Xunta rejimi bardağı daşırdı
Siyasət

Xunta rejimi bardağı daşırdı

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham ƏLİYEV:

Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar.

...Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar.

Regionda dayanıqlı inkişafa, sabitliyə töhfə vermək üçün sülh prosesinin irəliləməli olduğu bir vaxtda xunta rejiminin təhdidlə çıxışlar etməsi, hər keçən gün yeni təxribatların törədilməsi ifrat həddə çatmışdı. Azərbaycana qarşı törədilmiş hər bir təxribatın, xəbis planların, manipulyasiya və spekulyasiların kəsəri getdikcə artmaqda idi. Qlobal güclərin xunta rejimini şirnikləndirməsi Xankəndi və onun ətrafında gərginliyi daha da artırmışdı.

Səngərlərin qazılması, fortifikasiya qurğularının qurulmasına cəhd göstərilirdi. Digər tərəfdən, kənd təsərrüfatı işləri adı altında mühəndis-istehkam qurğuları qurulurdu. Separatçıların müharibə çağırışları getdikcə güclənirdi. İstər 30 illik işğal, istərsə də postmüharibə dövründə Azərbaycan tərəfi daim səbir nümayiş etdirmiş, humanizm prinsiplərinə sadiq qalaraq erməni əhalisinin rifahı üçün bütün lazımi tədbirləri həyata keçirmişdi. Lakin bütün bunlara rəğmən, Xankəndidəki xunta rejimi saxta seçkilər keçirir, dövlətimizin reinteqrasiya çağırışlarına məhəl qoymur, Azərbaycan qanunvericiliyinə tabe olmaqdan boyun qaçırır və birgəyaşayışın əldə edilməməsi üçün yerli əhaliyə təzyiq göstərirdilər.

Sadalanan faktlar Azərbaycanın 30 ildir kimlərlə mübarizə apardığını bariz şəkildə nümayiş etdirir. Törədilən əməllərdə dinc əhalimizin və canlı qüvvəmizin zərər çəkməsi, regional destabilliyin yaradılması ilə təhlükəsizliyə ciddi zərər vurulması Azərbaycanın humanizm və beynəxalq hüquq çərçivəsindəki yanaşmasından xeyli uzaqdır. Lakin ötən gün mina terrorunun növbəti dəfə can alması "bardağı daşıran son damla" oldu.

Erməni separatçılarının Qarabağda yerləşdirdiyi minaların partlaması nəticəsində 6 Azərbaycan vətəndaşı həlak oldu. Bunun ardınca, Azərbaycan tərəfi təxirəsalınmaz tədbirlərə başladı. Azərbaycan Müdafiə Nazirliyi Qarabağda lokal xarakterli antiterror tədbirlərin keçirilməsini elan etdi. Nazirlikdən bildirildi ki, əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb. Qeyd etmək lazımdır ki, antiterror tədbirləri Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə reallaşdırılır. Məhz bu çərçivədə, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.

Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr siyahısındadır. 30 illik işğal dövründə ərazilərimizdə 1 milyondan çox mina basdırılmışdır. Əfsuslar olsun ki, mina terrorunun acı həqiqətləri ilə postmüharibə dövründə də üzləşməkdəyik. Xüsusilə, "Böyük Qayıdış" prosesinin reallaşması ilə birlikdə burada məskunlaşan əhalinin təhlükəsizliyinə ciddi təklükə törədən minaların təmizlənməsi üçün ciddi tədbirlər görülür. Müvafiq qurumlar baş verə biləcək xoşagəlməz halların aradan qaldırılması - minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində fasiləsiz olaraq çalışırlar. Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə fəal şəkildə minatəmizləmə əməliyyatları davam etməkdədir. Ərazilərimizdə dağıdılmış, viran edilmiş iri şəhərlərimizin, kəndlərimizin partlayıcı sursatlardan təmizlənməsi işləri sürətlə aparılır. Prezident İlham Əliyevin təsdiqlədiyi "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda Azərbaycanda 2026-cı ilə qədər ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi işlərinin davam etdirilməsi nəzərdə tutulub.

Təkcə işğaldan azad edilmiş ərazilərimizdə deyil, Tərtər, Xaçın, Qarqar və Həkəri çayları vasitəsilə axıdılan təhlükəli minaların, partlayıcı qurğuların cəbhə bölgəsindən uzaq əyalətlərimizdə də aşkarlanması mülki əhali üçün ciddi təhdiddir. Ermənistanın ölkəmizə qarşı törətdiyi mina terroru hərbi qulluqçularımızın və mülki şəxslərin həyatını itirməsinə və ya yaralanmasına səbəb olur, eyni zamanda keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışını ləngidir, bölgədə həyata keçirilən bərpa və yenidənqurma işlərinə maneə yaradır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların basdırılması və minalanmış ərazilərin dəqiq xəritələrinin verilməməsi Ermənistanın beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmətsizliyinin göstəricisidir.

1999-cu il Ottava Konvensiyasının piyadaəleyhinə minaların istifadə edilməsini, istehsalını, yığılmasını və ötürülməsini qadağan edən bəndlərinə Ermənistan tərəfi birmənalı yanaşmadı. Bununla yanaşı, Ermənistan "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 10 oktyabr 1980-ci il "Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında" Konvensiyanın İkinci Protokolunun tələblərini də kobud şəkildə pozur. Ölkəmizin müxtəlif təzyiqlərinin nəticəsi olaraq Ermənistan mina xəritələrini Azərbaycana təqdim etdi. Lakin təqdim edilən mina xəritələrinin dəqiqliyi cəmi 20-25 faiz oldu.

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işləri nəticəsində bu günədək 95 minə yaxın mina və digər partlayıcı qurğular aşkar edilərək zərərsizləşdirilmişdir. Bu, öz növbəsində minlərlə insanın ölümdən xilası deməkdir. Bu günədək Ermənistanın Azərbaycan xalqına qarşı mina müharibəsi nəticəsində 3393 nəfər azərbaycanlı mina hadisəsinin qurbanı olub. Onların 357 nəfəri uşaq, 38 nəfəri qadındır. 2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 19-dək Qarabağ və Şərqi Zəngəzur ərazilərində 314 azərbaycanlı mina partlayışının qurbanı olub. Onlardan 61 nəfəri həlak olub, 253 nəfər xəsarət alıb. Mina qurbanlarının 149 nəfəri mülki şəxs, 165 nəfəri hərbi qulluqçulardır.

Nurlan ABDALOV,

"Respublika".