Mədəniyyət

"XOŞBƏXT YAŞAYIN, XOŞBƏXT XALQIN XOŞBƏXT DƏ ŞAİRİ OLUR"

Hüseyn Arif – 100 (15 iyun 1924-cü il)

Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, Əməkdar incəsənət xadimi Hüseyn Arifin anadan olmasının 100 illik yubileyidir. Təbiət vurğunu və tərənnümçüsü, folklorumuza və sazımıza ruhən bağlı olan şairin şeirləri fitri istedadın poetik nümunələridir.

Hüseyn Arif gözəl təbiət şairi idi. Onun şeirlərində Azərbaycanımızın hər bir guşəsinin gözəllikləri, dağlarımızın əzəməti, yaylaqlarımızın əsrarəngizliyi yüksək poetik dillə ifadə olunur. Böyük şair ölkəmizi qarış-qarış gəzmişdi, hər bir eldə, obada çoxlu dostları, onu qəlbən sevən milyonlarla oxucusu vardı.

Şairi gəncəlilər də çox sevirdilər. Qədim Nizami yurdunda, şeir-sənət ocağında doğmaları, sənət dostları və çoxsaylı oxucuları vardı. Tez-tez Gəncəyə gələr, şeir həvəskarları ilə görüşməkdən həzz alardı.

Onunla görüşlərdən biri də mənim taleyimə yazılıb. 1980-ci il idi, Hüseyn Ariflə görüşmək, şəhərimiz haqqında, yaradıcılığı barədə söhbət apararaq çalışdığım şəhər qəzetinə material hazırlamaq tapşırığı almışdım. Fəaliyyətə yeni başlayan gənc jurnalist üçün bu tapşırıq çox gözlənilməz oldu. Şeirlərini sevə-sevə oxuduğum şairlə üzbəüz oturub qədim şəhərimiz haqqında, onun gəncəlilərin dillər əzbəri olan şeirləri haqqında söhbət etməli və təəssüratları oxucularla bölüşməli idim. Düzü, bu görüş üçün çox narahatlıq keçirirdim. Çaşıb qalmışdım, söhbəti haradan başlayıb, harada qurtaracağımı bilmirdim. Sən demə, bütün bu narahatlıqlar əbəs imiş. H.Arif məni elə qarşıladı, elə səmimi söhbətə başladıq ki, əvvəlki rəsmiyyət, əvvəlcədən ipə-sapa düzdüyüm cümlələr, təmtəraqlı sözlər hamısı unuduldu. Köhnə tanışlar kimi söhbətə başladıq. Bəzən övladı kimi məsləhət verir, bəzən müasiri kimi məsləhətləşir, bəzən də dərdinə şərik adamlar kimi kədərini bölüşürdü.

Sadəlik, səmimiyyət! Budur, onun təbiətinin ən qabarıq cəhəti.

Onun şəhərimizə hər gəlişinin doğurduğu bayram əhvali-ruhiyyəsinin, gəncəlilərlə hər görüşünün əsl bayrama, poeziya təntənəsinə çevrilməsinin bir sirri də təbiətindəki sadəlik və sonsuz səmimiyyət idi.

Söhbət zamanı Gəncəyə çoxsaylı səfərlərindən, gəncəlilərlə hər görüşün onda doğurduğu sonsuz səmimiyyətdən ürəklə danışdı. Dedi ki, ömrümün həmin anları qibtəediləcək dərəcədə doğma və əzizdir. Bir də zarafatla əlavə etdi ki, yüz il yaşasam da, sizin aranızda qocalan deyiləm.

Hüseyn Ariflə görüşümüz qədim şəhərin çox uğurlu ilinə düşmüşdü. Dəfələrlə şəhərimizdə olduğunu deyən şair qədim Gəncənin yüksəliş dövrünün onda böyük qürur hissi yaratdığını xüsusi vurğuladı. Səmimi söhbətimiz oldu:

- Mən bu şəhərdə tez-tez oluram. Həyatımın bir hissəsi bu qədim şeir-sənət ocağı ilə bağlıdır. Gəncəyə məhəbbətim şeirə, sənətə olan məhəbbətimdir, dahi Nizamiyə səcdəmdir. Özü də bu hiss təkcə məndə deyil, hər bir poeziya vurğunun qəlbində var. Çünki Şərq poeziyasının günəşi dahi Nizamini dünyaya bu şəhər bəxş edib. Bu şəhərdə "Sirlər xəzinəsi"nin "sahibləri" yaşayıb. Qədim Şərq təfəkkürünün, orta əsrlər fəlsəfi dünyagörüşünün iki əsas, lakin bir-birinə zidd qəhrəmanları Xeyir və Şər, onların mübarizəsi və xeyirin şər üzərində qələbəsini Nizami istəyib və milli mənəviyyatımızın təntənəsi kimi dünyaya car çəkib. Dünyanın "Yeddi gözəl"inin hökmdarı gəncəli olub. Dünya durduqca var olacaq ilk məhəbbət dastanı "Leyli və Məcnun" burada "bəstələnib".

Ağıl, ləyaqət və iqbal kitabı "Şərəfnamə" və "İqbalnamə" burada yazılıb. Əbül Üla, Məhsəti rübabını ellərə bu şəhər yayıb. Sağ olsun onun bugünkü övladları, ürəkdən sevirlər öz şəhərlərini və bu sevgini ürəklə də aşılayırlar qonaqlarına.

Böyük şair onu da xüsusi vurğuladı ki, şəhəri sevdikləri kimi, onun yüksəlişi üçün də ürəklə çalışırlar. Son illər burada həyata keçirilən işlər, qədim şəhərin qədim şöhrətinə ehtiramın ifadəsidir. Elə təkcə Xatirə parkı sözlə ifadə edilən deyil. Şairin fəhmi, o vaxt xəyal kimi dediyi sözlər reallığa çevrildi. Ulu öndərin təşəbbüsü ilə salınan Xatirə parkı bu gün təşəbbüskarının adını daşıyır və Heydər Əliyev Park Kompleksi dünyanın 5 ən böyük və ən gözəl parklarından biridir.

Gəncə ilə tanışlığın onda doğurduğu təəssüratı ürəkdolusu ilə ifadə etdi: "Şəhərin bərpası və yenidənqurulması zamanı qədimiliklə müasirliyin gözəl vəhdətini yaratmısınız. Müasir üslubda tikilmiş binaların bərpası qədim tikililərlə üzvü şəkildə biri-birini tamamlayır. Qədim memarlıq nümunəsi olan qapılar xüsusilə diqqəti cəlb edir. Sanki keçmişi xatırladan bu qapılardan keçib müasir inkişaf dövrünə daxil olursan. Çox istedadlı, doğma şəhərini qəlbən sevən memar düşüncəsinin məhsuludur. Hər bir şəhərin öz memarlıq "libası" olur. Gəncəlilər bu qədim libası qorumaqla onun hüsnünün daha da gözəlləşməsi üçün yaddaqalan işlər görüblər.

O vaxt şəhərdəki qədim memarlıq nümunələrinə yeni münasibət şairin xüsusi marağına səbəb oldu. Dedi ki, məscid kimi istifadə olunmuş, baxımsızlıq və laqeydlik üzündən uçulub-dağılan tarixi binaları yeni məzmun və görkəmdə bərpa edərək istifadəyə vermək əsl vətənpərvərlikdir. Həm də çox təqdirəlayiqdir ki, bərpa edilən abidələr tarixi eksponat kimi nümayiş etdirilmir, xeyirxah niyyətlər üçün istifadə olunur. "Zərrabi" tarixi-memarlıq kompleksi bərpa və təmir edildikdən sonra orada fəaliyyət göstərən Nizami Poeziya Teatrının əvəzi varmı? Bu, dahi şairin ölməz sənətinə ümumxalq məhəbbətinin gözəl ifadəsidir. Burada keçirdiyim görüşlər zamanı öyrəndim ki, abidədə yaradılan teatrda artıq ilk tamaşa da göstərilib. Tarix də böyük şairin o vaxt dediyi sözlərin uzaqgörənliyini sübut etdi. Sonralar burada göstərilən tamaşalara dünyanın müxtəlif ölkələrindən gəlmiş qonaqlar, sənət adamları, şair və yazıçılar baxdılar və əvəzsiz sənət ocağı, nümunə kimi yüksək qiymət verdilər.

Söhbət zamanı son yaradıcılıq uğurlarından da danışdı. "Dilqəmi" poeması üzərində işlədiyini dedi və fəslin giriş hissəsindən bir bənd də söylədi:

İki il susan sazım,

Dillən, "Dilqəm" eşqinə,

Qəm dastanı üzündən,

Düşmüşəm qəm eşqinə...

Söhbətimizin sonunda ürək sözlərini soruşdum. Həmişə xoşbəxt yaşayın, xoşbəxt xalqın xoşbəxt də şairi olur", - dedi.

Bu gün Hüseyn Arifin anadan olmasının yüzüncü ildönümüdür. Gəncə xatirələrini də böyük şairin yubileyinə töhfə kimi hazırladıq.

Vaqif TANRIVERDİYEV,

"Respublika".