Erməni cinayətləri: vəhşiliyin dəhşətli mənzərəsi
Siyasət

Erməni cinayətləri: vəhşiliyin dəhşətli mənzərəsi

Ekoloji cinayət. Bu, bəşəriyyəti hər zaman narahat edib. Ermənilərin isə belə xarakterli cinayətləri bu gün də davam edir. 2010-cu il aprelin 7-də Parisdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) ətraf mühit, kənd təsərrüfatı və regional məsələlər komitəsinin yaz sessiyasında Avropanın bu günü və gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən bir sıra məsələlər, o cümlədən ermənilərin ekoloji cinayətləri də müzakirə edilib. Müzakirələrdə AŞPA-dakı Azərbaycan nümayəndə heyəti Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi nəticəsində meşələrə də ciddi ziyan vurulduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycanın vaxtilə Ermənistanın nəzarətində olan keçmiş Dağlıq Qarabağ bölgəsinin və ona bitişik daha 7 rayonunu ərazilərinin böyük hissəsi meşələrdən ibarət idi. Bu meşələrin çoxu artıq tamamilə məhv edilib. Həmin meşələrdəki bir sıra ağaclar "Qırmızı Kitab"a düşmüş kökü kəsilməkdə olan nadir növlər idi. Lakin işğalçılar fərq qoymadan bu meşələri doğramış, mebel sənayesi üçün xammal kimi istifadə etmişdir. Qubadlı və Laçın rayonlarında qırmızı palıdın, Kəlbəcərdəki "Ayı fındığı meşələri"nin yerində indi boş ərazi qalıb. Bir sözlə, ermənilər Azərbaycan təbiətinə qarşı əsl soyqırımı - ekosid siyasətini həyata keçiriblər. Meşələr qırılıb, onların yerində nüvə tullantıları, zəhərli maddələr basdırılıb.

Azərbaycan əsilli dünya şöhrətli fotoqraf Reza Deqati 2021-ci ildə işğaldan azad edilən Kəlbəcər rayonunda olarkən ermənilər tərəfindən kəsilən ağacların fotogörüntülərini diqqətə çatdıraraq deyib: "Qarabağ ekosidi. Ekosid ekosistemləri zədələyərək və ya məhv edərək, ətraf mühitin ədalətli prinsiplərini pozan cinayət məsuliyyəti daşıyan insan fəaliyyətidir. 2020-ci ildə məğlubiyyətdən sonra erməni işğalçıları Kəlbəcər bölgəsində olan minlərlə ağacı kəsərək Ermənistana apardılar".

Ermənilər bu ərazilərdə uzun illər at oynatdılar, havanı, suyu, torpağı zəhərlədilər, çaylarımızı qurutdular, bütün infrastruktura ciddi ziyan vurdular. Bütün bunlar hər birimizin qəlbini göynətdi, nigarançılığımızı, düşmənə nifrətimizi artırdı. Vandal ermənilərin törətdiyi cinayətlər arasında elə əməllər var ki, onu yazmaq, dilə gətirmək belə çətindir. Düşmənin heysiyyatımıza, mənəviyyatımıza vurduğu zərbə daha ağır, daha dözülməzdir. Məscidlərimizdə donuz saxlayan ermənilər qəbiristanlıqları belə goreşən kimi dağıdıblar.

2022-ci ildə düşmənin bu vandal hərəkətinə münasibət bildirən Xarici İşlər Nazirliyinin məlumatında deyilirdi: "Son günlər sosial şəbəkələrdə radikal ermənilər tərəfindən Azərbaycan qəbiristanlıqlarının dağıdılması videoları yayılıb. Təhqiramiz ifadələrlə azərbaycanlıların qəbirlərinə qarşı vandallıq aktlarının törədildiyi, qəbir daşlarının yük maşını ilə dağıdıldığını nümayiş etdirən bu görüntü Ermənistan tərəfindən uzun illər ərzində həyata keçirilən Azərbaycan irsinin məhv edilməsi siyasətinin növbəti bariz nümunəsidir".

Bəli, Ermənistan dövləti Azərbaycanda tarixi, mədəni, dini irsi məqsədyönlü şəkildə məhv etməklə xalqımızın izlərini tamamilə silməyə çalışıb. Qəbiristanlıqları dağıtmaqda ən böyük məqsəd elə bu olub. Ermənistan tərəfindən 30 illik işğal dövründə UNESCO missiyasının bölgəyə səfərinin qarşısı alınıb. Azərbaycan ərazilərini azad etdikdən sonra missiyanı bölgəyə dəvət etsə də, yenidən Ermənistanın destruktiv mövqeyinə görə UNESCO-nun səfərinin hələ də baş tutmaması dərin təəssüf doğurur. Yayılan görüntülər isə Ermənistanın beynəlxalq missiyanın bölgəyə səfərində maraqlı olmadığını aydın şəkildə göstərir. Azərbaycana səfərlərinin birində işğaldan azad olunmuş ərazilərdə ermənilərin törətdikləri vəhşilikləri öz gözləri ilə görən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bölgəyə heç bir beynəlxalq missiyanın göndərilmədiyinə münasibət bildirərək deyib ki, əgər gəlsəydi, Qərb burada törətdiyi qeyri-insani hərəkətlərin canlı şahidi olardı.

Onu da qeyd edək ki, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva isə ermənilərin azərbaycanlıların qəbirlərini dağıtması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib. Müraciətdə deyilir: "Sosial şəbəkələrdə Ermənistan hərbi-siyasi rəhbərliyinin uzun illər ərzində azərbaycanlılara qarşı formalaşdırdığı etnik nifrət siyasətinin nəticələrini özündə əks etdirən növbəti video yayılıb. Həmin videodan ermənilər tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Xankəndi şəhərində dəfn olunmuş azərbaycanlılara məxsus qəbirüstü abidələrin vandalcasına dağıdıldığı, həmçinin bu əməllərin qəsdən və nifrət zəminində həyata keçirildiyi məlum olur". Müvəkkil Ermənistanın işğalı dövründə Füzuli, Zəngilan, Ağdam rayonlarında dağıdılaraq təhqir edilmiş qəbiristanlıqlarla bağlı Azərbaycanın Ombudsmanı tərəfindən həyata keçirilmiş faktaraşdırıcı missiyanın nəticəsi olaraq hesabat hazırlandığını və dünya ictimaiyyətinin diqqətinə çatdırıldığını da xatırladıb. Həmçinin məzar daşlarının kütləvi şəkildə dağıdılması, qəbirlərdə kəllə sümüklərinin çıxarılması və qızıl dişlərin götürülməsi kimi faktlar da qeyd olunub.

Təəssüf ki, 30 ilə yaxın müddət ərzində beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq bu kimi çoxsaylı müharibə cinayətləri törətmiş haylara qarşı hər hansı hüquqi məsuliyyət tədbirləri görülməyib və insanlığa sığmayan, nifrət dolu cinayətkar əməllərin davamlı olmasına şərait yaradılıb. İndi işğaldan azad olunmuş ərazilərdə aşkar edilən kütləvi məzarlıqlar da düşmənin nə qədər qəddar olduğunun göstəricisidir. Bura sözün bitdiyi yerdir. İnsanların dini mənsubiyyətlərinə görə ağır işgəncələrlə öldürülüb, yaxud elə diri-diri kütləvi şəkildə basdırılmasının, qəbirlərin təhqir olunmasının tək bir adı var: ermənilik...

Zümrüd QURBANQIZI,

"Respublika".