Azərbaycanın Ermənistana qarşı qaldırdığı dövlətlərarası arbitraj çərçivəsində prosessual iclas
Siyasət

Azərbaycanın Ermənistana qarşı qaldırdığı dövlətlərarası arbitraj çərçivəsində prosessual iclas

Yanvarın 12-də Niderlandın Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında Enerji Xartiyası Müqaviləsinə əsasən Azərbaycan Respublikasının Ermənistan Respublikasına qarşı qaldırdığı dövlətlərarası arbitraj çərçivəsində prosessual iclas keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, iclasda ölkəmizi Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

 Azərbaycan 2023-cü il fevralın 27-də Ermənistanın Enerji Xartiyası Müqaviləsinin çoxsaylı müddəalarını və beynəlxalq hüququn prinsiplərini pozmasına əsasən kompensasiya tələbi ilə arbitraj prosesinə başlayıb. Azərbaycanın arbitraj bildirişində, Ermənistanın 30 ilə yaxın qanunsuz işğal etdiyi ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağ bölgəsində yerləşən enerji resursları üzərində ölkəmizin suveren hüquqlarını tanımaqdan və onlara hörmətdən imtina edərək, beynəlxalq öhdəliklərini pozduğu izah edilib.

Bildirilib ki, Ermənistan işğal dövründə Azərbaycanı qanunsuz olaraq öz enerji resurslarına çıxış və onları inkişaf etdirmək imkanlarından məhrum edib, habelə həmin resursları öz istifadəsi və mənfəəti üçün zəbt edib. Azərbaycanın Qarabağ bölgəsində mövcud zəngin su, külək və günəş enerjisi ehtiyatlarından istifadəsinin də qarşısı alınıb.

Arbitraj prosesi məsələnin Azərbaycan ilə Ermənistan arasında diplomatik danışıqların bir neçə raundunda qənaətbəxş həllin tapılmamasından sonra Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq başlanıb. İş üzrə qərar hər iki tərəfdən təyin olunmuş üç hakimdən ibarət arbitraj məhkəməsi tərəfindən qəbul ediləcək. Arbitraj məhkəməsindən Ermənistanın Enerji Xartiyası Müqaviləsi üzrə qanuni öhdəliklərini yerinə yetirməməsi ilə bağlı qəti qərarın verilməsi və beynəlxalq hüquq normalarına uyğun ədalətli təzminat tələb olunması sorğu edilib