“Uşaqlar gələcəyə bir körpüdür”
Region

“Uşaqlar gələcəyə bir körpüdür”

Cəbrayıl rayon İcra hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Cəbrayıl rayon nümayəndəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” layihəsi əsasında Cəbrayıl qəsəbələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə “Uşaqlar gələcəyə bir körpüdür” adlı tədbir keçirildi.    Çərəkən kənd klubunda Heydər Əliyevin fəaliyyətini əks etdirən İdeoloji mərkəzdə dəyirmi masa ətrafında davam etdirilən tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Giriş sözü ilə tədbiri açan Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva tədbirin mahiyyətindən, “Heydər Əliyev ili” çərçivəsində ölkəmizdə silsilə tədbirlərin keçirilməsindən bəhs edərək  bu günkü tədbirin də həmin silsilə tədbirlərin bir hissəsi olduğunu bildirdi.Natiq Ümummilli Lider Heydər Əliyevin uşaqlara diqqət və qayğısından, ölkəmizdə uşaq hüquqlarının təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli, bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğuladı. Uşaqların müdafiəsi, sağlamlığı, təhsili, bir sözlə uşaq problemlərinin həllinə yönəlmiş dövlət proqramlarının həyata keçirilməsindən, onların gələcəklə bu gün arasında bir körpü olduğundan söhbət açdı.

Uşaq Səfirlər Məclisinin Cəbrayıl rayon nümayəndəsi Firuzə Məmmədova və digər şagirdlər çıxış edərək bu günkü xoşbəxt günün Heydər Əliyev siyasətinin təntənəsi olduğunu bildirdilər. Onlar Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycanın qorunub saxlanılması və inkişafı naminə gələcəkdə layiqli vətəndaşlar olacaqlarını diqqətə çatdırdılar.

Tofiq HÜSEYN,

“Respublıka”.