Qəhrəmanlıq dastanı yazan yenilməz ordumuz
Siyasət

Qəhrəmanlıq dastanı yazan yenilməz ordumuz

"Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir... Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur".

Heydər ƏLİYEV,

Azərbaycan xalqının ümummilli lideri.

 

"İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın  8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

 

8 noyabr 2020-ci il... Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyi gün... Erməni işğalına son qoyduğu gün... Azərbaycan xalqının əzəmətli liderinin, yenilməz ordusunun dünyaya nümayiş olunduğu tarix. Azərbaycanın Zəfər günü!

8 noyabr  2020-ci ilə kimi təqvimin bu günü Azərbaycan tarixində heç bir əlamətdar hadisə ilə yadda qalmırdı. Adi, sadə günlərdən biri idi. Ölkədə hamı bir nəfər kimi 9 Noyabrı - Bayraq Gününü bayram etməyə hazırlaşırdı. Haradan biləydik ki, gün gələcək 8 Noyabr bayraq gününə hədiyyə olacaq. "Dəmir yumruq" əks-hücum əməliyyatı Azərbaycanın qüdrətini dünyaya göstərəcək. Qarabağ dərdini ürəyində qübar edən xalqın yarası sağalacaq. Tarixi torpaqlarına yenidən qovuşmağın, həsrət qaldığı yurd yerinə 28 ildən sonra ayaq basmağın sevincini yaşayacaq. Bəli, o böyük gün gəldi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, Azərbaycan xalqının birliyi, Liderinin ətrafında sıx birləşməsi, Azərbaycan Ordusunun isə dönməzliyi, rəşadəti, verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirmək bacarığı cəmi 44 günə düşmən üzərində qələbəni təmin etdi. Erməni işğalına son qoydu. Haqq-ədalət bərpa edildi.

Ümummilli lider Heydər Əliyevin müdrikcəsinə "Arzu edirəm ki, sizinlə birlikdə yenidən Şuşaya gedək. İnanıram ki, biz gedəcəyik. Buna inanın. Şuşa təkcə şuşalılar üçün deyil, hər bir azərbaycanlı üçün əziz bir anlayışdır, deyə bilərəm ki, Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Ona görə də Şuşa təkcə yaşayış məkanı deyildir. Şuşa bizim milli rəmzimizdir, mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir" deməsi nə qədər uzaqgörən siyasətçi olmasının daha bir sübutu oldu. Çünki dahi lider siyasi kursunun davamçısına çox inanırdı. Prezident İlham Əliyev "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik. Bu böyük qələbədir" sözləri ilə ümummilli liderin vəsiyyətini yerinə yetirdiyini, xalqın güvənc yeri olduğunu sübut etdi. Bu sözlərdən sonra ümummilli liderin də, şəhidlərin də ruhu şad idi. Xalq isə xoşbəxt və bəxtəvər... Çünki Ali Baş Komandanı 28 ildən sonra Şuşanın azad olunduğunu elan edirdi.

Qərarsızlıq insanı məğlubiyyətə, cəsarət isə zəfərə aparar. 44 günlük Vətən müharibəsində xalq olaraq cəsarət göstərdik, qalib gəldik. Vətənimizin igid övladları canlarını fəda edərək qəhrəmanlıq nümunələri göstərməklə Azərbaycan tarixində yeni səhifə açdılar. Hələ müharibədən bir neçə ay əvvəl Ali Baş Komandanın çıxışlarının birində nəyi necə, nə vaxt etmək lazım olduğunu bildiyini deməsi zamanın Azərbaycanın xeyrinə işləyəcəyindən xəbər verirdi. Bu cümləsi ilə böyük siyasi lider İlham Əliyev bir çoxlarını narahat edən "niyə 30 il gözlədik" sualını da cavablandırmış oldu. Xalq liderinə etimadında yanılmamışdı.

44 günlük Vətən müharibəsi təkcə Qarabağın azadlığı demək deyildi. Azərbaycan xalqının birliyi idi, gücü idi. Müasir texnikalarla, silah-sursatla təchiz olunan ordu ilə birlikdə xalq da döyüşürdü. Hər kəs Ali Baş Komandanın müsəlləh əsgəri idi.

Müharibənin hələ ilk günlərində Ermənistanın yaratdığı Ohanyan mifinin darmadağın edilməsi, Ali Baş Komandanın kəndlərimizin azad olması xəbərini verməsi xalqı sevincə boğdu. Amma bu sevincin ardı gələcəkdi. Prezident İlham Əliyev hər gün azad olunan kəndlərimizin, şəhərlərimizin adlarını açıqlayacaqdı. Azərbaycan xalqı sevinəcək, düşmən üzüləcək, dünya isə heyrət içində qalacaqdı...

Əlbəttə, müharibədə ön cəbhə ilə yanaşı, arxa cəbhədə də mübarizə gedirdi. Döyüş meydanından kənarda baş verə biləcək təhlükələrin, təxribatların, terror aktlarının qarşısını almaq kimi ciddi və məsuliyyətli vəzifə isə Dövlət Təhlükəsizliyi Xidmətinin üzərinə düşürdü. Bu məqamda qüsursuz idarəçilik, peşəkar kadrlar öz sözünü deməli idi. DTX-nın hərbi qulluqçuları müharibənin ilk anlarından Ali Baş Komandanın sadiq əsgərləri kimi vəzifə borclarını şərəflə, məsuliyyətlə icra etməyə başladılar. Üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirdilər.

DTX əməkdaşlarının qabaqcadan əldə etdiyi mühüm kəşfiyyat məlumatları Azərbaycan Ordusunun döyüş meydanında qazandığı ardıcıl qələbələrin kökündə duran əsas amillərdən biri idi. Müharibənin gedişatında Ermənistan xüsusi xidmət orqanlarının həyata keçirdiyi pozuculuq fəaliyyətinin, Ermənistan silahlı qüvvələrinin təxribat xarakterli əməllərinin qətiyyətlə qarşısının alınmasında DTX-nın əməkdaşlarının rolu danılmazdır.

44 günlük Vətən müharibəsində DTX tərəfindən düşmənin informasiya mübarizəsi çərçivəsində dövlətimizə qarşı reallaşdırmağa cəhd etdiyi təxribatçı hərəkətlərə də layiqli cavab verildi, gerçəkləşdirilməsinə çalışılan kibertəhdidlərin qarşısı alındı. Xalq gözəgörünməyən qəhrəmanlarının arxa cəbhədə gördüyü mübarizə tədbirlərinə birbaşa aşkar şəkildə şahidlik etməsə də, lakin düşmən həmlələrinin uğurla zərərsizləşdirilməsinin Azərbaycan təhlükəsizlik orqanlarının fədakar əməkdaşlarının gecə-gündüz bilmədən çalışmaları sayəsində başa gəldiyini yaxşı anlayırdı.

DTX-nın ölkə ərazisində təhlükəsizliyin etibarlı təminatı naminə ictimaiyyətə erməni terroru və vətəndaşlarımızı onlara qarşı müxtəlif təsir vasitələrindən istifadə etməyə çalışan Ermənistan xüsusi xidmət orqanlarının toruna düşməmələri ilə bağlı xəbərdarlıqları cəmiyyətdə ayıq-sayıqlığın qorunub saxlanmasına zəmin yaratmışdır.

Eyni zamanda, humanizm prinsiplərindən irəli gələrək, Ermənistan cəmiyyətinə döyüşlərdə üstünlüyün Azərbaycan tərəfində olması barədə həqiqətlərin, aparılan savaşın Azərbaycanın haqq işi, uğrunda amansız döyüşlərin getdiyi ərazilərin isə soydaşlarımızın ata-baba torpaqları olduğu barədə məlumatların çatdırılmasında da DTX fəal iştirak etmişdir.

Bununla yanaşı, DTX-nın müharibə dövründə Ermənistan tərəfində döyüşən terror təşkilatları ilə əlaqəli şəxslərin səs yazılarının ifşası kimi peşəkarlıqla həyata keçirdiyi tədbirlər də bu orqanların fəaliyyətinin ictimaiyyətə açıqlana biləcək kiçik bir hissəsi idi.

Bütün yuxarıda göstərilənlərə rəğmən deyə bilərik ki, istər Vətən müharibəsi vaxtı, istərsə də sonrakı dönəmdə ölkəmizə qarşı terror-təxribat planlarının qarşısını yüksək peşəkarlıqla alan Dövlət Təhlükəsizliyi Xidmətinin göstərdiyi fəaliyyət ən ali səviyyədə yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə DTX əməkdaşlarının yüksək orden və medallara layiq görülməsi ölkə başçısının xüsusi xidmət orqanlarının işinə verdiyi qiymətin bariz nümunəsi idi.

Artıq azad Qarabağda genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. İşğaldan azad olunmuş torpaqlar öz sakinlərini qarşılamağa hazırlaşır. İlk addım da atıldı. Ağalı kəndinə sakinlər köçürüldü. Füzulidə, Zəngilanda beynəlxalq hava limanlarının açılması, Ağdamda sənaye parkının yaradılması, məktəblərin, tibb məntəqələrinin tikilməsi və sair sosial infrastruktur obyektlərinin qurulması bu prosesi daha da sürətləndirir. Əminik ki, Dövlət Təhlükəsizliyi Xidməti azad torpaqlarda təhlükəsizliyi güvənli şəkildə təmin etməklə görülən irimiqyaslı tədbirlərin davamlı olaraq uğurla həyata keçirilməsinə də öz töhfəsini verəcəkdir.

Azərbaycan xalqı azadlığını qanla qazanıb. Bu xalqın sözünə, vədinə sadiq lideri - İlham Əliyev kimi qalib sərkərdəsi var. Deməli, Azərbaycanın hər sabahı bir öncəki günündən daha işıqlı, günəş kimi parlaq olacaq. Zəfərin mübarək, Azərbaycan! 

Samirə ABDULƏLİZADƏ.