Yelisey sarayı daxili problemləri gözardı edir
Siyasət

Yelisey sarayı daxili problemləri gözardı edir

Son dövrdə cərəyan edən hadisələr Fransanın müstəmləkəçilik siyasətinin daha da artdığını, ölkənin başqa dövlətlərin daxili məsələlərinə müdaxilə etməkdən öz problemlərinin həllinə vaxt tapa bilmədiyini göstərir. Paris özünü "demokratiyanın beşiyi" kimi qələmə versə də, Ermənistanla Azərbaycan arasında yaşanan münaqişədə onun mənfur siyasəti bir daha bəlli oldu. Bu gün ölkəmizə qarşı qərəzli siyasət yürüdən Yelisey sarayı İrəvana dəstək verməklə yanaşı, onu silahlandırır, sülh prosesinə maneə yaradır. Bütün bunların fonunda Parisin daxilindəki vəziyyət diqqətdən kənarda qalır.

Ümumiyyətlə, ölkəyə rəhbərlik Emmanuel Makrona keçdikdən sonra Fransada vəziyyət daha da pisləşib, hakimiyyətə qarşı etirazlar artıb. Bu dəfə də fransız fermerlər ölkədə aksiyaya başlayıblar. Belə ki, fermerlər xaricdən gətirilən ucuz ərzağa etiraz etməklə, Paris də daxil olmaqla iri şəhərlərdə həyatı iflic vəziyyətinə gətiriblər. Həmin aksiyalarda fermerlərin əsas narazılıqlarının səbəbi vergilərin mütəmadi artırılması və enerji daşıyıcılarının qiymətlərinin qaldırılması olub. Bu isə Makron hakimiyyətini ciddi şəkildə qorxuya salıb. Çünki onlar aksiyaların inqilaba çevrilməsindən ehtiyat edirlər. Ölkənin Kənd Təsərrüfatı İttifaqının rəhbəri Arno Russonun etirazlarla bağlı fikirləri vəziyyətin ciddiliyini bir daha təsdiqləyib. O bildirib ki, ucuz idxal yerli istehsalçılara ciddi zərbə vurub, onlar müflis olmaq təhlükəsi ilə üzləşiblər: "Bura yanacağın qiymətinin qaldırılması və vergilərin artırılmasını da daxil edə bilərik. Fermerlər sadəcə rəqabətə davam gətirə bilmirlər. Hökumət hara baxır? Verdikləri bəyanatlardan belə çıxır ki, Fransanın problemləri onlar üçün yaddır. Məsələn, bu yaxınlarda Baş nazir təyin edilən Qabriel Attalın çıxışları onun reallıqdan uzaq olduğunu göstərir".

Bununla yanaşı, fransız fermerlər onlarla bağlı olan qanunların kənd təsərrüfatından xəbəri olmayan şəxslər deyil, aqrar sahəyə bələd olanlar tərəfindən hazırlanmalı olduğunu da diqqətə çatdırıblar. Şübhəsiz, bu gün ölkədə narazılıqlar artırsa burada məsuliyyət məhz Makron hakimiyyətinin üzərinə düşür. Fransa rəsmiləri isə etirazçıların problemlərini həll etmək əvəzinə, öz hərəkətləri ilə aksiyaları daha da gücləndirirlər. Hakimiyyətin populist və pafoslu çıxışları nəticəsində fermerlər razılığa gəlmək istəmirlər. Prezident Emmanuel Makron isə etirazlara etinasızlığı ilə diqqət çəkir. Buradan belə nəticəyə gəlmək olar ki, Yelisey sarayı "qlobal" məsələlərə daha çox önəm verir, daxili xaos isə onların vecinə deyil.

Bir məqamı da qeyd edək ki, bu aksiyalar artıq Avropanın bir çox şəhərində geniş vüsət almağa başlayıb. Belə ki, Brüsseldə də fermerlər haqq səslərini hökumətə çatdırmaq üçün Avropa Parlamentinin (AP) qarşısına toplaşır, ictimai binalara basqın edirlər. Onlar milli hökumətlərin və Avropa İttifaqının (Aİ) iqtisadi problemlərinə effektiv həll yolları tapa bilməməsindən qəzəblənirlər.

Xatırladaq ki, fermerlərin etirazları Rusiya-Ukrayna müharibəsi ilə daha da intensivləşdi. Müharibə nəticəsində yüksələn enerji və dizel qiymətləri nəqliyyat xərclərinin artmasına gətirib çıxarıb. Aİ-nin Ukraynadan gətirilən kənd təsərrüfatı məhsullarına rüsumsuz icazə vermək qərarı əvvəlcə Şərqi Avropa ölkələrində, sonra isə digər üzv dövlətlərdə fermerlərin vəziyyətini ağırlaşdırıb. Hələ ötən il polşalı fermerlər tərəfindən başladılan bu nümayişlər Almaniya, Fransa, Belçika və İtaliya kimi ölkələrə də yayılıb. Əlavə olaraq, Aİ-nin Cənubi Amerika Ortaq Bazarı (MERCOSUR) ilə imzaladığı müqavilə bu ölkələrdə kənd təsərrüfatı və heyvandarlıq məhsullarının ucuzlaşmasına səbəb olub. Bu isə birbaşa Aİ fermerlərinə mənfi təsiri göstərib.

Nəzrin ELDARQIZI,

"Respublika".