Yaxşı “dərs almayan” pis oyunçu
Siyasət

Yaxşı “dərs almayan” pis oyunçu

Ermənistan sülh ətrafında qurduğu tamaşanın ssenarisini dəyişməlidir

Vətən müharibəsi başa çatdı. Azərbaycanla Ermənistan arasında münasibətlərin real müstəvidə nizamlanması, sülhyaratma prosesinin məntiqi sonluqla tamamlanması strateji zərurət kimi meydana çıxdı. Bəlli idi ki, məhz iki ölkə arasında beynəlxalq prinsiplər əsasında sülh sazişinin imzalanması ilə uzun illər ərzində Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkən regionda davamlı sabitliyi və təhlükəsizliyi təmin etmək mümkündür. Təəssüf ki, üç ildən artıq müddət keçsə də, sülh müqaviləsi hələ də imzalanmayıb. Ermənistan Azərbaycanın tarixi sülh təklifi ətrafında oyunlarını davam etdirir.

Müharibənin qalib tərəfi olan Azərbaycan sülhyaratma prosesini sürətləndirmək və bu prosesə real töhfələr vermək niyyətindədir. Ölkəmizin mövqeyi səmimidir, qərəzsizdir. Postmüharibə dövründə məhz Azərbaycan ilk olaraq sülh sazişinin imzalanması, sərhədlərin müəyyənləşdirilməsi və sərhəd komissiyalarının yaradılması kimi təkliflərlə çıxış edib. Beş bənddən ibarət sülh paketi də elə həmin dövrdə hazırlanaraq qarşı tərəfə təqdim edilib. Beynəlxalq normalar əsasında hazırlanan bu sənəd iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün baza kimi götürülə bilər. Ölkəmizin sülh gündəliyi Moskva, Soçi, Brüssel, Praqa və digər məkanlarda dəfələrlə aydın şəkildə müxtəlif auditoriyalarda diqqətə çatdırılıb.

Paşinyan və komandası isə artıq dördüncü ildir ki, dünya ictimaiyyətini çaşdıran, aldadan fikirlərlə çıxış edir, danışıqlar prosesini uzatmağa çalışır. Təbii ki, sülh prosesinə əngəl törədən kənar qüvvələr də var.

Vasitəçi qismində çıxış etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların yanaşması da fərqlidir. Məsələn, ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger hələ 2022-ci ildə demişdi: "Biz sülh prosesinə kömək göstərməyə davam edəcəyik, regionu sabit və təhlükəsiz görmək istəyirik". Onun sözlərinə görə, rəsmi Vaşinqton Brüsselin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesinə yardımını dəstəkləyir. "ABŞ Cənubi Qafqaz regionunu firavan görmək istəyir. Həmçinin regionun bütün ölkələri arasında kommunikasiyaların açılması çox vacibdir", - deyə səfir vurğulayıb. Okeanın o tayından daha bir mövqe bildirilmişdi. Belə ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid deyib: "Ermənistan və Azərbaycan münasibətlərinin normallaşması prosesində irəliləyiş imkanları var".

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı ilə görüşündən sonra bildirmişdi ki, Moskva İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına kömək etməyə hazırdır. Brüssel görüşləri isə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasının bəhs olunan dövlətlərlə yanaşı, Avropa İttifaqının da gündəmində yer alan prioritet məsələlərdən biri olduğunu təsdiqləyirdi.

2023-cü il 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirilən antiterror tədbirləri nəticəsində bölgədə uzun illərdən bəri yuva salmış separatizmin kökü kəsildi, ölkəmizin suverenliyi tam təmin olundu. Bununla da Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində vasitəçi qismində çıxış etmək istəyən, boğazdan yuxarı da olsa guya bölgədə sülhün bərpasını dəstəkləyən qüvvələrin mövqeyində dəyişiklik baş verdi. Yəni, əslində həqiqət üzə çıxdı. Xain qüvvələrin paxırı açıldı. Vətən müharibəsinədək anti-Azərbaycan siyasətini bir qədər ustalıqla, üstüörtülü şəkildə həyata keçirən Fransa İkinci Qarabağ savaşındakı qələbəmizdən sonra ölkəmizə qarşı açıq hücuma keçdi. Antiterror tədbirləri isə Emmanuel Makronun tək siyasi lider kimi səriştəsizliyini deyil, qeyri-insani keyfiyyətlərini də qabartdı. Onunla eyni düşüncədə olanları öz cəbhəsində toplayaraq Azərbaycana qarşı yeni həmlələr hazırlamağa başladı. Belə bir ifadə var: "Öz eyibinə kor olmamaq". Yəni "öz gözündə tiri görməyib başqasının gözündə tük axtarmaq" anlamına gəlir. Fransa lideri də ölkəsinin qanlı keçmişinə görə utanmaq, xalqlara etdikləri zülmə görə üzr istəmək əvəzinə sələflərinin yolunu davam etdirir, özü də tarixdən dərs çıxarmayan pis öyrənci kimi. Cənubi Qafqaza çökmək istəyən Fransa almanların bir vaxt uğursuzluğa düçar olan "ildırım sürətli" hücum taktikasını seçməklə müxtəlif gedişlər edir. Ermənistanı silahlandırır, müstəqil qərar verməkdən çəkindirir, revanşistlərin qoltuğunun altına qarpız qoyur. Konserv qutularından fərqlənməyən köhnəlmiş silahlarını bu ölkəyə sırımaqla Ermənistanın silahlı qüvvələrini gücləndirməyə çalışır, beynəlxalq qurumlarda anti-Azərbaycan kampaniyasını genişləndirir. Bütün bunlar Nikol Paşinyan və onun komandasının "müharibə iştahı"nı artırır. Elə bu səbəbdən, Nikol gah nala, gah da mıxa vurur. "Əgər sülh prosesi gözlənildiyindən daha çox uzanarsa", "hücum etməmək barədə pakt"ın imzalanmasına ehtiyac olduğunu deyir, ya da "Azərbaycana qarşılıqlı olaraq, silahlara nəzarət edilməsi barədə də təklif göndərmişik" kimi absurd fikirlər səsləndirir. Bu fikirlərin ideya qaynağının Fransa olduğu bəllidir. Maraqlı burasıdır ki, Ermənistan Qərbin diktəsilə oturub-durduqca özünün tarixi havadarı Rusiyanın bölgədə mövqeyini zəiflətmiş olur. Qərbin istədiyi də elə budur. Bu gün ABŞ-ın, Almaniyanın, Avropa İttifaqının anti-Azərbaycan siyasətinin əsasında da bu dayanır: Cənubi Qafqazda möhkəmlənmək. Yəni ayının min oyunu bir armudun başındadır.

İndi bu sətirləri yazarkən dahi Üzeyirin "O olmasın, bu olsun" operettası yadıma düşür. Hasar dalında qalıb zarıyan Məşədi İbadın halına acıyaraq deyilən: "Qızın iki adaxlısı var" sözləri indi Ermənistana daha çox yaraşır. Fərq ondadır ki, hayların "adaxlı"ları çoxdur. Hər ağızdan da bir avaz gəlir. Reallıq isə tam başqadır, bir əldə iki demirəm, hələ üç, dörd qarpız tutmaq mümkün deyil. O üzdən Ermənistan Azərbaycanın sülh təklifi ətrafında qurduğu tamaşanın ssenarisini dəyişməlidir.

Zümrüd QURBANQIZI,

"Respublika".