
Siyasət

Yeni reallıqlardan yaranan zərurət

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri günüdür

Prezident İlham Əliyev 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə Sərəncam imzalayıb. Bu seçkilər digərlərindən xeyli fərqlənəcək. Çünki Azərbaycan Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində böyük uğurlara imza atıb. Üç il bundan öncə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə cəmi 44 gün ərzində Qarabağ və Şərqi Zəngəzur erməni işğalından azad olundu. Bu ilin sentyabr ayında keçirilən uğurlu antiterror tədbirləri ilə Azərbaycan öz torpaqlarında suverenliyini tam şəkildə bərpa etdi. Uzun illər beynəlxalq vasitəçilərin edə bilmədiklərini ölkəmiz təkbaşına həll etdi. Bu baxımdan, fevralın 7-də keçiriləcək seçkilər ən qürurverici seçki kimi tarixə düşəcək.

30 il əvvəl evlərindən didərgin düşmüş insanların əksəriyyəti növbədənkənar seçkilərdə artıq müvəqqəti məskunlaşdıqları ərazilərdə deyil, öz doğma torpaqlarında - Zəngilanda, Laçında, Şuşada, Füzulidə, Cəbrayılda və azad olunmuş digər yerlərdə iştirak edəcəklər. Bu gün ölkəmiz regionda yeni reallıq yaradıb. Formalaşmış yeni geosiyasi düzən nəinki Cənubi Qafqazda, hətta beynəlxalq münasibətlərdə də yeni mərhələnin başlanğıcı hesab edilir. Bu baxımdan, növbədənkənar seçkilərin keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Çünki seçkilər həm də beynəlxalq ictimaiyyətə bir növ ismarıcdır. Hazırda bir sıra qüvvələr və dövlətlər ölkəmizin regionda artan nüfuzuna, müstəqil siyasət həyata keçirməsinə qısqanclıqla yanaşırlar. Növbədənkənar seçkilər həm bu istiqamətdə təxribatların qarşısının alınması, həm də siyasi sistemin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Növbədənkənar seçkilərin keçirilməsi beynəlxalq hüquqa əsaslanır və region ölkələrinin bir çoxunda bu, baş verir. Məsələn, ötən ilin martında Türkmənistanda, noyabrında Qazaxıstanda, bu ilin iyul ayında isə Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirilib. Bir məqamı da nəzərə çatdıraq ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiya üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bu isə o anlama gəlir ki, dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalar seçkilərdə iştirak etmək hüququna malikdirlər. Bu, bir daha Azərbaycanda açıq, şəffaf və ədalətli rəqabət mühitinin formalaşdığından xəbər verir.

Azərbaycanda son dəfə prezident seçkiləri 2018-ci ildə keçirilib. Bu seçkilərdə Prezident İlham Əliyev 86,02 faiz səs toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident İlham Əliyevin növbəti dəfə ölkəmizə lider seçilməsi yeni tarixi mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Məhz sonuncu seçkilərdən sonra 30 illik erməni təcavüzünə son qoyuldu, bir sıra iqtisadi uğurlara imza atıldı. Enerji təhlükəsizliyində mühüm əhəmiyyət kəsb edən Cənub Qaz Dəhlizi layihəsi reallaşaraq regionun iqtisadi gücünü daha da artırdı. Bundan başqa, Azərbaycan Şimal-Cənub, Qərb-Şərq nəqliyyat xətlərinin işə düşməsi prosesində açar ölkələrdən birinə çevrildi. Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Qoşulmama Hərəkatı və TDT kimi bir sıra qlobal təşkilatlara evsahibliyi etdi. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən İlham Əliyev Azərbaycan reallıqlarının bütün dünyaya çatdırılması istiqamətində də mühüm işlər gördü. Bütün bunlar növbəti ildə keçiriləcək Prezident seçkilərinin əhəmiyyətini bir daha təsdiqləyir. İndi Azərbaycanda yeni dövr başlayır və bu dövrün reallıqları daha mühümdür. Məhz seçkilər vasitəsilə Azərbaycan bu reallıqla daha çox irəliləyəcək. Bu, həmçinin milli maraqlarımıza təhdid yarada biləcək kənar müdaxilələrin qarşısını almağa töhfə verəcək.

Bir məqamı da vurğulayaq ki, seçkilərin keçirilməsi ilə bağlı qərarın verilməsi bəzi "sapı özümüzdən olan baltalar"ın heç də ürəyincə olmayıb. Belə ki, Prezident İlham Əliyevin Sərəncamından sonra radikal müxalifət aktivləşib. Əslində onların da narahatlığı başadüşüləndir. Buna görə də bəzi pozucu qüvvələr bir sıra təxribatlara əl atır. Heç bir uğuru olmayan və əsas "fəaliyyətini" sosial şəbəkə üzərində quran radikal qüvvələrin xain planları baş tutmayacaq. Çünki respublikadakı bütün radikal müxaliflər birləşsə belə xalqın iradəsini qıra bilməz.

Nəzrin ELDARQIZI,

"Respublika".