Yeni iliniz mübarək!
Sosial həyat

Yeni iliniz mübarək!

Paytaxt Bakı Yeni ili qarşılamağa hazırlaşır. Şəhərin mərkəzi küçələri gözəl, rəngarəng işıqlarla, al-əlvan bayraqlarla, müxtəlif rənglərə bürünmüş şam ağacları ilə bəzədilib. Hamı Yeni il bayramını yaddaqalan qeyd etməyə tələsir. Həmişə böyük coşqu ilə yaşanan bayram hər kəsi məmnun edir. Bayramın gəlişinə ən çox sevinən uşaqlar rəngarəng işıqlarla bəzədilmiş yolkanın ətrafında Şaxta baba və Qar qızla şəkil çəkdirir, əylənirlər. İnsanların hər birinin, xüsusilə uşaqların üzündə sevinc, təbəssüm var. Valideynlər uşaqların Yeni ildə maraqla əylənmələri üçün yaradılan şəraitdən razılıq edirlər.

Uşaqların sevimli məkanı Azərbaycan Dövlət Kukla Teatrının yanındakı yeraltı keçidin önündə, bulvar ərazisi istiqamətində işıqlarla bəzədilən maraqlı tunel quraşdırılıb.

İstirahət günlərində bulvar ərazisində bayram konserti təşkil olunacaq.

Əvvəlki illərdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramında xalq olaraq ən böyük arzumuz torpaqlarımızın işğaldan azad olunması, hər növbəti ildə yağı tapdağında olan yurd yerlərimizdə şənliklər keçirmək idi. Şükürlər olsun ki, bu diləyimiz də reallaşdı. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuz torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş etdi. Ona görə də hər bayramda, el şənliyində bizə şanlı Zəfər ərməğan edən şəhidlərimizin əziz xatirəsini unutmamalı, qazilərimizə minnətdar olmalıyıq.