Əsrin “müqaviləsi
Siyasət

Əsrin “müqaviləsi"ndən əsrin müharibəsi"nə

Xeyirlə şərin, gerçəkliklə mifin mübarizəsi

Ötən yazımız* bu sətirlərlə tamamlanmışdı:

“Diplomatiya yumşaldıcı və həlim mövqe deməkdir. Haqlı deyiblər ki, yumşaqlıq göstərməklə düşməni dost edə bilməzsən, ancaq onun iddiasını artırarsan. Düşmən tərəfin "yeni ərazilər uğrunda yeni müharibəyə" çağırışları bunun əyani təsdiqidir. Bütün bu proseslər diplomatiyanın imkanlarının tükəndiyini təsdiq edirdi. Diplomatik imkanlar fayda vermədikdə, nəticəsiz olduqda, problemin siyasi müstəvidə həlli qeyri-mümkün, hərbi-siyasi, müharibə yolu ilə reallaşması isə qaçılmaz olur.

Ancaq müharibənin öz qanunları var və bu qanunlarda emosiyaya, həyəcana və düşünülməmiş addımlara əsla yer yoxdur”.

Məhz düşmən tərəfin "yeni ərazilər uğrunda yeni müharibəyə" iddiası və istəyini reallaşdırmaq üçün başlatdıqları hücum əməliyyatı bu dəfə sərt əks-hücumla qarşılandı və 44 günlük İkinci Qarabağ müharibəsi Vətən müharibəsi kimi tarixə düşdü.

“Əsrin müqaviləsi”nə qədər

XX əsrin sonunda ikiqütblü dünya sisteminin qarşıdurması qüvvələr nisbətinin yenidən bölüşdürülməsi ilə nəticələndi və dünyanın siyasi-iqtisadi, ideoloji xəritəsində çox böyük dəyişikliklər baş verdi. Belə kritik keçid zamanı ölkənin müstəqilliyinin qorunub saxlanması olduqca çətindir. Böyük dövlətlərin geosiyasi maraqlarının toqquşduğu regionda yerləşən Azərbaycan üçün isə bu ikiqat çətin idi. Çünki ötən əsrin 90-cı illərinin əvvəllərində - təbəddülatlar dövründə heç bir siyasi təcrübəsi olmayanlar, beynəlxalq maraqların savaşı mənzərəsini təsəvvür belə edə bilməyənlər şəhər meydanından birbaşa siyasət meydanına daxil olmaqla hakimiyyətə yiyələnmişdilər. Aqibətləri xatirimizdədir.

Böyük dövlətlərin təşəbbüsü ilə baş verən dəyişikliklərin, proseslərin hərəkət istiqamətini vaxtında və düzgün qiymətləndirən görkəmli şəxsiyyət Heydər Əliyev Azərbaycanın maraqlarının beynəlxalq mövqelərdə qorunması yolunda mühüm addımlar atdı. Ulu öndər lokal, regional problemlərə böyük coğrafi-siyasi kontekstdə baxmaqla regionun coğrafi-iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirdi: "Biz müharibə istəmirik, Ermənistanın torpaqlarına göz dikməmişik. Biz öz torpaqlarımızı, öz ərazimizi, öz Vətənimizi qoruyuruq", – deyən Heydər Əliyev qarşıdurmanın və problemin həlli üçün daha çətin və mürəkkəb olan sülh yolunu seçdi. Sülh daha geniş miqyasda və müxtəlif potensialların – iqtisadi, intellektual, mədəni-mənəvi potensialların səfərbər olunmasını tələb edir, yəni bütün sahələrdəki potensialın vahid məqsəd ətrafında səfərbər olunması gərəkdir. Belə olduqda informasiya mübarizəsində, təbliğatda buraxılan səhvlərin və boşluqların müəyyən müddətdə kompensasiyası mümkündür. Tarixən də ölkələrin maddi sərvətləri, insan potensialı, sosial-iqtisadi problemlərin həllinə, elmi-texniki tərəqqiyə yönəldilməklə hərbi texnika və texnologiyası sülh şəraitində yaranır.

Müharibə başlayanda isə əldə olunmuş texnologiyadan istifadə olunur. Ölkələrarası münasibətlərdə maraqlar əsas faktor olduğundan sülh vəziyyəti nisbidir.

Hazırda planetimizdə bir çox ölkələr arasında "nə müharibə, nə sülh" vəziyyətinin davam etməsinin əsas səbəbləri sülhün strukturunun iqtisadi, siyasi, mədəni, milli-mənəvi və dini faktorları özündə ehtiva etməsidir.

Nəzərə alaq ki, həmin dövrdə iqtisadi zəiflik ucbatından başqa alternativ yox idi. Bu səbəbdən də geniş mənada sülh siyasətinin tərkib hissələri olan coğrafi-iqtisadi siyasət, azad ticarət və iqtisadi bazar və ya məkan uğrunda fəaliyyət həyata keçirildi. Bunlar hamısı gələcəyə hesablanmaqla ölkənin və onun dayağı olan ordunun möhkəmləndirilməsi naminə edildi. Yaxşı bilinirdi ki, XXI əsrin müharibəsi qılınc-qalxanla, top-tüfənglə, belə desək, heç tanklarla da döyüş deyil. Müharibələr sadədən mürəkkəbə bir təkamül yolu keçdiyindən bu gün bəşəriyyət kütləvi qırğın silahları kimi qlobal bir təhlükə ilə qarşı-qarşıya qaldığı zamanda müasir rəqəmsal texnologiyalara əsaslanan silahlar lazım idi.

Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Qarabağ ətrafında baş verən hadisələrdə əxlaqi, hüquqi və siyasi müstəvidə məlum faktlar, haqq-ədalət Azərbaycanın xeyrinə olsa da ermənilər böyük səylərlə və ustalıqla tarix və ictimai rəylə manipulyasiya edərək müəyyən mənada paritet yaratmışdılar. Həmçinin həqiqəti görməkdə maraqlı olmayan dairələrin həqiqətə bənzədilmiş versiyaları həqiqət kimi qəbul etmələrinə nail də olmuşdular. Nəticədə nəinki hərbi cəbhədə, həm də informasiya cəbhəsində onlar daha əlverişli və strateji əhəmiyyətli mövqe qazanmışdılar.

Onlar problem haqqında səhv, qeyri-səhih, təhrif edilmiş məlumatlar, öz xeyirlərinə həqiqətə uyğun olmayan informasiyalar yaymışdılar. Bu olduqca çətin vəziyyət yaratmışdı. Çünki səhv məlumatlandırılmış cəmiyyətin fikrini düzgün istiqamətə yönəltmək məlumatsız cəmiyyətə nəyisə çatdırmaqdan qat-qat çətin olmaqla yanaşı, xeyli də vaxt tələb edir.

Belə bir şəraitdə müharibənin davamının uğurlu nəticə verməyəcəyini düzgün qiymətləndirən görkəmli şəxsiyyət Heydər Əliyev atəşkəsə nail olmaqla beynəlxalq ictimai rəyi dəyişmək, Qarabağ haqqında həqiqətləri dünyaya çatdırmaq, superdövlətlərin mövqeyindəki formalaşmış həqiqətlə bəzədilmiş yanlışlıqları yox etməklə haqqın bərpası üçün mübarizəyə başladı. Danışıqlar prosesində xarakterlərinə uyğun olaraq öz maraqlarından daha çox qarşılıqlı ziyanlar mövqeyindən çıxış edən ermənilər təzyiq vasitəsi kimi işğal etdikləri torpaqlara istinad edərək, torpaqlarımızı özümüzə qaytarmağı kompromis variant kimi təqdim edirdilər. Başqa əlavə təsir vasitəsi olmadığından bütövlükdə regionun geosiyasi xəritəsini yenidən çəkmək üçün güclü, strateji iqtisadi amil reallaşdırılmalı idi.

Bu baxımdan ulu öndər qarşı tərəfə təzyiq vasitələri əldə etmək üçün problemin həllini iqtisadi müstəviyə proyeksiya etdirməklə ölkəmizə mürəkkəb və dinamik sülh prosesinin (konsepsiyasının) tərkib hissəsi olan müharibəyə hazırlıq imkanları qazandırdı.

 

"Əsrin müqaviləsi"ndən "Əsrin müharibəsi"nə

Yeni əsr yeni dəyərlər, yeni iqtisadi inteqrasiyalar və qloballaşma, yeni mübarizə üsulları ilə xarakterikdir. İnkişaf etmiş və oturuşmuş ictimai-siyasi quruluşun bərqərar olduğu ölkələrdə sərhəd rolunu əsasən gömrük məntəqələri əvəz edir. Ötən əsrlərdə istilanın əsas formulu olan torpaq uğrunda mübarizələrin əvəzinə iqtisadi maraqlar və nəqliyyat-kommunikasiya dəhlizləri, xətləri uğrunda mübarizələr aparılır. Paradoksal görünsə də müəyyən zaman və məkan çərçivəsində nəzərə alınmalı bir məqamı xüsusilə qeyd etmək yerinə düşərdi. Belə ki, kiçik ölkələrlə onların siyasət müstəvisindəki problemləri tərs mütənasibdir, yəni kiçik ölkələrin problemləri böyük ölkələrin problemlərindən də böyük olur. Ölkənin kiçikliyi ilə yanaşı, güc də az, zəif olanda acınacaqlı tale qaçılmazdır. Ölkə öz istəyindən asılı olmayaraq kiçik güclə böyük güclərin geosiyasi oyunlarının oyunçusuna çevriləndə isə ümid real siyasi liderə qalmaqla ağırlıq siyasətin üzərinə düşür.

Xatırlayaq ki, ötən əsrin 93-94-cü illərində ermənilər müəyyən üstünlüyə və təzyiq imkanlarına malik olsalar da bizim əks-təzyiq göstərmək imkanımız yox idi. Yalnız ümummilli lider Heydər Əliyev atəşkəs əldə olunmasına nail olmaqla problemin həllinin iqtisadi müstəviyə yönəldilməsi beynəlxalq siyasət müstəvisində ən mühüm uğurlardan biri idi. Beləliklə, regionumuz – Cənubi Qafqaz beynəlxalq miqyasda iqtisadi maraqların cəmləşdiyi bölgəyə çevrildi. 20 sentyabr 1994-cü il Bakıda dünyanın ABŞ, Böyük Britaniya, Türkiyə, Rusiya, Yaponiya və s. kimi ölkələrindən olan məşhur neft şirkətlərinin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarındakı neftin işlənməsinə dair "Əsrin müqaviləsi" imzalandı. Bununla da ölkəmizin ərazisi neft kəmərlərinin çəkilişi, Orta Asiya da daxil olmaqla digər ölkələrin təbii sərvətlərinin Qərbə – Avropaya daşınması ilə əlaqədar olaraq çox strateji mövqe əldə etdi. Məhz bu baxımdan görkəmli şəxsiyyət Heydər Əliyevin məqsədyönlü və düşünülmüş siyasəti nəticəsində təzyiq imkanları qazandıq. Bütün bunlar ordunun formalaşdırılıb, maddi-texniki bazasının möhkəmləndirilməsi və digər mühüm məqsədlər, həmçinin sülh danışıqlarında daha inamlı olmaq üçün gərəkli idi.

Sülhün əldə olunmasının iqtisadi amillərdən, beynəlxalq ticarət əlaqələrindən asılılığı dünyanın geosiyasi xəritəsində iqtisadi faktorun nəzərə alınmasını önə çəkir. Bu səbəbdən də "Əsrin müqaviləsi"nin, "Qədim İpək Yolu"nun bərpası, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin həmin dövrdə reallaşdırılması naminə atılan addımların iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi əhəmiyyəti daha böyükdür.

Ötən illərdə əldə olunan təzyiq imkanları Ermənistanın qeyri-normal tərəf-müqabil olması, riyakar və qeyri-konstruktiv siyasət aparması ucbatından heç bir nəticə vermədi. Əksinə, onların qeyri-normal davranışları, öz səciyyəvi xarakterlərinə uyğun olaraq özlərinin xeyirlərindən, maraqlarından daha çox başqasına ziyan vurmağı üstün tutmaları mövcud problemi mürəkkəbləşdirməklə həllini çətinləşdirirdi. Etnik zəmində yaranmış və ən mürəkkəb münaqişələrdən birinə çevrilən Qarabağ problemi "nə hərb, nə sülh" vəziyyətində qalmaqda davam edirdi. Məhz belə, yəni qismən müharibəsiz dövrlərdə tarixən də bəllidir ki, ölkələrin maddi sərvətləri, insan potensialı, enerjisi və şüuru sosial-iqtisadi problemlərin həllinə yönəldilir, elm, təhsil və texnologiya inkişaf edir. Nou-haular yaranır, hərbi texnika və texnologiya modernləşdirilir. Azərbaycanda da bu istiqamətdə siyasi, iqtisadi, diplomatik və hərbi sahələrdə çox böyük işlər görüldü. İnkişaf etmiş dövlətlərdə uğurlu əməkdaşlıq sayəsində ordumuzun arsenalı dünya hərb sənayesinin müasir və son texnologiyaları ilə zənginləşdirildi. Daim öz döyüş imkanlarını yüksəltməyə və müasir standartlar səviyyəsində qurmağa çalışan Azərbaycan Silahlı Qüvvələri ötən illərdə modern hərbi gücə çevrilməklə yenidən quruldu, öz yerini dünyanın 50 ən güclü ordusu sırasında möhkəmləndirdi. Bu gün ordumuzun gücü dünyanın gözü önündədir.

Prezident İlham Əliyevin dediyi "Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır" fikrinin təsdiqi kimi ordumuz gücünü, əsgər və zabitlərimizin rəşadətini, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olduğunu müxtəlif qısamüddətli döyüşlərdə nümayiş etdirmişdir. Əsas müqəddəs vəzifəsini – işğalda olan torpaqlarımızı azad etməklə ərazi bütövlüyünün bərpasını, haqq işini və tarixi ədalətin bərpasını yerinə yetirmək üçün isə diplomatik imkanların tükənməsi ilə zəruri siyasi şəraitin yetişməsi lazım idi.

Ümummilli lider Heydər Əliyevin qlobal siyasətdə ən mühüm uğurlarından biri böyük dövlətləri ölkəmizdə iqtisadi maraqlar müstəvisinə cəlb etməklə regionda maraqlar intensivliyini artırması idi. Heydər Əliyevin beynəlxalq siyasət müstəvisində həyata keçirdiyi bütün işlər qarşılaşdığımız problemin gələcək həlli ilə yanaşı, Azərbaycanın müstəqilliyinin bütün dövrlər üçün sarsılmazlığının, dönməzliyinin və əbədiliyinin təmin olunmasına yönəlmişdir. Bütün bunları öncədən görən və duyan ulu öndər Heydər Əliyev deyirdi: "Əgər torpağımız sülh yolu ilə azad olunmazsa biz nəyin bahasına olursa-olsun torpaqlarımızı azad edəcəyik. Dünya bilməlidir, hamı bilməlidir və o cümlədən Ermənistan tərəfi də bilməlidir ki, biz heç vaxt torpaqlarımızın bir metrini də, bir qarışını da heç kəsə verməyəcəyik. Dünya belə qalmayacaq".

Bəli, dünya elə qalmadı.

 

"Əsrin müharibəsi"

"Əsrin müqaviləsi"nin imzalanmasından 26 il  sonra – 27 sentyabr 2020-ci il, səhər saatlarında "yeni ərazilər uğrunda yeni müharibəyə" planı ilə Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən ağır artilleriya da daxil olmaqla müxtəlif növ silahlardan istifadə etməklə ölkəmizin yaşayış məntəqələrini və hərbi mövqelərimizi atəşə tutdular. Təxribat nəticəsində həm mülki əhali, həm də hərbçilər arasında itkilər və yaralananlar oldu. Azərbaycana qarşı işğalçılıq siyasətinin davamı olan bu təxribat Ermənistanın faşist mahiyyətinin dəyişmədiyini bir daha təsdiq etdi. Ermənistanın planlaşdırılmış hərbi hücumunun - hərbi təxribatının baş verəcəyi və onların yeni müharibəyə hazırlaşması barədə Azərbaycan Prezidenti cənab İlham Əliyev müxtəlif müsahibələrində bir neçə dəfə və BMT kürsüsündə çıxışında bildirmişdir və demişdir ki, təcavüzkar dövlət dayandırılmalıdır. Təəssüflər olsun ki, bu işlə məşğul olmalı olan beynəlxalq qurumlar seyrci mövqeyi nümayiş etdirməklə işlərini bitmiş hesab etdilər. Və Azərbaycan Prezidenti cənab İlham Əliyev dediyi kimi, Ermənistan dayandırılmalıdır və dayandırılacaqdır. Qarabağ məsələsi bizim tarixi və milli məsələmizdir, tarixi ədalət bizim tərəfimizdədir, bizim işimiz haqq işidir.

Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə şanlı Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başladı. Əks-hücum əməliyyatında iştirak edən müxtəlif silahlı birləşmələrimiz arasında koordinasiya tam şəkildə təmin edildiyindən və hərbi sahədəki müasir texnologiyanın düzgün istifadəsi ilə elə ilk anlardan düşmən cəbhəsinin ön xətti yarılmaqla işğalda olan ərazilərimizdən yeddi kənd azad olundu. Müharibənin ilk günündən Azərbaycan vətəndaşlarının həm Prezident Administrasiyası, həm də Müdafiə Nazirliyi tərəfindən məlumatlandırılması, ordumuzun düşmənə sarsıdıcı zərbələr endirməsi, Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla almaqla cəbhədə əldə etdiyi qələbələr xalqımız tərəfindən böyük sevinclə və ruh yüksəkliyi ilə qarşılandı. Həmin dövrdə Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları və təbriklər bunu təsdiq edirdi.

(davamı növbəti saylarımızda)

Hümbət MUSAYEV.

* 1-ci məqalə qəzetimizin 20 noyabr 2021-ci il tarixli sayında dərc olunub.